“Rusiya bu imkanı ABŞ-a güzəştə getməyəcək”

ABŞ Ermənistan hökumətini kredit, investisiya və pulla ələ almağa çalışır. ABŞ-ın Ermənistanla bağlı istəkləri var və bunu ifadə edirlər. Amma reallıq tam fərqlidir. Reallıq odur ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verib. İqtidara yeni siyasətçilər gəlib. Təbii ki, bu fonda ABŞ Ermənistanı Rusiyanın maraq dairəsindən çıxararaq özünə cəlb etmək istəyir. Bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Bricit Brinkin İrəvan səfərini şərh edən politoloq Fikrət Sadıqov bildirib.

ABŞ Ermənistan hökumətini kredit, investisiya və pulla ələ almağa çalışır.

ABŞ-ın Ermənistanla bağlı istəkləri var və bunu ifadə edirlər. Amma reallıq tam fərqlidir. Reallıq odur ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verib. İqtidara yeni siyasətçilər gəlib. Təbii ki, bu fonda ABŞ Ermənistanı Rusiyanın maraq dairəsindən çıxararaq özünə cəlb etmək istəyir.

Bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Bricit Brinkin İrəvan səfərini şərh edən politoloq Fikrət Sadıqov bildirib.

Sadıqov deyib ki, ABŞ rəsmisi İrəvanda ölkəsinin Ermənistana investisiya cəlb edəcəyini bəyan edib:

"Ancaq aydındır ki, investisiyalar müəyyən şərtlərlə verilir. Üstəlik şərtlər də sərt olur. Rəsmi İrəvanın bu şərtlərə nə dərəcədə əməl edə biləcəyini dəqiq deyə bilmərəm.

İkincisi, Ermənistanın bütün iqtisadiyyatı, maliyyə bazarı Rusiyaya bağlıdır. Məsələn, ölkənin nəqliyyat infrastrukturu, digər xidmət sektorları, habelə hərbi-texniki əməkdaşlıq Rusiya ilə qurulub. ABŞ isə okeanın o tayındadır. Çox güman ki, ABŞ Ermənistana yardım edəcək, investisiyalar, kreditlər verəcək. Ancaq mən Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan çıxa biləcəyinə şübhə ilə yanaşıram. Onlar Rusiyaya sıx bağlıdır. Ermənistan sadəcə olaraq, Rusiyanın forpostu kimi qalmağa məhkumdur. İrəvanın başqa çıxış yolu da yoxdur. Çünki bir tərəfdə böyük sərhədləri olan dövlətlə - Türkiyə ilə münasibətləri pisdir, sərhədlər qapalıdır, digər tərəfdən, Azərbaycanla münaqişədədir. Ermənistanı okeanın o tayından idarə etmək də çətin məsələdir. Mümkündür ki, Ermənistana maliyyə köməkliyi göstəriləcək, amma bu o demək deyil ki, sabah İrəvan tam Qərb kursu götürəcək. İndiki reallıqda bu mümkün görünmür".

Politoloq deyir ki, ABŞ əslində Ermənistanı investisiya, pul, kreditlər hesabına dilə tutaraq özünə tərəf çəkmək istəyir:

"Çalışırlar ki, erməniləri pulla öz tərəflərinə çəksinlər. Nəzərə alırlar ki, ABŞ-da güclü və zəngin erməni diasporu var. Bu maliyyə dəstəyini onların vasitəsilə həyata keçirmək mümkündür. İndiyə qədər də zəngin ermənilər ölkələrinə dəstək verirdilər. Lakin bu prosesin sonda Ermənistanın tam olaraq Rusiyadan üz döndərəcəyi və ABŞ-ın müttəfiqinə çevriləcəyinə inam yoxdur. Bir daha qeyd edirəm ki, Ermənistanın iqtisadi, maliyyə, sənaye, nəqliyyat, hərbi-texniki istiqamətləri birbaşa Rusiyaya bağlıdır".

Fikrət Sadıqov əlavə edib ki, əslində Rusiya ABŞ və Qərbin Ermənistana maliyyə yardımı etməsinə qarşı çıxmayacaq:

"Belə yardımlar Rusiyanın da işinə yarayır. Rusiya özü elə vəziyyətdədir ki, Ermənistana ciddi şəkildə kömək edə bilmir. Ancaq Rusiya Ermənistandan üz döndərməyəcək. Rusiya anlayır ki, Cənubi Qafqazda Ermənistandan forpost kimi istifadə etmək faydalıdır. Rusiya bu imkanı heç vaxt itirməyəcək və ABŞ-a güzəştə getməyəcək".

Xatırladaq ki, bazar ertəsi günü Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla görüşü zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Bricit Brink bildirib ki, Birləşmiş Ştatlar Ermənistana böyük həcmdə Amerika investisiyası cəlb etmək fikrindədir.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31