Qarşılayın, nasistlər gəldilər - Alman seçkiləri Bakı üçün nə deməkdir?
Almaniyanın baş naziri Angela Merkelin başçılıq etdiyim CDU/CSU alyansı ölkə parlamentinə (bundestaq) keçirilən seçkiləri uduzub. Ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, CDU/CSU alyansı səslərin 33 faizini qazanıb. Almaniya Sosial-Demokrat Partiyası (SPD) 20,5 faiz səs yığarapq ikinci yeri tutub. Bu isə alyansın tarixində ən pis göstəricidir. Almaniya sosial-demokratlarının lideri Martin Şults seçkilərdə məğlubiyyətini etiraf edib: "Məğlubiyyətimizin səbəbi ənənəvi seçicilərimizə məramımızı anlada bilməməyimizdir". Ultrasağçı, neonasist "Almaniya üçün Alternativ" (Alternative für Deutschland, AFD) hərəkatı səslərin 12,6 faizini əldə edib.
25 Sentyabr 2017 13:29 DünyaAlmaniyanın baş naziri Angela Merkelin başçılıq etdiyim CDU/CSU alyansı ölkə parlamentinə (bundestaq) keçirilən seçkiləri uduzub.
Ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, CDU/CSU alyansı səslərin 33 faizini qazanıb. Almaniya Sosial-Demokrat Partiyası (SPD) 20,5 faiz səs yığarapq ikinci yeri tutub. Bu isə alyansın tarixində ən pis göstəricidir.
Almaniya sosial-demokratlarının lideri Martin Şults seçkilərdə məğlubiyyətini etiraf edib: "Məğlubiyyətimizin səbəbi ənənəvi seçicilərimizə məramımızı anlada bilməməyimizdir".
Ultrasağçı, neonasist "Almaniya üçün Alternativ" (Alternative für Deutschland, AFD) hərəkatı səslərin 12,6 faizini əldə edib.
Neonasistlərin parlamentdə təmsil olunacağı barədə rəsmi açıqlama verilən kimi yüz minlərlə almaniyalı küçələrə çıxıblar. Onlar Berlinin Aleksandrplats meydanına, AFD tərəfdarlarının qələbəni bayram etdikləri yerə yollanaraq neonasizm tərəfdarlarına daş və butulka yağdırıblar.
Bundestaqa seçkilərdə daha 3 partiya 5 faizlik barajı aşıb.
Onlar Azad Demokratik Partiya (10,7 faiz), "Sollar" (9,2 faiz) və "Yaşıllar" (8,9 faiz) partiyalarıdır.
42 partiyanın qatıldığı seçkilərdə heç bir siyasi təşkilat səslərin 1/3 faizini toplaya bilməyib
Beləliklə, neonasistlər 2-ci Dünya Müharibəsi başa çatandan sonra ilk dəfə Almaniya parlamentində təmsil olunacaqlar. Siyasi "ağır çəkili"ləri bir tərəfə itələyən nasistlər səslərin 12,6 faizini qazanaraq alman siyasətini nokdauna salıblar.
Angela Merkelin başçılıq etdiyi alyans ötən seçkilərlə müqayisədə səslərin 9 faizini itirib.
Sosial demokratlar isə iflasa uğrayıblar.
CDU/CSU alyansı bundestaqda 246, SPD - 153, "Azad Demokratik Partiya" - 80, "Sollar" - 69, "Yaşıllar" isə 67 deputat mandatı alacaqlar.
Alman neonasistlərlə bayram edirlər. Onlar, sadəcə, ikinci cəhddən sonra parlamentə düşə biliblər.
"Faşistlər", "bədbəxt nasistlər" adlandırılan bu irqçilər, neonasistlər Almaniyanın daxili və xarici siyasətinə real təsir rıçaqları əldə ediblər.
Almaniyanın XİN başçısı, sosial-demokrat Ziqmar Qabriel seçkilərin sonuclarını əsl şok, fəlakət sayır.
Onu anlamaq olar. Əslində, Avropa Birliyindəki digər ölkələrdə də ultrasağçılar, millətçilər, irqçilər meynstrim siyasətçilərlə birlikdə parlamentdə təmsil olunublar. Alma nasizmin vətəni Almaniyaja, istənilən millətçi və irqçi ritorikanın çox pis qəbul olunduğu ölkədə hakimiyyət dairələri nasistləri iqtidara buraxmamaq üçün həmişə əlindən gələni edib.
Neonasist AFD yetərincə gənc siyasi partiyadır. 2013-cü ildə yaradılmış bu struktur dərhal məqsədlərini açıqlayıb: avrozonadan çıxış, yoxsul ölkələrə maliyyə yardımlarının dayandırılması, Almaniyanın "müsəlmanlaşması" ilə mübarizə.
2013-cü ilin sentyabrında neonasistlər seçkilərdə cəmi 4,7 faiz səs toplayaraq Bundestaqa düşə bilməmişdilər.
CDU/CSU və SPD neonasistləri ciddi alternativ kimi qəbul etmir, AFD-nin "az sonra sonunun çatacağını" söyləyirdilər.
Fəqət, proqnoz özünü doğrultmadı.
Avropada miqrant böhranı başlandı, AFD də "Çarşab! Yox, bizə bikini daha xoşdur!" təki yaddaqalan şüarları ilə irəli çıxdı, siyasi meydanda yerini tutdu.
Populist və revanşist ideologiyadan məharətlə yararlanan neonasistlərin populyarlığı artırdı. Hətta əvvəllər seçkilərə getməyən almanlar belə AFD-ni dəstəkləməyə başlamışdılar.
Üstəlik, builki seçkilərə az qalmış AFD imicinə dəyişikliklər etdi. Neonasistləri seçkilərə aşkar radikal Aleksandr Qauland və lesbiyan, mühafizəkar Alis Vaydel apardılar.
Məqsəd aydındı. Neonasistlər Qaulandın yaşlı almanlara və millətçilərə, Vaydelin isə gənclərə, iş adamlarına, qadınlara və seksual azlıqlara xoş siyasətçi olacağını düşünürdülər.
AFD rəhbərliyi yanılmadı.
Cəmi 4 il ərzində ultrasağçılar, neonasistlər mümkünsüzü bacardılar, Almaniya Bundestaqında üçüncü yeri tutdular.
Bəs bu, Almaniyanın xarici siyasətinə necə təsir edəcək? Azərbaycan Almaniya ilə bundan sonra münasibətlərini necə qurmalıdır?
Çətin suallar olsa da, cavab sadədir, üzdədir.
AFD seçkilərin nəticələrinə görə, Bundestaqda 3-cü fraksiya formalaşdırmaq hüququna yiyələnsə də, ölkənin xarici siyasətinə təsir edə bilməyəcək, çünki yerdə qalan partiyaların istisnasız olaraq hamısı AFD ilə əməkdaşlıqdan birmənalı olaraq imtina edib.
Buna rəğmən, neonasistlər Almaniyanın aparıcı qeyri-hökumət təşkilatlarında, habelə AŞPA-dakı nümayəndə heyətində yer alıblar.
Boz kampaniya
Məhz belə, çünki seçkilərin paradoksal sonuclarına rəğmən, prosesi alman mediası "boz" adlandırdı. Avropa ölkələri və ya ABŞ-dan fərqli olaraq Almaniyadakı siyasi partiyaların rəhbərləri debatlarda soyuqqanlı davranırlar, əks tərəfin sözünü kəsmirlər, söymürlər, qışqırmırlar.
Belə fonda seçki kampaniyasında əsas rəqiblərin - CDU/CSU alyansının lideri, kansler Angela Merkellə Almaniya sosial-demokratlarının rəhbəri Martin Şultsun diskussiyaları maraqlı idi. Çünki onlar faktiki olaraq yeni mövqedən çıxış edirdilər, eyni sözləri deyirdilər, sadəcə, xırda məsələlərlə bağlı mübahisələr edirdilər.
Formal rəqiblər arasındakı belə "anlaşma" alman seçicilərdə qıcıq yaratmışdı.
Xatırladaq ki, belə qıcıq sindromu ABŞ-da Donald Trampın qələbəsinə, Britaniyada isə "Breksit" barədə qərara səbəb olmuşdu.
Qıcığın açması budur: "Siyasi elitalar bizdən xəbərsiz olaraq çoxdan öz aralarında razılaşıblar, xalqın iradəsi isə kimsəyə gərək deyil".
AFD-nin uğurunu da almanların qıcığı təmin etdi.
Sosdemlərin fəlakəti
Almaniyada seçkilərin əsas sonuclarından biri neonasistlərin uğurudursa, digəri SPD-nin, yəni Almaniya Sosial-Demokrat Partiyasının fəlakəti, məğlubiyyətidir. Ölkənin ən qocaman siyasi təşkilatı son 25 ildə böhrandan çıxa bilmir.
Avropa Parlamentinin sabiq sədri, qalmaqallı və isterik Martin Şultsun partiya siyahısına lider təkin edilməsi ilk əvvəl yaxşı effekt vermişdi.
Almaniya siyasətinin Jirinovskinə çevrilmiş M.Şultsun tərəfdarları artsa da, bu vəziyyət cəmi bir ay çəkdi, sonra hər şey dəyişdi.
Alman sosdemləri seçicilərə faktiki olaraq yeni heç nə təklif edə bilmədilər.
Son illərdə simasını itirən, mühafizəkarlarla ittifaq yaratmağa çalışan Martin Şults siyasi təlxək təsiri bağışlayırdı.
Hakim koalisiyada birgə təmsil olunduqları CDU/CSU-u sərt tənqid etmək istəməyən Martin Şultsun telekanallarda Angela Merkelin ilə "teleduel"ləri parodiya təsiri bağışlayırdı.
Sonucda M.Şults alman sosdemlər üçün ənənəvi dəyərlərə istinad etdi, yəni daha da sola meyləndi. Amma bu da uğurn gətirmədi. Merkel təki o, iqtisadi problemlərdən danışsaydı, bəlkə də CDU/CSU-nun elektrotı uğrunda mübarizə apara bilərdi.
Di gəl, alınmadı və hətta indiyədək SPD-ni dəstəkləyənlər də partiyadan üz döndərdilər.
Əgər ilin əvvəlində SPD 33-34 faizlik səslə Merkelin alyansını qarabaqara izləyirdisə, son aylarda xeyli geriləyib.
Merkel, Merkel, Merkel, yenə də Merkel
2015-ci ildə miqrant böhranı CDU/CSU alyansını az qala parçalamış, kansler Angela Merkelin siyasi perspektivlərini xeyli mücərrəd etmişdi.
Lakin "dəmir kanslerin" problemdən çıxış yolu tapdı. O, Türkiyə ərazisində miqrantlar üçün düşərgələrin yaradılması barədə Rəcəb Tayyib Ərdoğanla anlaşdı, Almaniyadakı seçki kampaniyasında isə miqrant məsələsinin arxa plana keçməsinə nail oldu.
Əslində, almanlar anlayırdılar ki, Angela Merkel 4-cü dəfə kansler olacaq. Çünki Almaniya vətəndaşlarının seçimi "fantastik" idi: ya intellekti ilə fərqlənməyən siyasi fırıldaqçı Martin Şults, ya da Angela Merkel.
Beləliklə, A.Merkel baş nazir postunda 4-cü səlahiyyət müddətini də başa vurandan sonra "rekordsmen kansler" Helmut Kola çatacaq.
Elə Merkeli böyük siyasətə Kol gətirmişdi.
Əfsanəvi reyxskansler Otto fon Bismarkdan cəmi 3 il az, 16 il Almaniya hökumətinə başçılıq etmiş H.Kol təki, Merkel də almanlar üçün etibarlı və stabil siyasətçi fiqurudur. Qətiyyət, iradə, məsuliyyət, habelə Avropada tüğyan edən miqrant böhranına rəğmən artan ÜDM və işsizliyin azalan səviyyəsini də nəzərə alsaq, almanların niyə belə seçim etdikləri anlaşılandır.
Bununla belə, AFD-nin uğuru almanların Merkeldən usanmağa başlamalarını göstərir.
Angela Merkel seçkiqabağı kampaniyada özünü az qala "almanlar üçün yeganə seçim" təki göstərdi. O, statistikaya, stabil iqtisadiyyata istinad edirdi və ən başlıcası, işsizlik səviyyəsinin aşağı düşməsindən sürəkli danışırdı.
Amma hər şey olduğu kimi deyil: Almaniyada 2011-ci ildən bəri işsizliyin hesablanma metodologiyası dəyişdirilib. 2011-ci ildə Almaniyada 6,5 milyon işsiz vardısa, 2012-ci ildə onların sayı 3,5 milyon nəfərə düşdü. 3 milyon işsiz kağız üzərində "şərti məşğul", "qismən məşğul", "minimal maaşlı və s". kateqoriyalarına şamil olundu.
Yamayka, əvvəlki variant, yoxsa?...
Almaniya hökumətini hansı koalisiyanın formalaşdıracağı hələ dəqiq bəlli deyil. Uzun-uzadı danışıqlar başlayıb.
Aydın olan budur ki, neonasist AFD koalisiyada yer almayacaq.
Belədə CDU/CSU alyansının liberallar, 10,4 faiz səs toplamış Azad Demokratik İttifaq və 9 faiz səs yığmış "yaşıllar"la koalisiyası ağlabatandır.
CDU/CSU alyansının "Azad Demokratik Partiya" və "yaşıllar"la mümkün koalisiyasını "Yamayka" adlandırırlar. Səbəb CDU-nun bayrağının qara, "azad demokrat"ların bayrağının sarı, "yaşıllar"ın bayrağının isə, təbii ki, yaşıl rəngdə olmasıdır. Üç partiyanın bayraqlarının toplam rəngi Yamaykanın bayrağının təkrarıdır.
SPD inadkarlıqdan əl çəkərsə və koalisiyaya razılaşarsa, rəsmi Bakı Martin Şultsa xüsusi diqqət yetirməlidir. Çünki alman siyasətindəki ənənələrə görə, məhz hakimiyyət koalisiyasındakı "kiçik tərəf"ə XİN başçısı portfeli verilir.
Amma Almaniya "Yaşıllar" Partiyasının həmsədri, kürd Cem Özdəmir xarici işlər naziri təyin olunarsa Azərbaycan problemlərlə üzləşə bilər. Nədən ki, C.Özdəmir aşkar anti-Türkiyə mövqeyi və ermənilərə xüsusi rəğbəti ilə məşhurdur.
Ən məqbul, sərfəli variant liberalların lideri Kristian Lindnerdir.
Ümumiyyətlə isə, Almaniyanın XMİN başçısı postuna 5 nəfər iddialıdır: Aleksandr Qraf Lambsdorf və Mixal Georq Link ("Azad Demokratik Partiya"), Ursula fon der Lyayen və Tomas de Mezyer ("Xristian Demokrakt Birliyi" - "Christlich Demokratische Union Deutschlands, CDU") vəCem Özdəmir ("Yaşıllar").
Aropa Parlamentinin sədr müavini Aleksandr Qraf Lambsdorf və ya ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun sabiq sədri Georq Link radikal mövqeləri il seçilirlər.
Fəqət, Azad Demokratik Partiya maliyyə və ya iqtisadiyyat nazirləri portfellərini əldə etmyə çalışarsa, XİN başçısı postunun yeni sahibini CDU/CSU müəyyənləşdirəcək. Belədə müdafiə naziri Ursula fon der Lyayen və ya DİN başısı Tomas de Mezyer xarici işlər naziri ola bilərlər.
İstənilən halda Almaniya ölkə sakinlərinin "Mutti" (almanca "Die Mittie", yəni "ana") adlandırdıqları Angela Merkelin idarəsində qalır.
Xarici siyasətdəki dəyişikliklərin ilk siqnalları isə gələn həftə duyulacaq...
Milli.az