Bakı və Ankara arasında Bərzani dilemması?

Bakının İraq kürdləri siyasəti haqda rus mediasının iddiaları və reallıq...

Şimali İraqda kürd muxtariyyətinin referendum qərarında israr etməsi bölgədə gərginlik yaradıb. ABŞ müdafiə naziri Ceyms Mattisin ardınca ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əvvəlcə Bağdada, ardınca isə Ərbilə səfər edərək Bərzani ilə görüşüb.

Dünya güclərini və region ölkələrini narahat edən təbii ki, Bərzaninin müstəqillik referendumu qərarında israr etməsidir. Görünən odur ki, bu günə qədər edilən cəhdlər nəticə verməyib, kürd lider hələ də referendumda israr edir.

Maraqlıdır ki, bölgənin bütün ölkələri açıq şəkildə bu referenduma qarşı çıxıb. Xüsusən də İraqın əsas güclü qonşuları - Türkiyə və İran açıq şəkildə Bərzanini referendum qərarından daşındırmağa çalışır. Eyni zamanda ABŞ özü də referenduma qarşı olduğunu bəyan edib. Yəni zahirən İraqa təsiri olan əsas dövlətlər bu referenduma qarşıdır. Yalnız İsrailin kürdləri dəstəklədiyi qeyd olunur. Doğrudur, daha əvvəl israilli nazirlər, hökumət rəsmiləri bu barədə açıqlamalar versələr də, hələlik rəsmi hökumət qərarı yoxdur. Amma yəhudi dövlətinin kürd muxtariyyəti ilə ciddi bağları var, Məsud Bərzaninin atası Mustafa Barzaninin İsraillə bağlarının olması sirr deyil. Bundan başqa, bölgədə kürd dövlətinin yaranması İsrailin manevr imkanlarını gücləndirir, iki əsas rəqibi olan Türkiyə və İrana (o cümlədən Suriya və İraqa da - K.R.) təzyiq rıçaqları əldə edə biləcək. Bu baxımdan, israillilərin kürdlərlə həmrəy olub dəstəkləməsi normaldır.

Türkiyə dövləti son illərdə İraq mərkəzi hökumətinə təzyiq etmək üçün kürdlərə dəstək versə də, referendum qərarına qarşıdır. Çünki kürdlərin dövlətinin yaranması Suriyadakı kürd muxtariyyətinin elanını sürətləndirəcək və heç şübhəsiz ki, Türkiyədəki kürd separatçılarına da qol-qanad verəcək. Bu səbəbdən də Türkiyə kürdlərin müstəqillik referendumunu özü üçün təhlükə sayır.

Ancaq ən maraqlı detal bu prosesdə Azərbaycanın adının hallanmasıdır. Bəli, maraqlı da olsa ilk dəfə bu iddianı ruslar ortaya atıb. Rusiyanın "Regnum" agentliyi 3 gün əvvəl yaydığı analizdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 10-11-də Bakıya səfəri zamanı İraq kürdlərinin referendum məsələsini müzakirə edəcək. Çünki agentliyin iddiasına görə, rəsmi Bakının İraq Kürdüstanının müstəqilliyini dəstəkləməyə meylli olması Türkiyəni narahat edir və Bakı səfəri zamanı danışıqlarda Türkiyə tərəfi Azərbaycan rəhbərliyini bu fikirdən daşındırmaq istəyir.

Sitat: "Gündüzün fikrincə, hər şey Azərbaycanın sıx əlaqə saxladığı İsrailin maraqlarında baş verir. Və təkcə bu deyil. Azərbaycanın haqqin.az informasiya portalının bu yaxınlarda xəbər verdiyinə görə, öz ərazi bütövlüyü uğrunda aşkar çıxış edən Bakı faktiki olaraq İraq Kürdüstanı separatizmini dəstəkləyib və Türkiyə ilə birlikdə İraq mərkəzi hökumətinin başı üzərindən iş görüb".

Agentlik yazır ki, görünür, Əliyev və Ərdoğan cızdıqları ssenarinin dayanıqlığına o qədər əmin idilər ki, bölgənin geopolitik xəritəsinin özləri üçün təhlükəli dəyişikliklərinə yol vermirdilər. Onlara yalnız indi aydın olur ki, indiki mərhələdə, heç olmasa, müstəqil İraq Kürdüstanının meydana çıxması Yaxın Şərqdə durumu daha çox ağırlaşdıracaq, çünki separatçı əhvali-ruhiyyələrin xəmrəsində və bölgənin digər dövlətlərinin sərhədlərinin yenidən cızılmasında yeni maya olacaq. Hələ bunu demirik ki, Azərbaycan üçün Stepanakert mövzusu tamamilə qapanır.

Sitat: "Azərbaycan göstərib ki, Türkiyə ilə birlikdə Böyük Yaxın Şərqin gələcəyini müəyyən etməkdə mühüm rol oynamağa cəhd edib və edir. Bölgədə geopolitik landşaftın dəyişilməsi, həqiqətən, baş verir, lakin bu, Əliyevlə Ərdoğanın gözlədiyi kimidirmi?"

Məqalədə geniş şəkildə ehtimal olunan Türkiyə-Rusiya yaxınlaşması, Azərbaycanın rolu kimi mövzulara toxunulsa da, ən maraqlı və diqqəti çəkən məqam məhz Azərbaycanın İraq kürdlərinin referendumu ilə bağlı mövqeyidir. Doğrudur, son illərdə Azərbaycan Yaxın Şərqdə baş verən proseslərdə aktiv siyasət yürütməyə çalışır. Fələstin məsələsində fəallıq nümayiş etdirir, müharibə bölgələrinə yardım edir, sülh danışıqlarını təşkilini öz üzərinə götürür. Bu, bir tərəfdən böyük müsəlman dünyası ilə əməkdaşlığı genişləndirmək, beynəlxalq təşkilatlarda diplomatik dəstək almaq üçündürsə, digər tərəfdən, ikitərəfli əlaqələrin inkişafı, dövlətlərə təsir imkanlarının artırılması məqsədinə xidmət edir.

Konkret olaraq İraq kürdləri ilə bağlı vəziyyətə gəldikdə, Azərbaycanın həqiqətən də Bərzani və onun rəhbərlik etdiyi kürd administrasiyası ilə əlaqələri olub. Hətta İraq müharibəsi zamanı Azərbaycan şirkətləri Şimali İraqa yanacaq daşıyıb. Bundan başqa, bu ilin yanvarında Davos İqtisadi Forumunda prezident İlham Əliyev İraq kürdlərinin lideri M.Bərzani ilə görüşüb. 
Ancaq istənilən halda, Azərbaycan dövləti hər zaman separatçılarla bağlı ehtiyatlı mövqe sərgiləyir. Bunun ən aşkar nümunəsi Şimali Kipr və Kosovo məsələsi ilə bağlı Bakının tutduğu mövqedir. Azərbaycan hökuməti hətta dünya ölkələrinin böyük hissəsinin tanıdığı Kosovonun müstəqilliyini tanımadı, çünki Serbiya hələ də ərazi iddiasındadır.

Belə olan halda Bakının İraq, İran və nəhayət, Türkiyənin də qarşı olduğu, faktiki olaraq separatizm kimi tanınan kürd referendumunu dəstəkləməsi mümkün deyil. Hətta İsrailin istəkləri olsa belə. Üstəlik, Ankara və Tehranın açıq şəkildə qarşı olduğu bir məsələdə Bakının Ərbili müdafiə etməsi ağlasığan deyil.

Ancaq maraqlıdır ki, bu tezisi məhz "Regnum" agentliyi ortaya atır və gizli neft alveri, İsraillə əlaqələr kimi məsələlərlə "arqumentləşdirməyə" çalışır. Rusiya mediasının Azərbaycan və Türkiyə arasında kürd məsələsində fikir ayrılığı olması haqqında iddiasının arxasında hansı məqsədin dayandığını demək çətindir. Amma bu aralar Rusiyanın İraq mərkəzi hökuməti ilə birbaşa (İransız - K.R.) əlaqələri qurması, münasibətləri yaxşılaşdırmaq meylləri hiss olunur. Yeri gəlmişkən. Ötən gün "İzvestiya" qəzeti Rusiya və İraq arasında 1 milyard dollarlıq silah anlaşması imzalandığını, anlaşmaya əsasən 73 ədəd 3-cü nəsil T-90 tankının bu ilin sonuna qədər İraqa göndəriləcəyini yazıb. İki gün əvvəl isə İraqda əsas söz sahiblərindən olan din adamı Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi Rusiya XİN rəsmi sözçüsü ilə görüşüb danışıqlar aparıb. Rusların İraqla yaxınlaşması fonunda bu cür yazıların meydana çıxması ciddi suallar doğurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31