Donald Tramp ABŞ-ın dünyadakı nüfuzunu bərpa etməyə çalışacaq
Amerika Birləşmiş Ştatlarını idarə etməyə start götürən Donald Trampın atacağı addımlar ölkə ictimaiyyəti, eləcə də dünya ölkələri üçün maraq doğurur. Düzdür, Tramp hələ prezidentliyə namizədliyi dövründə həyata keçirəcəyi daxili və xarici siyasətin cizgilərini elan etmişdi. Lakin məlum məsələdir ki, siyasi proseslərin gedişindən asılı olaraq namizdəlik platformasında əksini tapmış tezislərin dəyişdirilməsi zərurəti yaranır.
25 Yanvar 2017 15:28 Dünya"Əgər Obama siyasətindən imtina fikri irəli sürülübsə, bu, bizim üçün olduqca əhəmiyyətlidir"
Amerika Birləşmiş Ştatlarını idarə etməyə start götürən Donald Trampın atacağı addımlar ölkə ictimaiyyəti, eləcə də dünya ölkələri üçün maraq doğurur. Düzdür, Tramp hələ prezidentliyə namizədliyi dövründə həyata keçirəcəyi daxili və xarici siyasətin cizgilərini elan etmişdi. Lakin məlum məsələdir ki, siyasi proseslərin gedişindən asılı olaraq namizdəlik platformasında əksini tapmış tezislərin dəyişdirilməsi zərurəti yaranır. Artıq D.Tramp Amerikanın yeni prezidentidir və andiçmə mərasimində qarşısına qoyduğu hədəflərin bəzisini dilə gətirib. ABŞ-ın 45-ci prezidenti inaqurasiya mərasimindəki nitqində mənsub olduğu cəmiyyətə və dünyaya yeni mesajlarını çatdırıb. Amerikanın daxilinə xitab edən D.Tramp "hər şey Amerika və amerikalılar üçün" mesajını verib. O, ölkəsini təkrar təsis etmək istəyini diqqətə çatdıraraq, hər kəs tərəfindən buna çox yaxşı cəhdlərin edildiyini, Amerika və dünyanın bu əziyyətin nəticələrini görəcəyini vurğulayıb. ABŞ-ın yeni prezidenti qarşıya əziyyətlərin, çətinliklərin çıxacağını, amma əsas məqsədə nail olunacağını söyləyib. O, təhsil sisteminin pul içində boğulduğunu, ancaq gənclərin və uşaqların təhsildən məhrum edəcək şəkildə təsis edildiyini bildirib. Qeyd edib ki, cinayətkar qruplar, kriminal təşkilatlar bir çox insanın həyatını məhv edib. D.Tramp bütün bu kimi hekayələrin artıq sona çatdığını bəyan edib. Yeni prezident bu günə qədər Amerika sənayesinin çətinliyə salınaraq, beynəlxalq ticarətə yönləndirildiyini, hərbi gücü, ordunu zəiflədəcək hərəkətlərə yol verildiyini, trilyonlarla dolların xaricdə xərcləndiyini xatırladıb. Bildirib ki, bütün bunlar olduğu zamanda Amerikanın potensialı, alt quruluşu təmir edilməsi mümkünsüz bir pozuqluğa doğru irəliləməyə başlayıb, ABŞ digər ölkələri varlandırarkən özündə rifahı tədricən itirib, investorlar ölkə ərazisindən uzaqlaşıb. Beləliklə, milyonlarla amerikalı işçinin yarı yolda qoyulduğunu, orta sinfin rifahının dünyadakı fərqli yerlərə səpələndiyini diqqətə çatdıran D.Tramp bundan sonra ancaq gələcəyə baxılacağını vurğulayıb. D.Tramp ölkə vətəndaşlarına müraciət edərək deyib ki, insanları yarı yolda qoymayacaq, körpülər, hava limanları, tunellər cəmiyyətin xidmətinə təqdim ediləcək. ABŞ-ın 45-ci prezidenti bəyan edib ki, insanları işsizlik maaşından çıxarıb, təkrar işlə təmin edəcək. O, bu istiqamətdə 2 bəsit qaydanı tətbiq edəcəyini söyləyib: hər şey amerikanlar tərəfindən ediləcək və amerikanlar işə götürüləcək. D.Tramp bütün dünyadakı cəmiyyətlərlə dostanyana münasibətlər quracağını da vəd edib. Hər cəmiyyət və ölkənin öz öncəlikləri, prioritetləri daxilində irəliləməyi tərcih etdiyini xatırladan yeni prezident bildirib ki, ABŞ da öz öncəlikləri ilə parlayacaq. D.Tramp çıxışının sonunda radikal islamçı terroristlərə qarşı mübarizə aparacağını, onları Yer üzündən tamamilə siləcəyini vurğulayıb. Sirr deyil ki, indi dünya ölkələrinin liderləri bu çıxışda səslənən fikirlərin yozumuna başlayıb, hətta maraqlarına uyğun gəlməyən tezislərə qarşı əks tədbirlər planı üzərində baş sındırırlar. Sözül əsil mənasında maraqlıdır ki, Donald Trampın səsləndirdiyi fikirlər dünya ölkələrinə, o cümlədən Azərbaycana nə vəd edir? Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirib ki, ABŞ-ın yeni prezidentinin əsas marağı ölkəsini daha da güclü etmək, o cümlədən iqtisadiyyatı inkişaf etdirmək, Amerikada infrastruktur layihələr həyata keçirmək, yeni sərmayələr cəlb etməkdən ibarətdir. Deputatın fikrincə, yeni prezident ABŞ-ın dünyadakı nüfuzunu bərpa etməyə çalışacaq: "Barak Obama administrasiyasının siyasəti nəticəsində ABŞ-ın dünyadakı nüfuzu kifayət qədər aşağı enmişdi. Amerikanın həm müttəfiqləri ilə münasibətlərdə, həm də digər ölkələrlə münasibətlərində gərginlik müşahidə edilirdi. Bununla əlaqədar bir sıra məsələlərin həllindən yayınmaq, dünyanın bir çox yerlərində müəyyən problemlərə gətirib çıxardıb. Ona görə də Donald Tramp milli təhlükəsizlik və ölkə daxilində amerikalıların yeni iş yerləri ilə təmin olunmasını vəd edib. Bu vədlərin nə dərəcədə yerinə yetiriləcəyini, atılan addımların nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Hazırda məğlubiyyətlə razılaşmayan solçu qüvvələr də öz etirazlarını bildirməyə çalışırlar. Bu məğlubiyyət təkcə prezident seçkilərində deyil, Konqresdə və digər seçkilərdə də müşayiət olunur. Həmin məğlub olan qüvvələr öz etirazlarını ifadə edir, emosiyalarını gizlədə bilmirlər. Beləliklə də Amerika cəmiyyətində müəyyən gərginlik hiss olunmaqdadır. Ümid edək ki, yeni administrasiya öz siyasəti ilə ABŞ-da sabitliyi, iqtisadiyyatın daha da inkişafını, ümumilikdə dünyada sabitliyi bərpa etmək istiqamətində zəruri addımlar ata biləcəklər". ABŞ-ın yeni administrasiyanın Azərbaycanla münasibətlərinə, bizim ölkəmizə yönəlik siyasətinə gəlincə, A.Mollazadə prezident seçkilərdə qalib gələn qüvvələrin erməni lobbi dairələri, diasporu qarşısında hansısa öhdəliklərinin olmamasına diqqət çəkib. Bildirib ki, Azərbaycanın maraqları baxımından bu, yaxşı haldır: "Bundan öncəki ABŞ administrasiyasının ən yüksək vəzifəli şəxsləri 907-ci düzəlişin müəllifləri idi. Onların erməni diasporu ilə sıx bağlantıları var idi. Məhz həmin şəxslərin "fəaliyyəti" sayəsində ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirilmişdi. Ümidvaram ki, ABŞ-dakı yeni administrasiya, məsul vəzifələrə təzəlikcə seçilmiş şəxslər Amerikanın milli maraqlarından irəli gələrək, Azərbaycanla da münasibətləri daha müsbət istiqamətdə formalaşdıracaqlar. Onlar Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycanla münasibətlərin ABŞ-ın maraqlarına uyğun olduğunu anlayaraq, bu münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacaqlar". Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Tramp iş yerləri, fabriklər, zavodlar, körpülər açacağını, sərhəddi gücləndirəcəyini və beynəlxalq terrorçulara qarşı amansız mübarizəyə başlayacağını bildirib. Yəni seçkiqabağı vədlərində nə demişdisə, andiçmə mərasimində onları ümumiləşdirilmiş şəkildə təkrarladı: "Demək, Meksika ilə divar və Çinlə qeyri-bərabər ticarət münasibətlərinə yenidən baxılacağı fikirləri gündəmdə ağırlığını qoruyur. Çıxışın əsas leytmotivi belə idi: "Hər şey Amerika və amerikalılar üçün". Millət vəkili Elman Nəsirov bildirib ki, Tramp qeyd eləmişdi ki, ilk növbədə özündən əvvəlki administrasiyanın yeritdiyi səhv siyasət nəticəsində yaranmış problemlərin həllinə nail olmaq istəyəcək. Bu, əsasən xarici siyasət məsələləri ilə bağlıdır. Yaxın Şərqdə yaranmış xaosu aradan qaldırmaq, ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaqdan, demokratiya adı altında bir çox ölkələrdə siyasi hakimiyyətləri devirmək ənənəsindən imtina etmək məsələləri gündəmdə olacaq. E. Nəsirov ABŞ-ın yeni administrasiyasının Azərbaycanla bağlı nə cür siyasət yeridəcəyinin maraqla gözlənildiyini deyib: "Bizim regionla, konkret desək, Azərbaycanla bağlı Donald Tramp administrasiyasının hansı siyasət yeridəcəyi bizlər üçün də maraqlıdır. Tarixən daha çox Respublikaçılar regionda fəal siyasətləri ilə seçilirlər. Barak Obamanın 8 illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionu ABŞ-ın diqqətindən tamamilə kənarda qalmışdı. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində biz rəsmi Vaşinqtonun passiv siyasətinin şahidi olduq. Bu səkkiz il ərzində bir dəfə də olsun Birləşmiş Ştatların paytaxtında, nə də digər şəhərlərində münaqişənin həlli ilə bağlı prezidentlər səviyyəsində görüşün şahidi olmadıq. ABŞ sanki prosesləri kənar müşahidəçi statusunda izləyirdi. Yeni seçilən prezident isə bu cür siyasətdən imtina edəcəyini deyib. Düzdür, o, konkret olaraq Cənubi Qafqazın adını çəkməyib, ümumilikdə əməkdaşlıq siyasətinə üstünlük verəcək və daha fəal siyasət yeridəcək. Bu, nə təzyiqə nə də təhdidə əsaslanacaq. Əgər Obama siyasətindən imtina fikri irəli sürülübsə, bu, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəlki administrasiyanın siyasətindən fərqli siyasət vəd edir. Bu, bizim üçün olduqca əhəmiyyətlidir".
Alim