Türkiyə terror təşkilatlarının təhdidilə ilə üz-üzə qalıb

Artıq bir neçə ildir ki, Türkiyə olduqca ağır bir dövrünü yaşayır. Suriya münaqişəsi meydana gələn andan etibarən qardaş ölkənin pozulan daxili siyasi həyatına silsilə terror aktlarının da əlavə olunması Türkiyəyə bütün parametrlər üzrə öz mənfi təsirini göstərdi.

 "Liviya, Misir və Suriyada hakimiyyətə gəlmək üçün mübarizə aparan terror təşkilatları Türkiyəni düşmən görürlər və ora ayaq açmağa başlayıblar"

Artıq bir neçə ildir ki, Türkiyə olduqca ağır bir dövrünü yaşayır. Suriya münaqişəsi meydana gələn andan etibarən qardaş ölkənin pozulan daxili siyasi həyatına silsilə terror aktlarının da əlavə olunması Türkiyəyə bütün parametrlər üzrə öz mənfi təsirini göstərdi. Daxili və xarici siyasətdən tutmuş iqtisadiyyat və humanitar sahəyə qədər çətinliklər dövrünü yaşayan Ankaranın indiki halda qarşılaşdığı problemi tezliklə dəf edəcəyi də mümkünsüz görünür. Qardaş ölkədə cərəyan edən arzuedilməz proseslər izləyərkən ilk ortaya çıxan sual bu olur ki, Türkiyə hansı səbəbdən tarixinin acı dövrünü yaşamalı olur? Ümumiyyətlə, Ankaranı bu böhrana sürükləyən başlıca səbəblər nələrdir? "Region" Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyir ki, qardaş ölkədə baş verən arzuedilməz olaylar bir sıra faktorlarla bağlıdır. Onun sözlərinə görə, rəsmi Ankaranın atmış olduğu müəyyən addımlar da qardaş ölkənin silsilə terraktlarla üzləşməsinə səbəb olan amillər sırasındadır. Mərkəz sədri onu da diqqətə çatdırıb ki, Türkiyədə yaşananlar təkcə qardaş ölkə cəmiyyəti deyil, eləcə də region ölkələrinə də bu və ya digər dərəcədə təsir göstərir. Onun sözlərinə görə, Türkiyədə baş verən hadisələr Azərbaycana da həm psixoloji, mənəvi, həm də siyasi cəhətdən təsirsiz ötüşmür və buna görə də orada baş verən hadisələri təhlil etməkdə fayda var: "Türkiyədə son vaxtlarda bir neçə silsilə terror aktları törədilib və çox sayda insan tələfatı baş verib. Məlumat üçün qeyd edim ki, Türkiyə üç il öncə "qonşularla sıfır münaqişə" konsepsiyasını ortaya atmışdı. Türkiyə istəyirdi ki, Osmanlı İmperiyasının hakim olduğu ərazilərdə öz nüfuzunu yenidən bərpa etsin və gücləndirsin. "Neo-Osmançılıq" adlanan bu konsepsiyanın məqsədi qardaş ölkəni dünyada bir gücə çevirəcəkdi, Yaxın Şərqdə bir quş belə Türkiyənin icazəsi olmadan uçmayacaqdı.Təəssüflər olsun ki, Yeni Osmançılığın, "qonşularla sıfır münaqişənin" nəticəsi "sıfır" olmadı. Əksinə, Türkiyə sıfır münaqişə siyasəti adı altında bütün qonşularla münasibətləri korladı. Liviyada üsyanı dəstəklədi, ağır nəticələrdən sonra peşmançılıq hissi keçirdi, amma nə fayda. Bu gün Türkiyənin də dəstəklədiyi Liviyada vətəndaş müharibəsi gedir, ikihakiyətlilik var və liviyalılar Qəddafini arzulayırlar. Bu da aparılan siyasətin uğursuz sonu. Misirdə də Hüsnü Mübarəkin getməsilə nəticələnən siyasət sonunda iflasa uğradı. Türkiyə Ərəb dünyasının "ağsaqqalı" sayılan Misirlə münasibətləri korlamaqla Yaxın Şərqdə, ən azından Ərəb dünyasında sözünün qüvvəsini və çəksini itirdi. Bu gün də Misirlə və digər ərəb ölkələri ilə sərin münasibətlər onu terrora açıq buraxıb. Doğrudur, Qəddafi, Hüsnü Mübarək, Bəşər Əsəd diktatordur və biz onları dəstəkləmirik. Amma Türkiyənin səhvi onda oldu ki, onun da müdaxilə etdiyi ölkələrdə vəziyyət daha da gərginləşdi. Nəticədə isə Türkiyə terror təhlükəsilə üz-üzə qaldı. Çünki Liviyada, Misirdə və Suriyada hakimiyyətə gəlmək üçün mübarizə aparan terror təşkilatları Türkiyəni düşmən gördülər və oraya ayaq açmağa başladılar". Razi Nurullayev deyib ki, bu gün Türkiyə nəinki PKK, həm də İŞİD və digər terror təşkilatlarının təhdidilə ilə üz-üzə qalıb: "Təbii ki, Türkiyədə baş verənlər bizim ürəyimizi ağrıdır, amma eyni zamanda baş verən məsələlərin nədən doğduğunu da demək lazımdır. Baş verən növbəti hadisələrə ardıcıllıqla nəzər salaq. Türkiyənin Suriyadakı münaqişəyə birmənalı yanaşması və Əsədin hakimiyyətdən getməsini tələb kimi qoyması növbəti səhvinə yol açdı. Bu gün Bəşər Əsəd yenə də kreslosundadır, amma Türkiyə məqsədlərinə nəinki çatmayıb, əksinə ölkədə təhlükəsizliyin təmin edilməsi problemi yaranıb. Bu gün Türkiyə peşman olsa da, nəticə dəyişməz qalır. İsrail ilə münasibətlərin korlanması, diplomatik əlaqələrin kəsilməsi və ardından iki ölkə arasında düşmənçiliyin artması Türkiyənin xaricdən gələn təhlükə siqnallarını almasında çətinlik yaratdı. İsrail ən böyük və mahir casus şəbəkəsinə malik ölkədir. Artıq İsrail üçün Türkiyə bir düşmən idi və ola bilsin ki, gələn təhlükə siqnallarını da boş buraxmışdı. Bu gün İsrail ilə münasibətlər normal olsa da, köhnə əlaqələrin və şəbəkələrin qurulması, bərpa olunması zaman alacaq və bu müddətdə də Türkiyə terrora həssas ölkə olaraq qalacaq. Digər tərəfdən hələ də iki ölkə arasında münasibətlər tam normal deyil və zənnimcə, bu yanlışdır. Türkiyə və Azərbaycan İsrail dövləti ilə çox normal əməkdaşlıq etməli və dost olmalıdırlar". Mərkəz rəhbəri bildirib ki, Rusiya ilə münasibətlərin korlanması isə Türkiyənin "qonşularla sıfır münaqişə" konsepsiyasını dəfn etdi: "Türkiyə son illərin ən böyük zərbəsini almış oldu. Bu gün, şükür olsun ki, münasibətlər düzəlib və hər iki ölkə bir-birlərinə ehtiyacı olduğunu anlayıblar. Türkiyə Rusiya ilə daima dost olmalı və heç bir təzyiq altında Rusiyaya qarşı hərəkət etməməlidir. Qərbin Rusiya ilə problemi Türkiyəni və Azərbaycanı əlaqədar etməməlidir. Türkiyə bizim qardaş ölkəmizdir, bir millət, iki dövlətik. Onun üçün də bizlər də siyasi partiyalar olaraq, Türkiyənin xarici siyasətinə təsir etməyə çalışmalıyıq. Təbii ki, bu təsirlər Türk xalqının və Türk dövlətlərinin ümumi maraqları üçün olmalıdır".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31