Olimpiadada faciə: narkomafiya tüğyan edir - FOTO
11 Avqust 2016 10:51 DünyaBraziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları qalmaqallarla və insidentlərlə davam edir.
Dünən şəhərin yoxsullar yaşayan "favela"larından birində narkomafiya ilə polislər və hərbçilər arasında atışma olub.
Milli.Az Globo-ya istinadən bildirir ki, Vila du Joao favelasında rutin reyd zamanı narkoticarətlə məşğul olan bandalardan biri küçədən keçən hərbçilərlə polisləri hədəfə alıb.
Atışma başlanıb. Atışmada xüsusi təyinatlı "Forca Nacional" dəstəsinin zabiti Helio Vyera həlak olub, iki polis əməkdaşı yaralanıb.
Hərbçilər Olimpiya obyektlərinin yaxınlığında gözə dəyən narkotacirləri təqib ediblər. Onlar təqib zamanı favelaya giriblər və narkobandanın mühasirəsinə düşüblər.
Hadisə Rio-de-Janeyro hava limanının yaxınlığında baş versə də, qatillər hələ də tapılmayıb.
Braziliyadakı "Forca Nacional" xüsusi təyinatlı dəstəsi fövqəladə hallar üçün yaradılmış hərbi birləşmə olsa da, polis funksiyalarını həyata keçirir.
Olimpiya Oyunlarında təhlükəsizliyin təminatı üçün "Forca Nacional"ın 8 min əməkdaşı işə cəlb olunub.