"Şurtvats" və "axberlər"in davası - İrəvandakı gərginliyin pərdəarxası

Son günlər İrəvanda gərginliyi yaradan, üsyan hadisəsinin iştirakçıları "ASALA" terror təşkilatının üzvləridir. Bunu sadə bir məqamdan bilmək olar. Onların bütün fəaliyyətini təşkilatın kənardakı digər üzvləri daim işıqlandırır. İndi faktiki olaraq İrəvanda iki terror qruplaşmasının hakimiyyət uğrunda davası gedir. Bu toqquşmanın arxasında bir tərəfdən Zori Balayanın şurtvatslar (Qarabağ klanı), digər tərəfdə isə axberlər (Suriya və Livan erməniləri) durur.

Bunu Milli.Az-a açıqlamasında "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov son günlər Ermənistanda davam edən gərginliyi, üsyan cəhdini və hakimiyyət böhranını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, əslində, hər ikisi fərqli terror qruplarının üzvləridir və hər ikisi də vaxtilə bir ittifaqda Qarabağ müharibəsində iştirak ediblər: "İndi onlardan biri hakimiyyətdədir, digəri isə müxalifətdə. Üsyançıların rəhbəri, siyasətə qoşularaq hərəkat yaratmış Jirayr Səfilyan Livan vətəndaşıdır. Vaxtilə, bir neçə il əvvəl I Qarabağ müharibəsi dövründə Livandan Ermənistandana Suriya və Livandan çoxlu silahlılar gəlib və daha sonra orada kök salıblar. İndi isə özünü güc şəklində büruzə verirlər".

O qeyd edib ki, hadisələrin baş verməsində xarici təsirlər də var: "Ermənistandakı mövcud vəziyyət göstərir ki, bu ölkəyə çoxlu xarici dövlətlərin güclü təsiri var. Elə iqtidardan başlasaq, görərik ki, hakimiyyətdəki qruplaşma vaxtilə daim Rusiyanın tam nəzarətində olub və Rusiya ilə bütün müqavilələrə də onlar imza atıblar. Bunu ekspertlər də deyir. Digər qruplaşma isə başqa xarici qüvvələrin təsirindədir. Belə ki, xarici ölkələrdəki diasporun Ermənistana ciddi təsiri var və bu baxımdan onların da arxasında digər xarici dövlətlər var". 

E.Ələsgərovun fikrincə, burada dini faktor məsələsini də qeyd etmək lazımdır: "Məsələn, bu iki qrup fərqli kilsələrə ibadət edirlər. Suriya və Livandan gələnlər Livandakı erməni katalikosununun adamlarıdır. Qarabağ klanı isə Eçmiədzini, katalikos Qaregini dini rəhbər sayır. Bunlar arasında isə fərq çox böyükdür".

Qrupun rəhbəri hesab edir ki, baş verən hadisələrin hər iki tərəfdən Dağlıq Qarabağ məsələsi ilə əlaqəsi və birbaşa təsiri var: "Birincisi, "ASALA" qruplaşması da Qarabağ klanı kimi Azərbaycan torpaqlarının işğal edilməsində, müharibədə iştirak edib və əli qana bulaşıb. İndi onlar bu məsələni qabardaraq ondan danışıqlarda siyasi divindent əldə etmək üçün istifadə etməyə çalışırlar. "ASALA" aprel hadisələri zamanı Azərbaycan ordusunun azad etdiyi əraziləri mütləq qaytarmağı tələb edir. Yəni onlar Qarabağ klanının həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan çətin vəziyyətə düşməsindən istifadə edirlər. Ona görə də bu toqquşmada kimin üstün tərəf olmasının Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də birbaşa təsiri olacaq".

İlkin İzzət
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31