QMİ Həcc ziyarətinə getmək istəyənlərə müraciət edib

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi Həcc ziyarəti üçün öncəlikli hazırlıqlar prosedurlarının daha erkən başlanması üçün yeni işlər görür.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Bu il nazirlik dünyadakı bütün Həcc missiyalarına ötən Həcc ziyarətindən qısa müddət keçdikdən sonra növbəti Həcc ziyarəti üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib. Müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan ayının sonunadək bitirilməsi bildirilir. Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyata alınsınlar", - deyə o bildirib.

Vüsal Cahangiri qeyd edib ki, hər gün yeni müraciətlər qeydə alınır:

"Qeydiyyata erkən başlamağımıza rəğmən, hər gün vətəndaşlarımız Həccə qeydiyyata alınmaq üçün müraciət edirlər. Öncəki təcrübələrimzə görə demək istəyirəm ki, mövsümün sonunda xeyli vətəndaşlar gəlib Həccə getmək üçün müraciət edirlər, həmin ərəfədə artıq kvota tamamlanır və vətəndaş Həccə gedə bilmir. Həcc üçün niyyət etmiş zəvvarları gec qalmadan müraciət etmələrini tövsiyə edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31