Allahşükür Paşazadə Romada Əl-Əzhər şeyxi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyaya səfəri çərçivəsində bu ölkədə səfərdə olan Misirin Əl-Əzhər dini qurumunun böyük imamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib ilə görüşüb.

Olaylar.az xəbər verir ki, görüşdə Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib Azərbaycanın həm məzhəblərarası birlik, həm də dinlərarası ahəng və harmoniya baxımından Müsəlman Ağsaqqallar Şurası, eləcə də bütövlükdə İslam aləmi üçün çox gözəl örnək olduğunu bildirib. Qeyd edib ki, buna görə də Azərbaycan hər zaman Əl-Əzhərin və Müsəlman Ağsaqqallar Şurasının diqqət mərkəzindədir.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu ilin fevralında Bəhreynin paytaxtı Manamada keçirilən İslamdaxili Dialoq Konfransının yekununda qəbul edilmiş "Qiblə Əhlinə Çağırış" sənədi Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kitab şəklində 4 dildə nəşr olunub. O, kitabların bir neçə nüsxəsini Əhməd Əl-Tayyibə təqdim edib.

Əl-Əzhərin böyük imamı nəşrləri məmnuniyyətlə və minnətdarlıqla qəbul edərək deyib ki, Azərbaycan məzhəblərarası birlik məsələsində liderlik edir və bir nümunədir.

Qeyd olunub ki, kitab Azərbaycan, ərəb, ingilis və rus dillərində çap olunmaqla bu sənədin Qafqaz regionunda, Mərkəzi Asiyada, MDB-də və bütövlükdə dünyada yayılması məqsədi daşıyır. Bu iş Qafqaz Müsəlmanları İdarəsi, xüsusilə də şeyxülislam Allahşükür Paşazadə timsalında həyata keçirilir. QMİ-nin sədri bu yaxınlarda ABŞ-da səfərdə olarkən həmin kitabları dini xadimlərə və ictimaiyyət nümayəndələrinə təqdim edib.

Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyibin diqqətinə çatdırıb ki, Azərbaycanın gələn il ev sahibliyi edəcəyi İslam Əməkdaşlığı Təşkilatının Zirvə Görüşü ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi ilə Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı və digər təşkilatların iştirakı ilə müxtəlif ölkələrin dini liderlərinin növbəti konfransı keçirəcək. Konfransda islamdaxili dialoq və islamofobiya ilə mübarizə məsələləri əsas müzakirə mövzusu olacaq.

Bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT Baş katibinin müavini Migel Anxel Moratinos bu konfransa dəvət olunub.

Əl-Əzhər şeyxi öz növbəsində, konfransın birgə təşkil olunması təklifini bir daha təsdiq edib və razılığını bildirib, tədbirdə şəxsən iştirak etmək niyyətində olduğunu qeyd edib. O, Azərbaycana və şəxsən Prezident İlham Əliyevə böyük rəğbət bəslədiyini, ölkəmizə yenidən səfər etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

Əhməd Əl-Tayyib deyib ki, Azərbaycan Prezidentinin bu konfransın keçirilməsinə xeyir-dua verməsi onun üçün çox vacibdir, dünya liderləri arasında dövlətimizin başçısı İlham Əliyevə çox dəyər verir və dərin hörmət bəsləyir.

Görüşdə vurğulanıb ki, qarşıdakı aylarda konfransa hazırlıqla bağlı QMİ və Müsəlman Ağsaqqallar Şurası tərəfindən təşkilati işlərə başlanacaq. Tərəflər, həmçinin iki dini qurum arasında əməkdaşlığın uğurla davam etdirildiyini məmnuniyyətlə vurğulayıb, gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, "Qiblə Əhlinə Çağırış" sənədi tərtib olunarkən multikulturalizm ölkəsi olaraq Azərbaycanın məzhəblərarası, dinlərarası birlik və anlaşma modeli nümunə kimi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31