Qırğızıstandakı Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub
9 Oktyabr 2014 14:36 DiasporaDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov "Qırğızıstan Xalqı Assambleyası" Assosiasiyasının sədri, akademik Bektemir Murzubraimov və Qırğızıstanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Ayciqit Buranovu qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, görüşdə müxtəlif ölkələrdəki Azərbaycan və qırğız diasporunun birgə fəaliyyəti, Dövlət Komitəsinin təcrübəsinin öyrənilməsi, Qırğızıstandakı Azərbaycan diasporunun problemləri müzakirə olunub. Nazim İbrahimov Azərbaycan diaspor quruculuğu, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, fəaliyyəti və bu müddət ərzində əldə olunmuş uğurlar haqqında məlumat verib. Bildirib ki, diaspor və lobbiçilik Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdi və dövlətin bu sahəyə dəstəyi sayəsində dünya ölkələrindəki azərbaycanlıların təşkilatlanmasına, digər xalqların diasporu ilə sıx əlaqələrin qurulmasına və müxtəlif uğurlara imza atılıb. Nazim İbrahimov eyni zamanda türkdilli ölkələrin diaspor təşkilatlarının birgə fəaliyyət proqramı çərçivəsində Azərbaycan və qırğız diasporunun daha sıx əməkdaşlıq etməsinin vacibliyindən də danışıb, bu istiqamətdə Azərbaycan diasporunun hər bir yardıma hazır olduğunu qeyd edib. "Qırğızıstan Xalqı Assambleyası" Assosiasiyasının sədri Bektemir Murzubraimov isə öz növbəsində 2011-ci ildən rəhbərlik etdiyi təşkilat haqqında məlumat verərək bildirib ki, Assosiasiya Qırğızıstanda mövcud olan 130-dan artıq azsaylı xalqın cəmiyyətlərini, o cümlədən "Azəri" Azərbaycan təşkilatını birləşdirir. Bektemir Murzubraimov dünyanın müxtəlif ölkələrinə səpələnmiş qırğızlarla işləyəcək dövlət qurumunun yaradılması planları ilə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təcrübəsini öyrənmək və tətbiq etmək niyyətində olduqlarını deyib. Görüşdə Qırğızıstandakı Azərbaycan diasporunun fəaliyyəti də müzakirə olunub.