Litvada Azərbaycana qarşı tətbiq olunan ikili standartlar diasporumuzu ciddi narahat edir
3 Oktyabr 2014 15:03 DiasporaLitva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev bildirib ki, avqustun 11-də Litvanın nüfuzlu media vasitələrindən biri olan www.balsas.lt xəbərlər portalında "Qarabağda yenidən güclənən atəşlərin arxasında Moskvanın maraq savaşı görünür..." başlığı altında Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin politoloji təhlil yönümlü müsahibəsi yerləşdirilmişdir. Litvaca işıq üzü görmüş müsahibə "Litva - Azərbaycan" Assosiasiyası İdarə Heyətinin üzvü, tanınmış Litva publisisti, siyasi şərhçi və Litva televiziyasında müəllif proqramının aparıcısı Tomas Çivas tərəfindən götürülmüşdür: "Müsahibədə Ermənistan dövlətinin işğalçı siyasətinə aid, eləcə də Ermənistan - Azərbaycan münasibətləri və Qarabağ münaqişəsinə dair bir sıra açıqlamalar və geosiyasi amillərlə yanaşı, sözügedən kontekstdə Litva Seymində vaxtaşırı atılan qeyri konstruktiv addımlar və bəzi Litva rəsmilərinin açıqca ermənipərəst mövqe tutmaları ilə bağlı məsələlər də qaldırılmışdır. Deyilənlərə əyani misal olaraq Litva Respublikası Seyminin 10 may 2012-ci il tarixli iclasının gündəminə salınmış "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barədə" Rezolyusiya layihəsinin millət vəkilləri tərəfindən rədd edilməsi, 2013-cü ilin mart ayında Seymdə "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılması, 2013-cü ilin avqust ayında ermənipərəst Litva diplomatlarının Qarabağ münaqişəsi ilə bağlı internetdə yayılan gizli telefon danışıqları və sairə bu kimi faktlar həmin publikasiyada bir daha Litva siyasi dairələrinin və geniş ictimaiyyətin diqqətinə çatdırılmış, belə yönümlü fəaliyyətin qeyri-konstruktiv səciyyəsi və siyasi zərəri açıqlanmışdır (Litva Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun sədri, Litva millət vəkili Dalya Kuoditenin "Dağlıq Qarabağ Respublikası"na etdiyi qanunsuz səfər publikasiyada xatırlanmır. Belə ki, səfər 2014-cü ilin sentyabr ayında baş tutduğu üçün bu fakt müsahibəyə düşməmişdir. - M.H.). Xüsusi olaraq qeyd etmek lazımdır ki, Dağlıq Qarabağ probleminin həllində bəzi rəsmi Litva qüvvələri tərəfindən Azərbaycana qarşı ikili standartlar nümayiş etdirilməsi məsələsi sözügedən müsahibədə ilk dəfə olaraq açıq şəkildə Litvada ictimai-siyasi gündəmə gətirilmiş və faktlarla əsaslandırılmış formada ölkənin ictimai diskursunda müzakirəyə çıxarılmışdır. Belə ki, həmin müsahibədə birmənalı şəkildə işarə olunmuşdur ki, Litva dövləti Avropa Birliyinin və NATO hərbi alyansının üzvü olaraq Qərb ölkələri tərəfindən Ukrayna olayları ilə bağlı hazırda Rusiyaya qarşı tətbiq edilən siyasi və iqtisadi sanksiyalara fəal surətdə dəstək verməsinə baxmayaraq Ermənistanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrini gücləndirməkdə davam edir. Hərçənd ki, NATO hərbi bloku xeyli müddətdir ki, Rusiyanı işğalçı əməllərinə görə qeyri-dost dövlət kimi dəyərləndirir və onunla hərbi əməkdaşlıq sahəsindəki münasibətlərdə əsaslı dəyişikliklər edir. Ermənistan isə qeyri-müstəqil bir ölkə kimi uzun illərdir ki, təcavüzkar Rusiyanın əlaltısı və geosiyasi müttəfiqi olaraq hərəkət edir. Belə olan vəziyyətdə Litvanın Ermənistana hərbi sahədə əməli dəstək verməsi ən azından təəccüb doğurur və təzadlı hisslər oyadır. Bu fikirlər və ümumiləşdirmələr sözügedən müsahibədə konkret formada ehtiva olunmuşdur. Litva tərəfindən sözügedən istiqamətdə ikili standartlar tətbiq edilməsi məsələsinin təfsilatları ilə daha yaxından tanış olmaq üçün qeyd etmək vacibdir ki, Litvanın Ermənistanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələri bu dövlətlər arasında 24 iyun 2002-ci ildə imzalanmış saziş əsasında həyata keçirilir. Bu sazişin imzalanmasından sonra ötən müddət ərzində Litvanın milli təhlükəsizlik durumu və geosiyasi vəziyyəti tamamilə başqa qlobal müstəviyə keçmişdir. Belə ki, Litva 29 mart 2004-cü ildə NATO alyansına, 1 may 2004-cü ildə isə Avropa Birliyinə üzv olaraq qəbul olundu. Buna baxmayaraq 24 iyun 2012-ci ildə Litva Respublikasının müdafiə naziri Rasa Yuknyaviçenenin Yerevana rəsmi səfəri zamanı Litva ilə Ermənistan müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq haqqında yenilənmiş saziş imzalanmışdır. 8 sentyabr 2004-cü ildə Ermənistanla Litva arasında erməni hərbçilərinin Litva Hərbi Akademiyasında təhsil alması barədə Vilnüsdə ikitərəfli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Ermənistan hərbçiləri Litva tərəfindən ayrılmış vəsait hesabına 2004-cü ilin sentyabr ayından başlayaraq Litvanın ali hərbi məktəblərində təhsil alırlar. Bununla yanaşı erməni hərbi həkimləri 2008-ci ildən etibarən Litvanın ali hərbi tibb kurslarında oxuyurlar, erməni müdavimləri isə 2010-cu ildən bəri Litva ordusunun hərbi məktəblərində təlimatçı kurslarında təlim keçirlər. Bütün bu təhsil və təlim kursları Litva dövlətinin büdcəsi hesabına yerinə yetirilir. Ölkələrin ikitərəfli hərbi əməkdaşlıq sazişi tərəflərin hər il razılaşdırıb imzaladıqları konkret plan üzrə həyata keçirilir. Göstərilən sazişlərə əsasən Litva Ermənistan sülhməramlı batalyonlarının yaradılması işində, Ermənistanda serjant və zabit kadrları hazırlayan təhsil sisteminin yenidən qurulması sahəsində məsləhətçi qismində çıxış edir. Litva özünün hərbi müdafiə konsepsiyasının formalaşdırılması sahəsində əldə etdiyi təcrübəni Ermənistanla bölüşür və Ermənistan hərbçilərini birgə hərbi təlimlərdə iştirak etmək üçün Litvaya dəvət edir. Litva və Ermənistan kibernetik təhlükəsizlik, internet hücumlarından müdafiə məsələləri, insan resurslarının idarə edilməsi, enerji təhlükəsizliyi və digər sahələrdə də əməkdaşlıq edir. Litva Ermənistanla həm də çoxtərəfli əlaqələr formatında hərbi sahədə əməkdaşlıq edir. Belə ki, Litva Ermənistanın NATO ilə fərdi partnyorluq proqramının həyata keçirilməsinə əməli dəstək verir, həmçinin Ermənistanın hərbi hazırlıq və müdafiə sisteminin NATO standartlarına uyğun şəkildə qurulması işi üzrə NATO alyansının rəhbərliyi altında fəaliyyət göstərən ekspertlər qrupunda çalışır. Doğrudur, Litva Ermənistanla yanaşı bir sıra digər dövlətlərlə də ikitərəfli hərbi əməkdaşlıq barədə sazişlər bağlayıbdır. Məsələn, 2000-ci ildə Ukrayna ilə, 2001-ci ildə Gürcüstan və Belarusla, 2002-ci ildə Özbəkistan və Azərbaycanla, 2006-cı ildə Moldova ilə, 2008-ci ildə Qırğızıstan və Qazaxıstanla, eləcə də daha bir neçə ölkə ilə belə müqavilələr imzalanmışdır. Lakin əsas məsələ burasındadır ki, Ermənistandan fərqli olaraq indi sadaladığımız ölkələr təcavüzkar siyasət yürütmürlər və qonşu dövlətin ərazilərini işğal etməyiblər.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan axırıncı dəfə Litvada 18-19 aprel 2013-cü il tarixində rəsmi səfərdə olmuşdur. Erməni naziri o zaman Vilnüsdə Litvanın müdafiə naziri Yuozas Olekas ilə görüşərək həm ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, həm də Ermənistanın NATO və Avropa Birliyi ilə partnyorluq münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mühüm məsələləri müzakirə etmiş, regionlarda təhlükəsizliyin durumu və Ermənistanın beynəlxalq hərbi əməliyyatlara qoşulması barədə fikir mübadiləsi aparmışdır.
Sözügedən səfərin proqramı çərçivəsində Seyran Ohanyan Vilnüsdə general Yonas Jemaytis adına Litva Hərbi Akademiyanın rəhbərliyi ilə də görüşmüşdür. Bu Akademiyada sözügedən ikitərəfli hərbi əməkdaşlıq əlaqələri çərçivəsində 2013-cü ilədək Ermənistan ordusunun 25 zabiti təhsil almış, 14 hərbçisi isə qərargah zabitlərinin hazırlanması üzrə təlim kurslarını bitirmişdir.
O zaman Litva və Ermənistanın müdafiə nazirləri Ermənistan hərbçilərinə Litvada hərbi təhsil almaq üçün göstərilən maliyyə yardımının davam etdirilməsi barədə razılığa gəldilər. Belə ki, Litva tərəfi yaxın gələcəkdə də Ermənistan ordusunun zabit və serjantlarını Litva Hərbi Akademiyasında, Litva ordusunun hərbi məktəbində və Litvanın hərbi tibb xidməti kurslarında təlim almağa dəvət edəcək. Bunlardan əlavə o vaxt qərara alındı ki, Estoniyanın Tartu şəhərində Baltik Müdafiə Kollecində (Baltic Defence College) oxuyan Ermənistan zabitlərinin təhsil haqqlarını bundan sonra da Litva tərəfi tamamilə ödəyərəcəkdir.
Ermənistanın müdafiə naziri həmin səfər çərçivəsində Litva Respublikasının Seymində oldu. Nazir S. Ohanyan, Ermənistanın Litvadakı səfiri Ara Ayvazyan və müşayət edən rəsmi şəxslər Seymin Vitse-spikeri və Avropa İşləri Komitəsinin sədri Gediminas Kirkilasla, Seymin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Arturas Paulauskasla, habelə digər millət vəkilləri ilə görüşdülər, qarşılıqlı maraq kəsb edən xarici siyasət məsələlərinə dair, eləcə də hərbi müdafiə və təhlükəsizlik sahələrində parlamentlərarası əməkdaşlıq barədə geniş fikir mübadiləsi apardılar.
Xüsusilə vurğulamaq istərdik ki, Ermənistan müdafiə nazirinin başçılıq etdiyi rəsmi nümayəndə heyəti Litva Parlamentində olarkən burada Seymin "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun üzvləri ilə də görüşmüş və "Dağlıq Qarabağ Respublikası" ilə Litva Seymi arasında yaradılmış əlaqələrin inkişaf perspektivlərini və qarşıda duran vəzifələri müzakirə etmişlər.
Göstərilən faktlar və təqdim olunmuş ümumiləşdirmələrlə bağlı qeyd etmək istərdik ki, Litva azərbaycanlıları bəzi rəsmi Litva qüvvələri tərəfindən Qarabağ probleminin həllində Azərbaycana qarşı ikili standartların tətbiq edilməsi ilə heç vaxt razılaşmayacaq. Odur ki, Cəmiyyət bundan sonra da sözügedən istiqamətdə davamlı olaraq adekvat tədbirlər görmək və siyasi addımlar atmaq əzmindədir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir