Diaspor nümayəndələri bələdiyyə sədrilə görüşüblər

Əskişəhər Azərbaycanlılar Dərnəyinin İdarə Heyəti üzvləri Odunpazarı Bələdiyyəsinin sədri Kazım Kurtun qəbulunda olaraq ona uğurlar diləyib, xatirə hədiyyəsi təqdim ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, görüşdə Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın təşkilatın fəaliyyəti və Azərbaycan mədəniyyəti haqqında bələdiyyə sədrinə məlumat verib. O, təşkilatın gələcək  fəaliyyətində Odunpazarı Bələdiyyəsinin dəstəyini istəyib və Azərbaycanla bağlı birgə layihələrin həyata keçirilməsini təklif edib.  Bələdiyyə sədri Kazım Kurt isə öz növbəsində Azərbaycanla əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib və dərnəyin fəaliyyəti üçün lazım olan hər bir yardıma hazır olduqlarını deyib. Görüşdə Odunpazarı Bələdiyyəsi ilə Azərbaycanla bağlı görüləcək işlər, birgə fəaliyyətin istiqamətləri müzakirə olunub. Dərnək rəhbəri Cavid Aydın Azərbaycandan hər hansı bir bələdiyyə ilə Odunpazarı Bələdiyyəsinin qardaşlaşması təşəbbüsü ilə çıxış edib və məsələ ilə əlaqədar rəsmi qurumlara müraciət edəcəyini bildirib. Görüşün sonunda Cavid Aydın rəhbərlik etdiyi təşkilatın adından Odunpazarı Bələdiyyəsinin sədri Kazım Kurta milli naxışlarla bəzədilmiş "Buta" və  təşkilatın loqosu olan süvenir hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31