“Gərək azərbaycanlılar yaxşı təşkilatlansınlar”
Xanoğlan Əhmədov: “Diasporamızın güclü olması üçün yumruq kimi birləşməliyik”
23 Sentyabr 2014 16:33 DiasporaMüsahibimiz Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədovdur
- Xanoğlan müəllim, Azərbaycan diasporasının hazırki fəaliyyətini necə qiymətləndirisiniz?
- Ümumilikdə Azərbaycan diasporunun fəaliyyətini qənaətbəxş saymaq olmaz. Hələ bu sahədə görüləcək işlər xeyli çoxdur. Hazırda intellekt baxımından azərbaycanlıların ən çox məskunlaşdığı məkan Rusiyadır, minlərlə soydaşımız məhz Moskvada yaşamağa üstünlük veriblər. Son illər Rusiya paytaxtında yaşayan həmyerlilərimiz təşkilatlanma istiqamətində müəyyən işlər görürlər. Təkcə Moskvada Azərbaycanla bağlı təşkilatların sayı ondan çoxdur. Amma bütövlükdə götürsək, azərbaycanlıların inteqrasiyasını təşkil etmək, iqtisadi, mədəni, milli və mənəvi dəyərlərimizi təbliğ etmək, soydaşlarımızın hüquqlarını müdafiə etmək, sosial-məişət qayğılarına yardım göstərmək üçün dünyada güclü diasporamızın olmasına çox böyük ehtiyac var. Qeyd etmək lazımdır ki, diasporamızın böyük potensialı var. Sadəcə, bu potensialı düzgün istiqamətləndirmək lazımdır ki, böyük uğurlara də nail olaq. Məsələn, Qarabağ probleminin həll olunmasında dövlətin bu istiqamətdə apardığı siyasəti diasporamızın dəstəkləməsi vacib şərtlərdən biridir. Yəni, Qarabağ probleminin həlli yolundakı çətinliklərin ağır yükünü daşımaq həm də bütün dünyada yaşayan azərbaycanlıların üzərinə düşür. Biz hər birimiz şəxsi mənafeyimizi milli mənafeyimizə qurban verib azacıq da olsa işləsək, qələbə mütləq olacaq.
- Sizcə, diaspora təşkilatlarımız Azırbaycan həqiqətlərini dünya ictimaiyyətinə lazımi səviyyədə çatdıra bilirlərmi?
- 1988-ci ildən, Dağlıq Qarabağda separatçılıq hərəkatı aşkar şəkil aldığı gündən bəri Azərbaycan terrorçuluğa məruz qaldığını, ərazilərinin bir hissəsinin işğal olunduğunu, erməni vəhşiliklərini dünya birliyinə sübut etməyə çalışır. Müxtəlif beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər qəbul olunub, lakin dünya birliyi hələ də Qarabağ probleminin ədalətli həlli istiqamətində addım atmaqda yumşaq ifadə etsək "tənbəllik" nümayiş etdirməkdədir. Bu səbəbdən də bir müddət Ermənistanın və ümumiyyətlə, dünya erməniliyinin yalanları bir çox dövlətlərdə dinlənilir, reallıqdan uzaq qərarlar qəbul olunurdu. Bugünsə həm dövlətin, həm də diasporamızın fəaliyyəti nəticəsində Dağlıq Qarabağ və onun ətrafında cərəyan edən hadisələr barədə həqiqətlər dünyaya çatdırılır. Müasir informasiya müharibəsində erməni yalanları artıq öz aktuallığını itirməkdədir. Lakin təəssüf ki, ermənilər xaricdəki havadarlarına arxalanaraq beynəlxalq konvensiyalara, hüquq norma və qanunlarına tüpürməkdə davam edir, öz davranışları ilə danışıqlar prosesinə ciddi zərbə vururlar. Ona görə də, Azərbaycan diasporu Qarabağın azadlığı üçün daha sıx birləşməlidir. Axı heç kimə sirr deyil ki, Moskvada yaşayan aqanbekyanlar, şahnazaryanlar, zori balayanlar Kremli öz yalanları ilə inandıraraq Qarabağı işğal etdilər. Bu gün erməni diasporunun fəaliyyəti nəticəsində ABŞ-da 250-dən artıq senator Ermənistanı dəstəkləyir. Xaricdə yaşayan azərbaycanlılar da Qarabağı qaytarmaq naminə, Rusiya Dövlət Dumasının deputatları, Amerika senatorları ilə yaxşı münasibətlər qurmalıyıq. Beləliklə, Qarabağın azad edilməsi, ermənilər üzərində qələbənin yolu bütün diaspor təşkilatlarımızın mütəşəkkil təşkilatlanmasından və fəallaşmasından keçir.
- Azərbaycan diasporası erməni diasporası ilə rəqabətə girə biləcək səviyyəyə yüksələ bilibmi?
- Diasporamızın əsas məqsədi Azərbaycana qarşı informasiya blokadasını yarmaq, ümummilli problemlərimizi dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda milli mənafeyimizə toxunan çıxışların əks təbliğatını aparmaqdır. Biz hazırda yeni yaranmış münbit şəraitdən istifadə etməli, diasroramızın təşkilatlanma işini sürətləndirməliyik. Diasporanın içərisində qlobal problemlərimizi həll edə biləcək yeni qüvvələr yetişməli, onlar əllərindən gələn bütün köməyi soydaşlarımızdan əsirgəməməlidir. Hazırda bütün dünya üzrə azərbaycanlıların təşkilatlanma prosesi başlayıb. Dünyanın bir çox ölkələrində Azərbaycanla bağlı təşkilatlar var. Bu böyük göstəricidir.
- Diaspora fəaliyyətimizin daha da inkişaf etməsi üçün nələr çatışmır?
- Disporumuzun güclü fəaliyyət göstərməsi üçün dövlətin özü səy göstərməlidir. Çünki güclü diaspora, güclü lobbiçilik fəaliyyəti deməkdir. Bu gün dünya üzrə diaspora təşkilatlarının rəhbərliyində fəxr elədiyimiz insanlar çoxdur. Müqayisə üçün deyim ki, ermənilərin müvəqqəti uğurları Ermənistan dövlətinin deyil, erməni diasporunun fəaliyyətidir. Onlar ABŞ və Rusiyada xeyli sayda deputat və konqresmenləri öz tərəfdarlarına çevirməyi bacarıblar. Bizimsə Rusiya Dumasında bircə deputatımız yoxdur. Əgər biz ciddi fəaliyyətlə məşğul olub deputatların bir çoxunu özümüzə dost edə bilsək, Qarabağ məsələsi dərhal həll oluna bilər. Ədalət naminə demək lazımdır ki, diasporamız son vaxtlar sürətlə inkişaf edir. Azərbaycanın dövlət maraqlarına xidmət edən tədbirlərin sayı artır. Hətta ermənilər bundan təşvişə də düşüblər. Mənə elə gəlir ki, diasporamız yavaş-yavaş daha güclü şəkildə formalaşacaq. ABŞ-da ermənilər Ermənistanı dəstəkləmələri üçün senatorlara milyonlarla dollar xərcləyirlər. Bunu biz niyə etməyək?
- Ayrı-ayrı diaspora təşkilatlarımız arasındakı əlaqələri necə qiymətləndirisiniz?
- Soydaşlarımız bütün dünya üzrə təşkilatlansalar da ictimai işlərdə fəallığı o qədər də güclü deyil. Əgər yetərincə hiss olunsaydı və fəal olsaydılar ermənilərə uduzardıqmı? Ermənilərin fərdi xüsusiyyəti ondan ibarətdir ki, şəxsi mənafelərini milli mənafeyə qurban verə bilirlər. Təəssüf ki, biz bunu edə bilmirik. Hazırda dünyanın demək olar ki, bütün ölkələrində azərbaycanlıların təşkilatlanma prosesi sürətlə davam edir. Artıq dünyanın ən ucqar hesab elədiyimiz nöqtələrində də Azərbaycanın diaspora təşkilatları, kültür dərnəkləri var. Deməli, diasporada təşkilatlanma artıb, inkişafa doğru gedirik, ayrı-ayrı təşkilatlar arasında əlaqələr yaranıb. Ümummilli problemlərimizi dünya ictimaiyyətinə çatdırmaqdan ötrü eyni mövqelər sərgilənir. Biz yaxşı bilirik ki, ermənilər danışıqla, hər hansı sazişə imza atmaqla torpaq qaytaran deyil. Ona görə də, diaspor cəmiyyətləri də müharibəyə hazır olmalı, güclü ideoloji və informasiya təbliğatı aparmalıdırlar. Qarabağın Azərbaycanın əzəli torpaqları olmasını bütün dünya bilir. Hazırda bizim başlıca vəzifəmiz haqlı olduğumuzu bütün dünyaya sübut etməkdir. Bu işi yarımçıq qoymaq olmaz. Bütün dünya ermənilər tərəfindən aldadıldığını bilməlidir. Zaman bizim xeyrimizə işləyir, və biz bu istiqamətdə öz işimizi dayanmadan davam etdirməliyik.
- QHT-lərin diaspora sahəsindəki fəaliyyətini yetərli hesab etmək olarmı?
- Son illər QHT-lər bu sahədə çox böyük işlər görürlər. Dünyada fəaliyyət göstərən digər Azərbaycan cəmiyyətləri ilə birlikdə problemləri dövlət qarşısında qoymağa çalışırlar. Bu məsələdə QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti xüsusi qiymətləndirilməlidir. Çünki bu qurum diasporamızın güclənməsi və fəaliyyətinə yönəlik layihələrin dəstəklənməsi üçün QHT-lərə böyük maddi dəstək verir. Əslində, strateji məqsədlərdə birləşərək bir nöqtəyə vurmaq lazımdır, diasporada təşkilatlanma bu səviyyəyə gəlib çatmalıdır. Dünyada baş verən son proseslər onu diktə edir ki, gərək azərbaycanlılar yaxşı təşkilatlansınlar. Baş verən siyasi hadisələri düzgün dərk eləyə bilsinlər. Görünür ki, diasporamız hələ tam gücü ilə təşkilatlanmayıb. Bizim qarşımızda elə məsələlər var ki, diaspora, QHT-lər, elələri də var ki, dövlət tənzimləməlidir. Diasporamızın güclü olması üçün yumruq kimi birləşməyimiz lazımdır. Ancaq buna müəyyən vaxt lazımıdır ki, təbii surətdə təşkilatlana bilək. Diasporamız hamısı birlikdə olarsa, hansısa məqsədə nail olmaq olar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir