Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlığımız yüksək səviyyədədir
Ağahüseyn Babayev: “Tolerantlıq nümunəsi olan Azərbaycanımızı tanıtmaq cəmiyyətimizin əsas vəzifələrindəndir”
12 Sentyabr 2014 17:05 DiasporaSürətli inkişaf yolu keçən Azərbaycan diasporunun bu gün fəaliyyət göstərdiyi ölkələrdən biri də Almaniyadır. İqtisadi potensialına, zəngin mədəniyyətinə, yüksək həyat tərzinə və digər xüsusiyyətlərinə görə Avropanın mərkəzi hesab olunan Almaniya ilə Azərbaycanın mədəni-iqtisadi, ticari əlaqələrinin tarixi çox qədimdir. 1815-ci ildən başlayaraq, Azərbaycanda Ellendorf və Dineşfeld koloniyalarında almanlar məskunlaşmağa başlayıblar. Forer qardaşlarına məxsus şirkət şərab istehsalına, Siemens qardaşlarına məxsus şirkət isə mis və qiymətli filizlər axtarışına kapital qoyurdular. Almanların Azərbaycan iqtisadiyyatı ilə yanaşı, ədəbiyyatı, mədəniyyəti, incəsənətinə marağı olduqca böyük idi. Bunun nəticəsində Azərbaycana məxsus qədim əlyazmalar, sənət əsərləri, zərgərlik məmulatları, xalçalar, saxsı və mis qab-qacaq, qədim məişət və ov alətləri Almaniyaya aparılmış və bu gunə qədər də geri qaytarılmayıb. 1844-cu ildə Mirzə Şəfi Vazehin əsərlərinin Almaniyada böyük maraqla qarşılanmasında Fridrix Bodenştedtin xidmətləri böyükdür. Azərbaycana səfər edən Bodenştedt 1851-ci ildə "Mirzə Şəfinin nəğmələri" adlanan kitabı nəşr etdirib. 1881-ci il noyabrın 5-də isə Almaniyada Fridrix Vilhelm teatrında "Mirzə Şəfinin nəğmələri" adlanan operetta səhnəyə qoyulur. Emil Pol Korx və Luiz Rotun birgə işi olan operetta burada böyük maraq doğurur Mirzə Şəfi poeziyası ilə paralel olaraq, Azərbaycan şifahi və yazılı ədəbiyyatı da Almaniyada təbliğ olunurdu. 1813-cu ildə Hote 12 fəsildən ibarət "Qərb-Şərq" divanında dahi şairimiz Nizami Gəncəviyə "Oxu kitab" adlanan şeir həsr etmişdi. Bundan əlavə, Reman Dits 1813-cü ildə "Kitabi-Dədə Qorqud" da atalar sözləri və məsəllər" mövzusunda kitab çap etmişdi. 1815-ci ildə isə "Basatın Təpəgözü öldürməsi boyu" alman dilində oxuculara təqdim olunmuşdu. Bu əlaqələr XX əsrin əvvəllərində də intensiv şəkildə davam edir. Almaniyanın Avropada qüdrətli dövlət olması azərbaycanlıların bu ölkəyə mühacirətinə əsas yaradırdı. 1913-cu il dən etibarən alman kitabxanalarında Azərbaycandan bəhs edən muxtəlif səpkili kitablar mövcud idi ki, onların bəzilərini bura köçən ziyalı azərbaycanlılar aparmışdı. Demokratik Respublika qurulandan sonra Azərbaycandan Almaniyaya Frayberq, Dağ-Mədən Akademiyası, Münhen, Dertştad, Leypsiq, Rena, Hamburq universitetlərində təhsil almağa 50 nəfər tələbə göndərilmiş və onların çox hissəsi burada daimi qalaraq geri dönməmişlər. ADR-in süqutundan sonra azərbaycanlıların çoxsaylı köçdükləri ölkələr içərisində Almaniya üstünlük təşkil edirdi. Burada məskunlaşan soydaşlarımız Azərbaycan istiqlalının bərpa olunması istiqamətində fəal iş apırırdılar. Almaniyada Azərbaycan diasporunun formalaşması və burada yaşayan azərbaycanlıların fəaliyyəti II dunya müharibəsi illərində də davam etmişdir. Azərbaycan legionerlərinin müəyyən hissəsini artıq Almaniyada çoxdan məskunlaşan soydaşlarımız təşkil edirdi. Müharibədən sonra Almaniyada iqtisadi islahatların aparılması, ölkənin dirçəlməsi yolunda görülən işlər diasporların siyasi fəaliyyətini bir qədər passivləşdirdi. 1980-ci illərin əvvəllərindən yenidən Azərbaycan diasporu burada öz fəaliyyətini genişləndirməyə başladı. Almaniyanın müxtəlif şəhərlərində Azərbaycan mədəni təşkilatları təsis olundu. 1989-cu ildə Almaniyanın birləşməsi, Sovetlər Birliyinin çökməsi və Azərbaycanın müstəqillik əldə etməsi Almaniya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması ilə nəticələndi. Buradakı azərbaycanlıların fəaliyyətinə təsirini göstərdi. Təhsil proqramı əsasında azərbaycanlı tələbələrin Almaniyaya oxumağa göndərilməsi, azərbaycanlı həkim, mühəndis, inşaatçı, texnoloqlar və digər peşə sahiblərinin bu ölkəyə miqrasiyası müstəqillik illərinin əsas hadisələrindən idi. Azərbaycanlıların hazırda da kütləvi köçdükləri ölkələr içərisində Almaniya üstünlük təşkil edir. Almaniya diasporumuzun Şimal, Cənub və Türkiyə qanadları arasında ümumi fikir ayrılığına baxmayaraq, bu üç qanad arasında birləşməyə doğru addım müstəqillik illərindən sonra daha da canlandı. Ermənistan tərəfindən müharibəyə sövq edilən Azərbaycan torpaqlarının 20 faizinin işğalı, 20 Yanvar və Xocalı soyqırımıları və xalqımızın başına gətirilən digər faciələr Almaniyadakı azərbaycanlılar tərəfindən biganə qarşılanmırdı. Onlar Vətənə, qaçqınlara yardım məqsədilə bir sıra tədbirlər həyata keçirir. Azərbaycan mədəniyyətinin Almaniyada Azərbaycan diasporu tərəfindən təbliğ olunması işi də sürətləndi. Türk, ərəb, latın və kiril əlifbaları ilə Azərbaycanın tarixi ədəbiyyatına, folkloruna, mədəniyyətinə aid kitabın çapı daha da artmaqla, qəzet və jurnalların sayı nəzərə çarpacaq dərəcədə çoxaldı. Almaniyada soydaşlarımız Azərbaycanla bağlı çoxsaylı kitablar nəşr edirlər. Bu gün Almaniyada onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onlardan da biri Alm.Az Drezden Cəmiyyətidir. Cəmiyyətin sədri Ağahüseyn Babayev "OLAYLAR"-a verdiyi müsahibədə bu ölkədəki Azərbaycan diasporunun vəziyyəti, rəhbərlik etdiyi cəmiyyətin fəaliyyət istiqamətlərindən danışıb.
-Ağahüseyn müəllim, Alm.Az Drezden Cəmiyyəti nə vaxtdan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
-Alm.Az Drezden Cəmiyyəti 2006 -çı ildən Almaniyanın Saksonya vilayətinin Drezden şəhərində fəaliyyət göstərir. Cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan dili, tarixi, mədəniyyəti, musiqisi, mətbəxini gənc azərbaycanlı övladlarımıza öyrətmək və adət-ənənlərimizi unutdurmamaq, Azərbaycanın siyasi - ictimai kerçəkliklərini dolgun, dürüst şəkildə keçirdiyimiz tədbirlərlə, yerli mətbuat orqanları vasitəsilə alman ictimaiyyətinə çatdırmaqdır. Ümumiyyətlə, müstəqil, demokratik, tolerantlıq nümunəsi olan Azərbaycanımızı tanıtmaq cəmiyyətimizin əsas vəzifələrindəndir.
-Cəmiyyətinizin yaxın vaxtlarda həyata keçirəcəyi tədbirlər, layihələr nədən ibarətdir?
-Hər il oldugu kimi rəhbərlik etdiyim cəmiyyət Drezden şəhərində hər il keçirilən, sentyabrın 21-dən oktyabrın 5-ə qədər davam edən ənənəvi "Multikültrel" festivalında iştirak edəcək. Festivalda cəmiyyətimiz tərəfindən Azərbaycanın musiqisi, mətbəx mədəniyyəti, adət-ənənələri yerli ictimaiyyətə, digər xalqların nümayəndələrinə təqdim ediləcək. Bundan başqa 18 oktyabr- Azərbaycanın Müstəqillik Günü, 9 noyabr-Dövlət Bayraq Günü, 17 noyabr-Milli Dirçəliş Günü, Ulu Öndərimizdən bizlərə miras qalmış 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmək arzusundayıq. Bütün bunlarla yanaşı xalqımızın qan yaddaşı olan 20 Yanvar, Xocalı Soyqrımı, 31 Mart-Azərbaycanlıların Soyqrımı Günü hər il olduğu kimi bu il də yerli ictimaiyyətin və digər xalqların nümayəndələrinin iştirakı ilə birgə qeyd olunacaq.
-Hazırda Azərbaycanla Almaniya arasındakı əlaqələri necə dəyərləndirərdiniz?
-Azərbaycan Respublikası rəhbərliyi tərəfindən aparılan müstəqil, qərəzsiz, düzgün və etibarlı tərəfdaş xarici siyasətinin nəticəsində Almaniya -Azərbayçan əlaqələri qarşılıqlı hörmət və ehtiram səviyyəsindədir. Əlbəttə hərdən müəyyən dairələrdə maraqlar toqquşanda və yaxud lobbiçiliklə bağlı hər hansi bir sifarişin həyata keçirilməsi ilə əlaqədar bəzi Almaniya mətbuat və media orqanlarında böhtan və həqiqətləri əks etdirməyən bəyanatlara rast gəlmək olur. Bu çür yazılara və bəyanatlara bizim cəmiyyət tərəfindən dərhal kəskin reaksiya verilir, öz etirazımızı yazılı şəkildə onlara bildiririk.
-Bəs Almaniyadakı Azərbaycan diasporunun durumunu necə qiymətləndirərdiniz?
Bu gün Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarının əlaqələndirilməsində və əməkdaşlığında Berlin şəhərində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış və fəaliyyət göstərən Koordinasiya Mərkəzinin rolunu xüsusi qeyd etmək istərdim. Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Koordinasiya Mərkəzinin yüksək peşəkar islərinin nəticəsində Azərbaycan diaspor təşkilatları, cəmiyyətləri ilə əməkdaşlığımız yüksək səviyyədədir. Dogrudur, Almaniyada Azərbaycan diasporu kiçik zaman ərzində çox önəmli işlər görülüb, nailliyyətlər əldə olunub. Ancaq bundan da çox işlər görülməli, addımlar atılmalıdır. İnanıram ki, bunun üçün bizim bacarığımız və fikri istedadımız kifayət qədərdir.
-Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının alman ictimaiyyətinə çatdırlması istiqamətində cəmiyyətiniz hansı tədbirlər keçirir?
-Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının alman ictimaiyyətinə çatdırılması istiqamətində cəmiyyətimiz digər xalqlarin nümayəndələrinin iştiraki ilə müxtəlif formatda tədbirlər keçirir. Son 2 ildə rəhbərlik etdiyim cəmiyyətin təşşəbüsü ilə kreativ bir layihə həyata keçirmişik. Belə ki şəhər və şəhər ətrafi sərnişin nəqliyyatlarında quraşdırılan monitorlarda Xocali soyqrımə haqqında video klip sərnişinlərə nümayiş olunub. Bundan əlavə eyni formatda 2015-ci ildə respublikamızda keçiriləcək 1-ci Avropa Oyunlarının başlamasına start kompaniyasına biz də qoşulmuşuq. Bu layihələrlə bağlı Az.Tv tərəfindən geniş reportaj hazırlanıb.
- Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniyadakı Azərbaycan səfirliyi ilə əlaqələriniz hansı səviyyədədir?
-Diasporla İş üzrə Döövlət Komitəsi və Almaniyadakı Azərbaycan səfirliyi ilə əlaqələrimiz çox yüksək səviyyədədir. Hər iki qurum keçirdiyimiz tədbirlər zamanı bizi əyani vəsaitlərlə təmin edir .Fürsətdən istifadə edib bizə öz vətəndaşlıq borçumuzu yerinə yetirməkdə yardımçı olduqlarına görə onlara öz dərin minnətdarlığımızı bildirmək istərdim.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir