Litva Azərbaycanlıları Cəmiyyəti bu ölkənin prezidentinə müraciət etdi

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev və təşkilatın üzvləri Litva  Seyminin deputatı Dalya Kuodite və Litvadan olan digər şəxslərin bu günlərində əvvəlcə Ermənistana, oradan isə qondarma Dağlıq Qarabağ Respublikasına qanunsuz səfərinə və ümumiyyətlə, D.Kuoditenin antiazərbaycan fəaliyyətinə siyasi qiymət verilməsi üçün Prezident xanım Dalya Gribauskayteyə və Seymin sədri Loreta Graujineneyə rəsmi müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, müraciətdə Seymdə qeydiyyatdan keçməmiş "Dağlıq Qarabağla parlament dostluq qrupu"nu yaradan D. Kuoditenin  uzun müddətdir Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı məqsədyönlü fəaliyyəti  ölkə prezidenti və parlament sədrinin diqqətinə çatdırılır. Müraciətdə daha sonra bildirilir ki, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün Litva Respublikası tərəfindən ardıcıl olaraq dəstəkləndiyi bir vaxtda ayrı-ayrı Litva parlamentarilərin belə üzdəniraq fəaliyyəti dövlətin xarici siyasətini nüfuzdan salmağa xidmət edir.Müraciətdə Litva prezidentindən Seymin deputatı D. Kuoditenin antiazərbaycan fəaliyyətinə siyasi qiymət verməsi, eyni zamanda Seymin rəsmi internet saytında "Dağlıq Qarabağla parlament dostluq qrupu" haqqında yerləşdirilmiş məlumatların oradan çıxarılması üçün siyasi yardım göstərməsi xahiş olunur.

Qeyd edək ki, səfər zamanı D.Kuodite Serj Sarqsyan və digər rəsmilərlə, eləcə qondarma Dağlıq Qarabağ Respublikasının "rəhbərləri" ilə bir sıra görüşlər keçirib. Görüşlər zamanı D. Kuodite Litva dövlətinin adından qondarma Dağlıq Qarabağ Respublikası ilə "iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi" barədə danışıqlar aparıb, hətta orada "Qarabağ hərəkatının 25 illiyinə həsr edilmiş" medalla da təltif olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31