“Azərbaycan diasporasının son illərdəki fəaliyyəti yüksək qiymətləndirilməlidir”
Mirzə Manafov: “Diaspora quruculuğu, azərbaycançılıq ideyalarının təbliği və milli həmrəyliyin möhkəmləndirilməsi işində çox böyük nailiyyətlər əldə edilib”
25 Avqust 2014 19:01 DiasporaMüasir beynəlxalq şərait, o cümlədən, Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini zəruri edir. Sir deyil ki, dünya azərbaycanlılarının yaşadığı ölkələrdə monolit qüvvə kimi çıxış etmələri onların milli və vətəndaş hüquqlarının qorunmasına da əhəmiyyətli təsir göstərib. Son illər fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən birinə çevrilib. Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, kompakt yaşadıqları ərazilərdə aktiv fəaliyyət göstərmələri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif tədbirlərin təşkil edilməsi Azərbaycan diasporu nümayəndələrinin ictimai-siyasi fəallığının artmasının göstəricisidir. Lakin diaspor fəaliyyəti daim inkişafda olan fəaliyyət növü olduğundan onun daha da təkmilləşməsinə ehtiyac duyulur. Hazırki şəraitdə Azərbaycan diasporu qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlmək gücünə malikdirmi? Hüquqşünas Mirzə Manafovun sözlərinə görə, dünyanın ayrı-ayrı ölkələrində elə cəmiyyətlər var ki, fəaliyyəti zəifdir, elələri isə normal fəaliyyət göstərir. Lakin bir faktdır ki, fəaliyyəti zəif olan icmaların gücləndirilməsi üçün Azərbaycan dövləti və aidiyyati orqanları lazımi işləri görürlər: "Fərəhləndirici haldır ki, bu iş birbaşa cənab prezident İlham Əliyevin nəzarətindədir. Dövlət başçısı da bu məsələyə xüsusi diqqət yetirir. Prezident bu və ya digər ölkəyə səfər edərkən təkcə həmin ölkənin dövlət və hökumət rəhbərləri ilə deyil, eyni zamanda oradakı Azərbaycan icmalarının rəhbərləri və nümayəndələri ilə görüşür, onları dinləyir, onların problemləri ilə maraqlanır. Həmin problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlarını verir. Təsadüfi deyil ki, bu gün dünya azərbaycanlıları İlham Əliyevi özlərinin lideri hesab edir və bunun əsas səbəblərindən biri də odur ki, dövlət başçısı harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara çox böyük diqqət yetirir, onların problemlərinin həll olunmasında əməli fəaliyyət göstərir". Onun sözlərinə görə, Azərbaycan diasporasının son illərdəki fəaliyyəti yüksək qiymətləndirilməlidir: "Bu işin dövlət səviyyəsində aparılması çox sevindirici haldır. Əslində diaspora fəaliyyəti belə də olmalıdır. Çünki taleyin amansız hökmü ilə azərbaycanlılar dünyanın bir çox ölkələrinə səpələniblər. Onların dilimizi, dinimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalarına, xarici ölkələrdə dünyaya gələn övladlarının azərbaycanlı kimi böyüməsi işində dövlət qayğısına çox böyük ehtiyac duyulur. İndi birmənalı şəkildə demək olar ki, diaspora ilə bağlı sistemli şəkildə iş aparılır. Bunun nəticəsidir ki, diaspora fəaliyyəti xeyli güclənib". Hüquqşünas qeyd edib ki, əvvəllər xarici ölkələrdəki Azərbaycan cəmiyyətləri dağınlıq idi, onlar arasında koordinasiya yox idi, fəaliyyətlərini lazımi səviyyədə əlaqələndirə bilmirdilər. Dövlət Komitəsi yarandıqdan sonra bu iş sistemli və ardıcıl şəkildə aparılır: "Məlim olduğu kimi bu sahə bizim üçün yeni bir sahədir, hələ bu istiqamətdə fəaliyyətə yenicə başlamışıq. Odur ki, hələlik istədiyimiz yüksək nəticələrə çata bilməmişik. Ancaq hər halda indiyə qədər diaspora ilə dövlət səviyyəsində aparılan işi yüksək qiymətləndirirmək lazımdır".
Diaspora fəaliyyətində ən böyük problemlərdən biri də icmalar arasında əlaqənin zəif olmasıdır. Nəzərə almaq lazımdır ki, həmin icmalar və cəmiyyətlər ictimai təşkilatlardır. Onlar Azərbaycan dövləti tərəfindən yaradılmır, idarə olunmur, sadəcə dövlət onların fəaliyyətinə istiqamət verir, yardım göstərir. Hüquqşünasın sözlərinə görə, hələ də bir çox cəmiyyətlər var ki, onlar arasındakı əlaqələr lazımi səviyyədə deyil. Elələri də var ki, milli məsələlər qalıb bir yana, başqa məsələlərlə məşğul olurlar. Bəzi cəmiyyətlərdə biznes maraqları daha üstünlük təşkil edir: "O cəmiyyətlər, icmalar yaşayıb fəaliyyət göstərə bilir ki, onlar orada yaşayan azərbaycanlıların problemləri ilə həqiqi mənada məşğul olurlar, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə qalxırlar, vətənlə soydaşlarımız arasında ünsiyyət körpüsünün yaranmasında əllərindən gələni edirlər. O cəmiyyətlər ki, bu və ya digər şəxslərin maraqlarındadır, artıq həmin cəmiyyətlər sıradan çıxmaqdadır. Elə cəmiyyətlər var ki, ayrı-ayrı adamların nəzarətindədr, onların maraqlarından çıxış edir. Amma bütövlükdə həmin cəmiyyətlərin, milli-mədəni mərkəzlərin böyük əksəriyyəti Azərbaycan diaspora təşkilatı tərəfindən koordinasiya olunur, nəticədə uğurlu fəaliyyət göstərirlər". Onun bildirdiyinə görə, hazırda Azərbaycan diasporu bir çox oturuşmuş diaspora təşkilatları ilə müqayisə olunacaq səviyyədədir. Artıq diasporamız erməni diaspora təşkilatları ilə rəqabət apara biləcək həddə çatıb: "Məlumdur ki, ermənilər əsrlər boyu diaspor fəaliyyəti ilə məşğul olublar. Ermənilər vətənsiz bir toplum olduğundan dünyanın hər yerinə yayılıblar. Ona görə, onların öz mövcudluqlarının qorunub saxlanması üçün yeganə yol diaspora olub. Təbii ki, bu baxımdan onlar daha fəal və daha təcrübəlidirlər. Amma buna baxmayaraq bu gün Avropada, Amerikada, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporası erməniləri elə bir küncə sıxışdırıb ki, ermənilər artıq azərbaycanlılar haqqında mənfi bir fikir söyləməyə qorxurlar. Çünki dərhal layiqli və lazımi cavablarını alırlar. Bu da onunla bağlıdır ki, diaspora məsələsi ilə Azərbaycanda dövlət səviyyəsində məşğul olurlar və bu məsələlər çiddi çəkildə nəzarət altında saxlanır". O, əlavə edib ki, diaspor fəaliyyətində əsas şərt ortada keyfiyyətin olmasıdır. Bəzən xarici ölkələrdə yaşayan soydaşlarımızın öz aralarında maraqların toqquşması olur, bəzən kimisə lider kimi qəbul etmirlər. Əslində diaspor fəaliyyətində bunlar normal hadisələrdir. Belə hallar digər xalqların diasporalarında da müşahidə olunur. Bu baxımdan demək olar ki, diaspora fəaliyyətində əsas göstərici keyfiyyətin olması qəbul edilir. Keyfiyyət isə icmaların qarşısında duran vəzifələrin icrasından ibarətdir. Bu vəzifələr həmin ölkələrdə yaşayan azərbaycanlıların sayının dəqiq müəyyən edilməsi, onların milli-mədəni irsimizə yiyələnmələri üçün azərbaycanlıların yeganə dövləti olan Azərbaycan Pespublikası ilə əlaqələrin təmin edilməsi, Azərbaycan dilinin öyrənilməsi, mədəniyyətin təbliği, Azərbaycanin probleminin həmin ölkələrə çatdırılması, bu ölkələrlə Azərbaycan arasında əlaqələrin güclənməsində diaspor fəaliyyətindən istifadə edilməsindən ibarətdir. Kim bu məsələlərdə fəaldırsa, bu istiqamətdə praktiki iş görürsə, təbii ki, o icmalar yaşayacaq, əksinə, iş görməyən təşkilatlar tarixin səhifəsindən silinəcək".
Qeyd edək ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən diaspor quruculuğu, azərbaycançılıq ideyalarının təbliği və milli həmrəyliyin möhkəmləndirilməsi işində çox böyük nailiyyətlər əldə edib. Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi prosesi daha da təkmilləşdirilib, dünya ictimaiyyətinə ölkəmiz haqqında həqiqətlərin çatdırılması məqsədilə mühüm tədbirlər görülüb. Bir çox ölkələrdə isə diaspor təşkilatlarının fəaliyyətlərini koordinasiya edən qurumlar yaradılıb. Hazırda azərbaycanlıların milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin, azərbaycınçılıq ideyalarının qorunub saxlanılması, mədəniyyət mərkəzlərinin yaradılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Hazırda beynəlxalq birliyə qətiyyətlə inteqrasiya edən Azərbaycanda dinamik inkişaf sürətlə davam edir. Bu amil xarici ölkələrdə yaşayan azərbaycanlıları daha da fəal olmağa sövq edərək, diaspora quruculuğu işinə yeni məzmun verir. Məhz bu baxımdan, görülən işlərin azərbaycançılıq ideologiyasının inkişafına, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında birliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyi şübhəsizdir. Bu gün özlərinin milli varlıq və mənsubiyyət hisslərini daxilən dərk edən soydaşlarımız getdikcə bir-birilərinə daha çox yaxınlaşırlar və onlara dayaq duran Azərbaycan dövlətini hər an özlərinə etibarlı arxa sayırlar. Buna görə də, bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikası ilə böyük fərəh və milli qürur hissləri keçirirlər. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi, dünada azərbaycançılıq və milli həmrəylik ideologiyasını təbliği ideyasının müəllifi heç şübhəsiz ki, Ümummilli liderimiz Heydər Əliyevdir. Bu gün həmin siyasi kursun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də xarici siyasətdə mütəşəkkil diaspor quruculuğuna, soydaşlarımızın milli-mənəvi birliyinin təmin olunmasına mühüm diqqət yetirir. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət yaxın gələcəkdə Azərbaycan diasporunun daha da möhkəmlənərək, ən ağrılı yerimiz olan Dağlıq Qarabaq probleminin sülh yolu ilə həllində yaxından iştirak edəcəyinə şübhə yeri qoymur. O da nəzərə alınmalıdır ki, artıq Azərbaycan diasporu "hücum taktikasını" öz fəaliyyət prinsi kimi qəbul edib.