“Hollandiyadakı diaspor təşkilatları arasında heç bir problem yoxdur”
Elxan Mirhəşimli:" Milli məsələlərlə bağlı tədbirlərdə hamı bir yerdə olur"
18 Avqust 2014 16:21 DiasporaBu gün Azərbaycan diasporunun aktiv olduğu Avropa ölkələrindən biri də Niderland Krallığıdır. Hazırda bu ölkədə onlarla Azərbaycan diaspor təşkilatı, cəmiyyət və mərkəzləri fəaliyyət göstərir ki, onların əsas fəaliyyət istiqamətləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, zəngin tarixi-mədəni irsimizin təbliğ edilməsidir. Bir müddət əvvəl təsis edilən Hollandiya Azərbaycan Evi də fəaliyyətini məhz qeyd edilən istiqamətlərdə qurub. Qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq bir sıra uğurlu addımlar atan, işlər görən Hollandiya Azərbaycan Evinin gələcək planları da diqqətçəkicidir. Hollandiya Azərbaycan Evinin qarşısında duran vəzifələr, təşkilatın gələcək planları barədə qurumun sədri Elxan Mirhəşimli ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Elxan Mirhəşimli Hollandiyadakı Azərbaycan diasporunun vəziyyətindən də danışıb.
-Elxan bəy, Hollandiya Azərbaycan Evinin təşkilatlanma prosesi necə gedir və təşkilatın qarşısında duran vəzifələr nədən ibarətdir?
-Hollandiya Azərbaycan Evi Təşkilatının məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ problemini holland ictimaiyyətinə çatdırmaqdır. Təşkilat olaraq qarşıdakı müddətdə də qeyd edilən istiqamətlərdə fəaliyyətimizi davam etdirəcəyik.
-Bəs holland ictimaiyyətini ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ probleminin əsl mahiyyəti, Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandıra bilirsinizmi?
-Əvvəla onu qeyd edim ki, Hollandiya ictimaiyyəti Qarabağ problemi haqqında daha çox birtərəfli qaydada maarifləndirilib. Hələ Azərbaycan diasporu bu ölkədə fəaliyyətdə olmadığı zamanda Hollandiyadakı erməni diasporu bu istiqamətdə çox ciddi iş aparıb. Ermənilər bu ölkədə elə bir təbliğat aparıblar ki, sanki Qarabağ doğurdan da onlarındır. Ona görə də hollandlarla işləmək bir qədər çətindir. Digər tərəfdən burada xristian faktoru da nəzərə alınmalıdır. Ermənilər əsasən kilsə təşkilatları, humanitar mərkəzlərlə işləyirlər. Bəzi hollandlar isə belə fikir ortaya qoyurlar ki, bu sırf xristian-müsəlman problemidir. Hətta iddia edirlər ki, siz xristianları öldürürsünüz və bu səbəbdən də onlar özlərini müdafiə edirlər. Təbii ki, bu cür mövqenin formalaşması da yalançı erməni təbliğatından irəli gəlir. Ancaq biz də öz növbəmizdə çalışırıq ki, haqq-ədaləti hollandlara çatdıraq və onları başa salaq ki, real vəziyyət ermənilərin anlatdıqları kimi deyil. Bir sözlə ermənilərin təcavüzkar siyasətini hollandlara çatdırmaq üçün əlimizdən gələni əsirgəmirik. Hollandların diqqətinə çatdırırıq ki, hazırda da Bakıda 5 minə yaxın rusdilli əhali yaşayır. Həmçinin Qubada yəhudilərin məskunlaşdığı qəsəbə mövcuddur. Eyni zamanda Azərbaycanda məscidlərlə yanaşı kilsələr, sineqoqlar da fəaliyyət göstərir və həmin dini məkanlarda onlar normal qaydada öz ibadətlərini edirlər. Bütün bunları biz hollandların diqqətinə çatdırırıq. Çətin də olsa holland ictimaiyyətini maarifləndirməyə çalışırıq.
-Son vaxtlar cəbhə xəttində baş verən olaylar Hollandiyada yaşayan azərbaycanlılar tərəfindən necə qarşılanır və Ali Baş Komandan, prezident İlham Əliyev müharibə əmri versə Hollandiyada yaşayan azərbaycanlılar döyüşə hazır olacaqlarmı?
-Mən hər zaman buna hazıram. Məlumat üçün bildirim ki, hazırda Azərbaycandayam və Ali Baş Komandan, cənab prezident İlham Əliyev müharibəyə başlamaq barədə əmr versə mən də oğlumu götürüb Azərbaycana gəlib öz vətəndaşlıq borcumu verərəm. Hesab edirəm ki, xaricdə yaşayan hər bir soydaşımız eyni mövqedə olar. Ümumiyyətlə, bu hər bir Azərbaycan vətəndaşının borcudur ki, Azərbaycan üçün əlindən gələni əsirgəməsin. Bütün dünya ictimaiyyətinə bəllidir ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub. Biz çalışmışıq ki, problem sülh yolu ilə həllini tapsın. Ancaq müharibə variantı da hər zaman mövcuddur. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi danışıqlar yolu ilə həll edilsin, insan tələfatı baş verməsin. Müharibə hər zaman çox böyük fəlakətlərə yol açır. Dünyada gedən proseslərə nəzər saldıqda da bunu açıq şəkildə görmək mümkündür. Ərəb baharından başlayaraq Liviya, Misir, Suriya, İraqda davam edən qarşıdurmalar nəticəsində hər gün yüzlərlə insan həlak olub. Ona görə də müharibə arzuedilməzdir. Bir daha qeyd edim ki, ən yaxşı variant sülh, danışıqlar yoludur. Heç şübhəsiz ki, bu zaman da Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan ərazilərimizin geri qaytarılması əsas götürülməlidir. Yalnız bu halda biz sülh sazişinə imza ata bilərik. Yox əgər danışıqlar nəticə verməsə, təbii ki, biz digər vasitələrdən istifadə etməklə ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu bizim qədərimizdir ki, ermənilər də Qarabağda yaşayıb. Tarix elə gətirib ki, zamanında erməniləri Qarabağa gətirərək orada məskunlaşdırıblar.
-Hollandiya Azərbaycan Evi Təşkilatının bu ölkədə fəaliyyət göstərən digər diaspor təşkilatları, mərkəzlər və cəmiyyətlərlə əlaqələriniz hansı səviyyədədir?
-Azərbaycanın milli məsələlərində Hollandiyada fəaliyyət göstərən diaspor təşkilatları arasında heç bir problem yoxdur. Qarabağ, Xocalı, 20 Yanvarla bağlı tədbirlərdə hamı bir yerdə olur. Ancaq ola bilər ki, hər hansı məsələdə biri digərindən küssün, incisin. Bu onların şəxsi işləridir. Hollandiya Azərbaycan Evi Təşkilatının sədri kimi hər zaman çalışıram ki, işimizi şəxsi mənafelərimizə gətirib çıxarmayaq. İstəyimiz odur ki, soydaşlarımızı bir yerə yığaq və ümummilli məsələlərdə birliyimiz, həmrəylimiz olsun.
-Bəs təşkilatınızın bu istiqamətdə hansısa planları varmı?
-Hazırda bu istiqamətdə iş gedir. Tətildən sonra bizim bəzi planlarımız var. Belə ki, Hollandiyada fəaliyyət göstərən digər diaspor təşkilatları ilə birlikdə Hollandiyada Azərbaycan Federasiyası yaratmaq istəyirik. Bununla bağlı bir sıra şəxslərlə məsləhətləşmələrimiz olub. Mümkündür ki, əlavə yeni bir təşkilatlar da təsis edilsin. Açılacaq yeni təşkilatlar da daxil olmaqla 10-a yaxın təşkilatın Azərbaycan Federasiyasında təmsil olunması nəzərdə tutulur. Federasiyada təmsil olunacaq bütün təşkilatlar müstəqil şəkildə də öz fəaliyyətlərini davam etdirəcəklər. Sadəcə burada məqsəd ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməkdir, mərkəzləşdirilmiş şəkildə fəaliyət göstərməkdir. Onu da qeyd edim ki, federasiyaya sədrlik məsələsi də növbəli prinsiplə həyata keçiriləcək. Bu prosedur heç kimdə narazılıq da yaratmaz. Təssüf hissi ilə qeyd etmək istəyirəm ancaq Benilüks Azərbaycanlıları Konqresi qəti şəkildə heç kimlə işləmək istəmir. Onların məqsədinin nə olduğunu bilmirik.
-Bəs təşkilat olaraq Hollandiyanın siyasi partiyaları ilə əməkdaşlığınız hansı səviyyədədir? Ümumiyyətlə, diasporumuz siyasi partiyalarla əməkdaşlığa maraq göstərirmi?
-Tətildən sonra belə bir görüş nəzərdə tutulub. Hazırda Hollandiyada hamı tətildədir. Hollandlar Avropada yeganə millətdirlər ki, tətili sevirlər. Avqustun sonu, sentyabr ayının əvvəlində tətildən qayıdırlar.
-Keçiriləcək görüşlərin əsas müzakirə mövzusu nə olacaq?
-Görüşlərin müzakirə mövzusu əsasən Azərbaycan-Hollandiya münasibətlərinə həsr olunacaq. Digər tərəfdən gələn il Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının xarici ölkələrdə təbliğ olunması ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən bizə tövsiyyələr verilib. Həmin tövsiyyələri nəzərə alaraq keçiriləcək görüşlərdə Bakıda təşkil olunacaq Birinci Avropa Oyunları barədə də məlumat verəcəyik. Bundan başqa yaşadığımız ərazinin meri ilə də görüşməyi nəzərdə tutmuşuq. Çalışacağıq ki, oradan olan jurnalistlər və ya təşkilat nümayəndələrini Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana dəvət edək və burada gedən hazırlıq işləri ilə yaxından tanış olsunlar. Eyni zamanda Birinci Avropa Oyunlarını izləyərək onu geniş şəkildə işıqlandırsınlar. Məlum olduğu kimi gələn il ermənilərin qondarma soyqırım tarixlərinin 100 ili tamam olur. Onlar çalışacaqlar ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını kölgəyə salsınlar, onun əhəmiyyətini azaltmağa cəhd etsinlər. Bu səbəbdən biz gərək gələn ilin fevral ayında, həm Hollandiya, həm də ümumilikdə Avropa məkanında, dünya miqyasında Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində elə genişmiqyaslı tədbirlər təşkil edək ki, ermənilərin qondarma soyqırımının 100 illiyi tədbirlərini kölgədə qoyaq. Ona görə də qarşıdan gələn müddətdə bizi çox ağır və məsuliyyətli işlər gözləyir.
-Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz hansı səviyyədədir?
-Diasporla İş üzrə Dövlət Komitəsi ilə normal münasibətlərimiz var. Təşkilat olaraq keçirdiyimiz tədbirlər barədə komitənin saytında məlumat dərc olunur.
-Bir müddət əvvəl Ukrayna səmasında baş verən təyyarə qəzasında həlak olan hollandlarla bağlı sizin təşkilat bu ölkədə anım tədbiri keçirdi və holland xalqına başsağlığı ünvanladı. Bu addımınız Hollandiya ictimaiyyəti tərəfindən necə qarşılandı?
-Çox normal qarşılandı. Məlumat üçün qeyd edim ki, tədbirə bizim yaşadığımız ərazinin rəsmi nümayəndəsi də təşrif buyurmuşdu. Əvvəlcə Rusiyanın müstəqil respublikalara, Gürcüstan, Moldova, Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar, bu ölkələrin ərazi bütövlüyünə olan təcavüzlər barədə danışdım. Sonra isə Ukraynada baş verən hadisələr, Krımın işğal edilməsindən bəhs etdim. Bildirdim ki, vaxtı ilə Qarabağ da bu cür işğal edildi. Nəhayət sonda onu da bildirdim ki, vaxtı ilə Rusiya bizim üzərimizdən oynadığı oyunu indi də sizin üzərinizdən oynadı..Hazırda Rusiya bu problemə bütün Avropanı cəlb etmək istəyir. Əgər Rusiya Ukrayna səmasında Hollandiyaya məxsus təyyarəni vurursa, deməli bu ölkəyə də meydan oxuyur.