Diaspor təşkilatları Ermənistanın cəzalandırılmsını tələb edir
6 Avqust 2014 15:03 DiasporaSon günlər cəbhə xəttində baş verən hadisələr, ermənilərin müntəzəm olaraq atəşkəs rejimini pozması və nəticədə onlarla hərbiçimizin həlak olması Azərbaycandan kənarda da həyəcanla qarşılanmaqdadır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri həmin ölkələrin dövlət qurumları, prezident və parlamentlərinə müraciət edərək onları Ermənistanın təcavüzkar siyasətinə qarşı tədbirlər görməyə səsləyirlər. Elə Avropa Azərbaycanlıları da dünya ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətinə qarşı zəruri addımlar atmağa çağırıb. Finlandiya Azərbaycan Assosiasiyası və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Avropanın yerli və beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə, müharibənin alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirib və dünya ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa çağırıb. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin Almaniya Federativ Respublikasının Parlamenti - Bundestaqa ünvanlanmış müraciətində son günlər cəbhə xəttində yaranmış gərgin vəziyyət nəticəsində 13 azərbaycanlı hərbçinin ermənilər tərəfindən qətlə yetirildiyi bildirilib, beynəlxalq ictimaiyyətin məsələyə biganə yanaşmamasının zəruriliyi qeyd edilib. Müraciətdə deyilir: "Artıq neçə illərdir ki, ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətində irəliləyiş yoxdur və Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində effektiv nəticələr əldə olunmur. Əgər hələ də münaqişə nəticəsində insanlar həyatını itirirsə, bu dondurulmuş münaqişə hesab edilə bilməz. Azərbaycanın ərazi bütövlüyü pozula bilməz və BMT-nin bütün müvafiq qətnamələri işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edir". Finlandiya Azərbaycan Assosiasiyasının nümayəndələri isə Finlandiya Parlamentinin bir qrup deputatı ilə görüş keçirib. Görüş zamanı diaspor nümayəndələri son günlər Ermənistan ordusunun bölmələrinin qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın etməsi və düşmən ölkənin kəşfiyyat-təxribat qruplarının cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd etməsi deputatların diqqətinə çatdırıb. Finlandiya Azərbaycan Assosiasiyasının üzvləri baş vermiş hadisələrə beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin biganə qalmasından təəssüf hissi keçirdiklərini bildiriblər. Diaspor təşkilatının nümayəndələri Finlandiya kimi humanist bir dövlətin baş vermiş hadisələrə biganə qalmayacağını və insan tələfatına səbəb olan bu təxribatlara obyektiv qiymət verəcəyinə inandıqlarını bildiriblər. Finlandiya parlamentinin üzvləri ölkələrimiz arasında sıx dostluq, iqtisadi, mədəni əlaqələr mövcud olduğunu bildirib, Finlandiyanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu diaspor nümayəndələrimizin diqqətinə çatdırıblar. Habelə deputatlar təmas xəttində atəşkəsin pozulmasından narahat olduqlarını vurğulayib və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunacağına ümid etdiklərini bildiriblər. Ümumrusiya Azərbaycan Konqresi də son günlərdə cəbhə xəttində yaranmış gərgin vəziyyətlə əlaqədar bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, "Nə qədər ki, Ermənistan beynəlxalq hüquq çərçivəsində təcavüzkarlıq siyasətinə görə layiqli şəkildə cəzalandırılmır, regionda sülhdən və sabitlikdən danışmaq yersizdir. Ona görə də, biz bir daha beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna üz tutaraq yaranmış vəziyyətə təcili müdaxilə etməyə və təcavüzkarın dayandırılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq".Bəyanatda BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinin zəruriliyi də vurğulanıb. Ümumrusiya Azərbaycan Konqresi bəyanatda Ermənistanın atəşkəs haqqında sazişin müddəalarını kobud şəkildə pozaraq insan təlafatına, o cümlədən dinc sakinlərin ölümünə səbəb olan təxribatlarının dərin narahatlıq doğurduğunu ifadə edib. Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri ATƏT-in Minsk qrupuna müraciət edərək, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə yönələn cəhdlərindən dərin narahatlığını bildirib. Müraciətdə qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin son günlər həyata keçirdiyi təxribatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasının nə dərəcədə təhlükəli olduğunu bir daha nümayiş etdirir. "Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri beynəlxalq qurumları Ermənistan Respublikasına atəşkəs sazişinə və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrə əməl etmədiyinə görə ciddi sanksiyalar tətbiq etməyə çağırır." - deyə sənəddə vurğulanır. Litva Azərbaycanlıları Cəmiyyəti Azərbaycan-Ermənistan təmas xəttində Ermənistan hərbi qüvvələri tərəfindən son günlərdə törədilən təxribatlara, eləcə də regionda vəziyyəti daha da gərginləşdirmək məqsədi ilə Ermənistanın atdığı təcavüzkar addımlara etiraz əlaməti olaraq Litvanın dövlət və hökumət nümayəndələrinə müraciət edib. Müraciət Litva Respublikasının Prezidenti xanım Dalya Gribauskayteyə, Litva Respublikası Seyminin Sədri xanım Loreta Graujineneyə, Litva Respublikasının Baş naziri Algirdas Butkyaviçyusa və Litva Respublikasının Xarici İşlər naziri Linas Linkyaviçyusa ünvanlanıb. Sənəddə son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə soxulmaq üçün növbəti dəfə cəhdlər etməsi, heç bir səbəb və əsas olmadan təşkil edilmiş həmin hücumları dəf edən zaman çoxlu sayda Azərbaycan hərbçilərinin həlak olduğu əksini tapıb. Müraciətdə həmçinin bildirilir: "Litva Azərbaycanlıları Cəmiyyəti danılmaz və çox mühüm belə bir faktı bir daha sübut etməyə israrlıdır ki, dünyanın bütün ölkələri və ən ali beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü birmənalı surətdə tanıyırlar. Odur ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları heç bir vəchlə mübahisəli və ya sahibsiz ərazilər sayıla bilməz. Belə olan halda, Azərbaycan dövləti zəbt edilmiş ərazilərini mümkün olan hər bir qanuni yolla azad etmək və doğma torpaqlarda işğal nəticəsində yaranmış faciəli vəziyyəti aradan qaldırmaq istiqamətində əsaslı addımlar atmaq üçün heç bir şübhə doğurmayan mütləq hüquqa malikdir". Sonda Cəmiyyət Litvanın dövlət və hökumət rəhbərlərini son günlər ərzində Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzkar əməlləri beynəlxalq hüquq qaydalarına söykənən ədalət və bəşəri prinsipiallıq mövqeyindən dəyərləndirib zəruri addımlar atmağa, qərb ölkələri tərəfindən təcavüzkara qarşı siyasi və iqtisadi sanksiyaların tətbiq olunması üçün Litva dövlətinin səlahiyyətli qurumlarını Avropa Birliyinin aidiyyatı institutları qarşısında vəsatət qaldırmağa çağırıb. Türkiyənin Adana şəhərində fəaliyyət göstərən Adana Azərbaycan Kültür və Dayanışma (Həmrəylik) Dərnəyi son günlər Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəsin mütəmadi pozulması ilə əlaqədar mətbuat brifinqi keçirib. Dərnəyin sədri Yakup Bulut brifinqdə iştirak edən jurnalistlərə bildirib ki, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı həyata keçirdiyi ədalətsizliyə, təcavüzkarlıq siyasətinə dünya ictimaiyyəti,beynəlxalq təşkilat və qurumlar hələ də göz yumur. O, həmçinin, işğalçı dövlətə qarşı güclü siyasi, hüquqi sanksiyaların tətbiq edilməməsinin rəsmi Yerevanın həyasız təcavüzkar siyasətini davam etdirməsinə səbəb olduğunu vurğulayıb. Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki işğal altında olduğu və BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığını bildirən Yakup Bulut Ermənistanın regionda sülhün və sabitliyin qorunmasına ən böyük maneə olduğunu qeyd edib. O, həmçinin, son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması və diversiya əməliyyatlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın 13 hərbçisinin şəhid olduğunu da jurnalistlərin diqqətinə çatdırıb. Brifinqdə qeyd edilib ki, yaranmış gərginlik, bütün Azərbaycan xalqı kimi, Türkiyədə yaşayan soydaşlarımızı da ciddi şəkildə narahat edir. Sonda Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi tərəfindən beynəlxalq təşkilatlara BMT, ATƏT və Avropa Şurasına Ermənistanın təcavüzkarlıq siyasətini pisləyən müraciət də qəbul olunub. Danimarkadakı "Vətən" Cəmiyyəti Dağlıq Qarabağ və işğal olunmuş torpaqlarda ermənilərin atəşkəs rejimini pozmaqla Azərbaycan əsgərlərinin və dinc insanlarin şəhid olmasına etiraz olaraq Danimarka Parlamentinin spikeri cənab Mogens Lykketoft, Danimarka Parlamentinin Xarici Siyasət Komitəsinin sədri xanim Mette Gjerskov və Danimarka Parlamentinin millət vəkillərinə etiraz bəyanatı göndərib. Bəyanatda son günlər cəbhə xəttində baş verən hadisələr barədə Danimarka rəsmiləri ətraflı şəkildə məlumatlandırılır, ermənilərin atəşkəs rejimini pozması nəticəsində 13 əsgərimizin şəhid olması parlament rəhbərliyinin diqqətinə çatdırılır. "Vətən" Cəmiyyəti beynəlxalq təşkilat və qurumların Ermənistana qarşı ciddi tədbirlər görməsini zəruri sayır. Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi də bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi və çoxsaylı insan itkisinə səbəb olan hərbi əməliyyatlar Gürcüstan azərbaycanlılarını olduqca narahat edir. ATƏT-in Minsk qrupunun həmsədrləri, üzv olan ölkələr, eləcə də vasitəçilik missiyasını daşıyanlar bu məsələ ilə bağlı təcili olaraq kəskin münasibətini bildirməlidirlər. Bu gərgin vəziyyət, cəbhə bölgəsində səngərdə dayanmış əsgərlər arasında deyil, eyni zamanda Azərbaycanın dinc vətəndaşların da həlak olmasına səbəb olur. Bu isə atəşkəs dövründə riayət olunan bütün beynəlxalq prinsip və qaydaların pozulması, beynəlxalq sülh quruculuğu prosesinə ciddi təhlükə deməkdir. BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi dörd qətnamənin tələblərinə əməl olunmaması və beynəlxalq qurumların buna etinasız yanaşması işğalçı Ermənistanı təxribatlar törətməyə sövq edir. Hərbi əməliyyatların işğal olunmuş Azərbaycan ərazilərində aparılması sülh prosesinə böyük maneədir və bu beynəlxalq ictimayyət tərəfindən bu ölkəyə müvafiq sanksiyalarının tətbiq edilməsi üçün əsas verir: "Biz, Gürcüstanda yaşayan azərbaycanlılar birmənalı olaraq işğal olunmuş ərazilərin qeyri-şərtsiz boşaldılmasına, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal etdikləri torpaqlarından çıxarılmasına, dünya ictimayyətinin və beynəlxalq birliyin münasibətində ikili standart prinsipindən əlçəkməsini bəyan edirik".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir