Azərbaycanın diaspor hərəkatı ekran əsərlərində
21 İyul 2014 14:08 DiasporaAzərbaycan diasporunda müşahidə edilən inkişaf meyilləri, bu istiqamətdə əldə edilən nailiyyətlər yeni-yeni metod və texnologiyalardan istifadə üçün zəmin yaradır. Artıq əvvəlki illərlə müqayisədə diasporla bağlı yalnız kiçikhəcmli broşürlər, kitablar çap edilmir, eyni zamanda bu sahədən bəhs edən sənədli filmlər çəkilərək ictimaiyyətə təqdim edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra diaspor sahəsində onlarla sənədli film çəkilib. Belə filmlərdən biri də "Biz azərbaycanliyiq"-sənədli filmidir. Filmdə tamaşaçılar Dünya azərbaycanlılarının I Qurultayının işi ilə yaxından tanış edilir. Filmdə qedy edilir: "Tale elə gətirib ki, dünyanın bir çox ölkəsində soydaşlarımız məskunlaşıb. Onlar müxtəlif şəhərlərdə yaşasalar, ayrı-ayrı sahələrdə çalışsalar da, hər birinin qəlbində eyni vətən sevgisi var. Bütün millətlərə hörmətlə yanaşan, beynəlmiləl təbiətli, tolerant düşüncəli azərbaycanlılar harada olsalar da, əsrlərdən gələn milli ruhu, adət-ənənəni nəsildən-nəslə ötürərək yaşatmağa qadirdirlər". Filmdə bildirilir ki, Azərbaycan müstəqillik qazanandan sonra müxtəlif səbəbdən xaricdə yaşayan soydaşlarımızla əlaqələrin daha da möhkəmlənməsinə heç bir ideoloji əngəl qalmadı..Diaspor təşkilatlarının fəaliyyətinin genişlənməsi və güclənməsi, qurumlar, cəmiyyətlər, dərnəklər arasında əlaqələrin möhkəmlənməsi, birliyin, həmrəyliyin yeni məzmun kəsb etməsi tarixin verdiyi imkan və zamanın tələbi oldu. Əbədiyyətə qovuşan Ümummilli liderimiz Heydər Əliyev məhz bu zərurəti nəzərə alıb Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi barədə sərəncam imzaladı. Beləliklə, 2001-ci ilin noyabr ayında 37 ölkədən diaspor nümayəndələri Bakıda bir araya gəldilər. İki gün davam edən bu mötəbər tədbirdə dinlənən məruzə və çıxışlarda müxtəlif icmaların, birliklərin və cəmiyyətlərin fəaliyyəti barədə maraqlı məlumatlar səsləndi, irili-xırdalı təşkilatların işinin daha da fəallaşması, əhatə dairəsinin genişlənməsi, əlaqələrin güclənməsi barədə təkliflər verildi. Ümummilli Lider Heydər Əliyevin proqram xarakterli nitqi qurultay nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılandı, gələcəyə uzanan şərəfli bir yolun əsas istiqamətlərini müəyyənləşdirdi. Qurultay 103 nəfərdən ibarət Əlaqələndirmə Şurası, 23 nəfərdən ibarət idarə heyəti, eləcə də sədr və müavinlər seçdi. "Bir millət, iki dövlət" sənədli filmi isə Dünya Azərbaycanlılarının II Qurultayının nəticələrinə həsr olunub. Filmdə qedy edilir ki, qurultay nümayəndələri Azərbaycan və Türk diaspor təşkilatlarına müraciət qəbul etdilər. Müraciətdə deyilirdi ki, qardaş xalqlarımız öz tarixlərinin məsul anlarında həmişə bir-birinə dayaq olub, mənəvi irsi qoruyaraq zənginləşdirib. Müstəqil dövlətləri olan Türkiyə Cumhuriyyətini və Azərbaycan Respublikasını yaşatmaqla ulu əcdadlarımızın bizə miras qoyduğu maddi-mədəni sərvətləri gələcək nəsillərə ötürmək üçün əlverişli imkan qazanıblar. Filmdə xüsusi olaraq vurğulanır ki, Türk dünyasının ilk böyük şəxsiyyətinin-Ulu Öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" və Ümummilli Liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamları qarşılıqlı əlaqələrin qədim tarixi kökləri ifadə edərək, siyasi, iqtisadi və mədəni əməkdaşlığın təməl prinsiplərini müəyyənləşdirib. Hər iki müstəqil dövlətin regionun aparıcı qüvvəsinə çevrilməsi, qlobal inteqrasiya proseslərinə fəal şəkildə qoşulması diaspor təşkilatlarının birgə əməkdaşlığının möhkəmlənməsinə daha sağlam zəmin yaradır. Azərbaycan-Türk diaspor təşkilatlarının məskunlaşdıqları ölkələrdə birgə tədbirlər keçirməklə dünya içtimaiyyətinə mövcud həqiqətləri daha doğru-düzgün, dolğun və təsirli şəkildə çatdırmağı məqsədə uygun hesab edən Qurultay nümayəndələri Azərbaycan-Türk diaspor təşkilatlarının I Forumunun keçirilməsi təklifini irəli sürürlər. Sənədli film ilk dəfə 2007-ci ildə paytaxtın əzəmətli Heydər Əliyev sarayında Azərbaycan-Türkiyə diaspor təşkilatları rəhbərlərinin I Forumunda nümaiş etdirilib.
"Biz 50 milyonluq xalqıq"- sənədli filmi də Dünya azərbaycanlılarının II Qurultayının işindən bəhs edir. Filmdə xüsusi olaraq vurğulanır ki, xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin gücləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Odur ki, bu sahədə qazanılan ugurlar və qarşıda duran vəzifələr vaxtaşırı ümumilikdə müzakirə olunmalıdı. Bu məqsədlə Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ilin mart ayında Bakıda Dünya Azərbaycanlılarının II Qurultayı çağrıldı. Bu Qurultay tarixi məzmunu və ictimai əhəmiyyətinə görə bir çox cəhətdən seçilirdi. Birinci fərq Azərbaycanın müstəqil dövlət olaraq son illərdə keçdiyi inkişaf yolu ilə bağlı idi. Əldə olunmuş nailiyyətlər, birlik ideyası diaspor quruculiğu işinə yeni müstəvidən yanaşmağı tələb edirdi. Filmdə o da qeyd edilir ki, ilk qurultaydan ötən dövr ərzində Azərbaycan diasporunun fəaliyyəti nəzərə çarpacaq dərəcədə güclənib. Soydaşlarımızın təşkilatlanması prosesi yekunlaşıb. Müxtəlif qurumların, mərkəzlərin, cəmiyyətlərin işinə gənclər daha çox cəlb olunmağa başlayıb. Bu, ilk növbədə yeni nəslin tarixi vətənlərinə marağının artması, onlarda vətənpərvərlik ruhunun yüksəlməsi ilə əlaqədar idi. Azərbaycanın güclənməsi, qüdrətlənməsi, dünya dövlətləri arasında öz layiqli yerini tutması soydaşlarımızı həm sevindirdi, həm də onlara mənəvi dayaq kimi yaşadıqları mühitdə mövqelərini möhkəmlədirdi. Dünya Azərbaycanlılarının II Qurultayı diaspor təşkilatlarının fəaliyyətində tamamilə yeni bir mərhələni müəyyənləşdirdi. Bu foruma 49 ölkədən 593 nümayəndə, eləcə də çoxsaylı qonaqlar dəvət olunmuşdu. Onların arasında tanınmış elm-mədəniyyət xadimləri, dövlət və hökümət təmsilçiləri vardı. Bütün bunlar tədbirin artan ictimai-siyasi əhəmiyyətinin göstəricisi idi. Qurultaydakı parlaq nitqində Prezident İlham Əliyevin tarixə həkk olan bir ifadəsi sürəkli alqışlarla qarşılandı: "Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir vətəni var-Azərbaycan. Çalışmalıyıq ki, doğma vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək". "Azərbaycan deyəndə"- sənədli filmi ictimaiyyəti ümummilli Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu ilə tanış edir. Film ümummilli liderin 85 illik yubileyinə həsr olunub. Filmdə qeyd edilir ki, bəzən bir insan öz fədakar əməyi ilə bir xalqın, bir dövlətin taleyində elə iz salır ki, adı əbədi olaraq tarixə yazılır. Çağdaş Azərbaycan üçün belə şəxsiyyət Heydər Əliyev idi. Onun əvəzsiz xidmətləri nəticəsində Azərbaycanın müstəqilliyi dönməz, daimi və əbədi oldu. Bugünkü nailiyyətlərimiz onun apardığı uğurlu, uzaqgörən siyasətin nəticəsidir. Təsadüfi deyil ki, xalq onu yeni Azərbaycanın böyük memarı adlandırır. Heydər Əliyevin mənalı ömrü, fədakar əməyi, hər bir soydaşımızı, xüsusən gənc nəslimizi azərbaycançılıq məfkurəsi ətrafında birləşdirir. Bu ülvi arzu hamımız üçün əsl vətənpərvərlik nümunəsidir.
"Birincilər" sənədli filmi şərq aləmində ilk demokratik respublikanın qurucuları, hökumət fəaliyyəti və aqibəti ilə ictimaiyyəti tanış edir. "Birincilər" sənədli filmində qiymətli arxiv sənədlərindən geniş istifadə olunub. Filmdə qeyd edilir ki, 1918-ci ildə Azərbaycanda ilk dəfə demokratik respublika quruldu. Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay sürən fəaliyyəti dövründə dövlətçilik baxımından tarixi əhəmiyyət kəsb edən bir çox yeniliyə imza atdı, qısa zaman kəsiyində dövlətçilik tariximizə unudulmaz səhifələr yazdı. 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində süquta uğrayan demokratik hakimiyyətin liderlərinin bəzisi mühacir həyatı yaşadı, bir qismi isə erməni terrorunun qurbanı oldu.Yaxud represiyalara məruz qaldı. Daha sonra filmdə 1991-ci ildə Azərbaycan Respublikasının yenidən müstəqillik qazanmasından bəhs edilir. Bildirilir ki, müstəqil Azərbaycan respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi elan etdi, Ölkədə hər il may ayının 28-i Respublika günü kimi qeyd olunur. Milli dövlətçiliyimiz tarixində ilk respublikanın çox önəmli yer tutduğunu nəzərə alaraq prezident İlham Əliyev Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunması barədə sərəncam imzaladı
"Ayrılarmı könül candan"-sənədli filmi əsasən tamaşaçıları Diasporla İş üzrə Dövlət Komitəsinin ilk beş illik fəaliyyətini özündə əks etdirir. Filmdə tamaşaçıların diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan edib. Son illər soydaşlarımızla dövlət səviyyəsində sistemli iş aparılması sürətlənib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün keçirilməsi, Dünya azərbaycanlılarının I və II Qurultaylarının çağrılması, "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun, Xaricdə Yaşayan Azərbaycanlılarlaİş üzrə Dövlət Komitəsinin yaradılması bu fəaliyyətin nə qədər ciddi və geniş miqyaslı olduğunu göstərir. Dünya Azərbaycanlılarının I Qurultaydakı nitqində Ulu Öndər Heydər Əliyevin söylədiyi "Mən qurultayın sonunda belə nəticəyə gəldim ki, həqiqətən Azərbaycanda diaspor ilə iş üçün xüsusi dövlət orqanı yaradılmalıdır. Güman edirəm ki, biz bu günlərdə belə bir orqan yaradacağıq, əlaqələr daha da genişlənəcək, inkişaf edəcək, irəliyə doğru gedəcəkdir" fikri də öz əksini tapıb. Filmdə bildirilir ki, yarandığı ilk gündə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin qarşısında duran əsas vəzifələrdən biri diaspor fəaliyyətini milli maraqlarımızın kerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirmək idi. Hazırda dünyanın əksər ölkəsində soydaşlarımızın çalışdığı 400-ə yaxın icma və birlik mövcuddur. Bakıda və xarici dövlətlərdə müxtəlif səpkili tədbirlərin mütamadi keçirilməsi ənənəvi şəkil alıb. Diaspor üzvlərinin tarixi vətənləri ilə əlaqələrinin xeyli küclənməsi, Azərbaycan həqiqətlərinin xaricdə geniş şəkildə duyurulması, azərbaycançılıq ideyalarının təbliği sahəsində daha fəal mövqe tutması yeni dövlət qurumunun prezident İlham Əliyevin müvafiq sərəncamlarına, göstərişlərinə, tövsiyyələrinə uyğun olaraq ardıcıl və səmərəli fəaliyyətinin nəticəsidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir