Litva Seymində “Dağlıq Qarabağla parlament dostluq qrupu”nun gizlinləri

Əvvəli ötən sayımızda

Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqillik əldə etməsindən sonra əksər dövlətlər kimi Litva ilə də normal münasibətlər quruldu və ölkələr arasındakı ikitərəfli əlaqələr yüksək səviyyəyə qaldırıldı. Müstəqil Azərbaycan - Litva münasibətlərinin qurulub inkişaf etdirilməsində bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızın da müstəsna rolu var desək yanılmarıq. Xüsusilə, bu sıraya Litva Azərbaycanlıları Cəmiyyətininin fəaliyyətini tam əminliklə aid etmək olar. Litva Azərbaycanlıları Cəmiyyət 1988-ci ildə fəaliyyətə başladığı gündən Azərbaycanm haqq səsinin Litva ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra mühüm tədbirlər və layihələr həyata keçirib. Sevindirici haldır ki, Cəmiyyətin həyata keçirdiyi tədbirlər öz uğurlu nəticələri ilə həm Litvada, həm də Azərbaycanda yadda qalıb. Hazırda da Litva Azərbaycanlıları Cəmiyyəti qeyd edilən istiqamətdə mühüm fəaliyyətini davam etdirir və bu gün Litvada Azərbaycana qarşı olan təxribatların, erməni diasporunun və ermənipərəst Litva ictimai-siyasi qüvvələrinin Azərbaycana qarşı dağıdıcı fəaliyyətinin qarşısının alınması istiqamətində konstruktiv fəallıq nümayiş etdirərək faydalı nəticələrə imza atır. Azərbaycan əleyhinə yönəlmiş təxribatların qarşısını almaq sahəsində Litva Azərbaycanlıları Cəmiyyətinin növbəti konkret işləri keçən ilin mart ayında da özünü göstərdi. Belə ki, 2013-cü ilin mart ayında Litva Respublikasının Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu" yaradıldı ki, buna ilk reaksiya verən və Seymə qəti şəkildə etirazını bildirən məhz Litva Azərbaycanlıları Cəmiyyəti və onun sədri Mahir Həmzəyev oldu. Mahir Həmzəyevlə söhbətimizdə Litva Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılmasının hansı zərurətdən meydana gəlməsi ilə bağlı məqamlara toxunduq, Cəmiyyət tərəfindən Litva Seyminə və Litva Respublikasının rəhbərlərinə göndərilən etiraz məktublarına, mətbu Bəyanat və təkliflərə verilən reaksiyalara aydınlıq gətirdik. Ümumiyyətlə bu yönümdə görülən bir sıra işləri və mövcud vəziyyəti araşdırdıq. 

-Litva Azərbaycanlıları Cəmiyyəti olaraq bu ölkənin Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılmasını necə qarşıladınız və buna qarşı hansı formada reaksiyalar bildirdiniz?

-Parlamentin Xarci İşlər Komitəsinin sədri, iqtidarda olan Litva Sosial Demokrat Partiyası fraksiyasının təmsilçisi, Vilnüs Universitetinin sabiq rektoru, akademik Benediktas Yuodka  tərəfindən imzalanmış məktubda göstərilir ki, "Dağlıq Qarabağla parlament dostluq qrupu" onun rəhbərlik etdiyi Xarici İşlər Komitəsi tərəfindən "parlamentlərarası əlaqələr üzrə işçi qrupu" qismində tanınmır. Belə ki, "parlamentlərarası əlaqələr üzrə işçi qrupları" yalnız de jure tanınmış dövlətlərin parlamentləri ilə yaradılır. Buna görə də Seymin sədri rəsmi tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın parlamentinə göstərilən qrupun yaradılması barədə məlumat göndərməyib". Seymin Hüquq və Hüquq qaydaları Komitəsinin sədri, tanınmış hüquq mütəxəssisi Yulyus Sabatauskasın imzaladığı rəsmi sənəddə isə konstatasiya olunur ki, "Dağlıq Qarabağla parlament dostluq qrupunun yaradılmasının yuridik əsasları Litva Respublikası Seyminin Əsasnaməsində təsbit olunmuş hüquqi tələblərə uyğun deyil. Belə ki, həmin tələblərə görə "parlamentlərarası əlaqələr üzrə qruplar" yalnız hüquqi baxımdan tanınmış dövlətlərin parlamentləri ilə qurula bilər. Buna görə də, həmin qurum "parlamentlərarası əlaqələr üzrə qrup" olaraq qəbul edilmir və heç bir vəchlə Litva dövlətinin rəsmi mövqeyini əks etdirmir. Seymdə parlamentlərarası əlaqələr üzrə qrupların yaradılması qaydalarının optimallaşdırılması ilə bağlı Litva Azərbaycanlıları Cəmiyyəti və Litva - Azərbaycan Assosiasiyası tərəfindən irəli sürülmüş təkliflər Seymin Nizamnaməsi təkmilləşdirilən zaman nəzərə alınacaq".

-Sizin etirazlarınıza qarşı verilən cavab və reaksiyalar hansı qənaətə gəlməyə əsas verir? 

-Bizim qənaətə görə Seymin Komitələrinin çıxardığı bu nəticələr və Litva azərbaycanlıları diasporuna ünvanladığı cavablar "Dağlıq Qarabağla parlament dostluq qrupu" ilə bağlı erməni ekspansionist qüvvələri tərəfindən Litvada qurulmuş planların və onların Seymdəki bir sıra muzdlu havadarlarının göstərdikləri səylərin faktiki olaraq iflasa uğramasını göstərir. Xüsusilə vurğulamaq lazımdır ki, 1990-cı ilin martın 11-də Litvanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra keçən 24 ildən artıq bir zaman ərzində ilk dəfədir ki, bu ölkənin ali qanunverici orqanı ictimai təşkilatların Seymə ünvanladıqları müraciətdə ifadə olunmuş tənqidi fikirlərin düzgünlüyünü və irəli sürülmüş təkliflərin əsaslı olduğunu etiraf etməyə vadar olub. Düşünürük ki, həmin təkliflər yaxın zamanda Litva Respublikası Seyminin Nizamnaməsində müvafiq dəyişikliklərin edilməsinə gətirib çıxaracaq.

-Belə demək mümkündürmü ki, Litva Seyminin məlum "dostluq qrupu" ilə bağlı milli mövqenin ortaya qoyulmasında bu ölkədəki Azərbaycan diasporunun müstəsna rolu olub?

-Əlbəttə. Bununla yanaşı, bu fakt Litvadakı Azərbaycan diasporunu və Azərbaycanın bu ölkədəki səmimi dostlarını da hiddətləndirdi və onların qəti etirazlarına səbəb oldu. Qeyd olunmalıdır ki, Seymdə "Dağlıq Qarabağla parlament dostluq qrupunun" ləğv edilməsi üçün görülən bu qəti tədbirlər Litvadakı Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti, həmçinin Azərbaycanın Litvadakı təəssübkeş dostlarının dəstəyi və əzmli addımları sayəsində mümkün olub. Bəzi Litva parlament üzvlərinin bu cür dağıdıcı fəaliyyətini tamamilə zərərsizləşdirmək və üzdəniraq "Dostluq qrupunun" ləğv edilməsi məqsədi ilə Litva Azərbaycanlıları Cəmiyyəti və Litva - Azərbaycan Assosiasiyası tərəfindən görülən birgə tədbirlər çərçivəsində Seymin sədr müavini və Parlamentin İdarə heyətinin üzvü İrena Degutene, Seymin Vətən Birliyi (Konservatorlar) - Xristian Demokratlar fraksiyasının sədri və Parlamentin İdarə Heyətinin üzvü, keçmiş Baş nazir Andryus Kubilyus, Liberal Sayudis fraksiyasının sədri, sabiq nəqliyyat naziri Eligiyus Masyulis, Seymin Xarici İşlər Komitəsinin sədri Benediktas Yuodka, həmçinin həmin komitənin sədr müavini, sabiq xarici işlər naziri Audronyus Ajubalis və bir sıra digər nüfuzlu siyasətçilərlə görüşlər keçirildi, məsələ ilə bağlı müvafiq müzakirələr aparıldı və ilkin nəticələr əldə edildi. Bunlarla bərabər, Litva Azərbaycanlıları Cəmiyyəti və Litva - Azərbaycan Assosiasiyası adından kütləvi məlumat vasitələri ilə müxtəlif dillərdə bəyanatlar yayımlandı, müsahibələr və məqalələr dərc edildi. Mətbuatda sözügedən yönümdə Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə çap olunmuş yazılardan litvalı tarixçi, Litva - Azərbaycan Assosiasiyasının prezidenti İ. Melyanasın "Tarixçinin elmi səviyyəsi və siyasətçinin vicdan saflığı haqqında fikirlər" adlı məqaləsini xüsusilə vurğulamaq istərdik. 28 mart 2013-cü il tarixində Litvanın www.balsas.lt xəbərlər portalında litvaca yer almış bu publikasiya ermənipərəst Litva tarixçisi və siyasət adamı A. Kaşetanın "1988-1991-ci illərdə Litva və Ermənistan, eləcə də Dağlıq Qarabağ milli azadlıq hərəkatlarının bir-birinə oxşarlığı" mövzusunda 2013-cü ilin mart ayında Litvanın www.delfi.lt internet qəzetində dərc etdirdiyi analitik məqaləyə cavab olaraq hazırlanmışdı. Tarixçi İ. Melyanasın sözügedən məqaləsində təqdim olunan tarixi faktlar və paralellər, ictimai-siyasi tutuşdurmalar, analitik ümumiləşdirmələr  və məntiqi nəticələr litvalı siyasətçilər və elm adamlarının böyük qismi tərəfindən çox müsbət qarşılandı, həmçinin geniş ictimaiyyət dairələrində yaxşı dəyərləndirildi. Yazı ilə bağlı Litva mətbuatında dərc olunmuş şərhlərdə. İ. Melyanasın intellektual səviyyəsi, geniş dünyagörüşü və vətəndaş cəsarəti yüksək qiymət aldı. Bu məqalə litvalı ermənipərəst tarixçi A. Kaşetaya və Seymdə fəaliyyət göstərən "Dağlıq Qarabağla parlament dostluq qrupu" üzvlərinə tutarlı cavab olaraq nəticə etibarı ilə onları susdurdu.  Litva - Azərbaycan Assosiasiyasının prezidenti İ. Melyanasın publikasiyasında araşdırılan mövzuya olan geniş marağı nəzərə alaraq məqalə Litva Azərbaycanlıları Cəmiyyətinin xətti ilə rus dilinə tərcümə olundu və 2 iyun 2013-cü il tarixində Azərbaycanın www.day.az saytında "Литовский историк разоблачил ложь армян и их друзей" başlığı altında yerləşdirildi. Qeyd edək ki, yuxarıda sözügedən tarixçi və ermənipərəst siyasətçi A. Kaşeta 1996-cı ildən indiyədək davamlı olaraq Litva Respublikası Seyminə üzv seçilir. O, bir müddət Seymin idarə strukturlarında rəhbər vəzifələrdə çalışıbdır. A. Kaşeta 2005-ci ildə Litva Parlamentində qondarma erməni soyqırımının tanınmasını təşkil etmiş əsas şəxslərdən biridir. Erməni xalqı qarşısında "xidmətlərə görə" Ermənistan Respublikasının orden və medalları ilə təltif olunub, fəxri fərmanlara layiq görülüb. O, hazırda Seymin Milli təhlükəsizlik və Müdafiə komitəsinin üzvüdür. Uzun illər ərzində Litvanın Ermənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri olub və indi isə həmin qrupun sədr müavinidir. 14 mart 2013-cü il tarixində Seymdə "Dağlıq Qarabağla parlament dostluq qrupu"nu yaradanlardan biridir.
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31