Azərbaycan diasporunun Fransada formalaşması
12 İyun 2014 19:07 DiasporaAzərbaycan diasporunun fəaliyyət göstərdiyi Avropa dövlətlərindən biri də Fransadır. Yaxın tarixə nəzər salsaq görərik ki, Fransaya azərbaycanlıların mühacirəti XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayıb. Lakin Fransanın Azərbaycana maraqları XV-XVI əsrlərə təsadüf edir. Hələ 1697-ci ildə Parisdə nəşr edilən Bartelemi D.Erblonun "Şərq kitabxanası" əsəri Azərbaycan ədəbiyyatı, mədəniyyəti və şairləri haqqında Fransada ilk yazılı mənbədir. XIX əsrin sonlarından başlayaraq, Fransanın Avropadakı mövqeyinin güclənməsi azərbaycanlıların bu ölkəyə mühacirətini sürətləndirdi. Azərbaycanın imkanlı və ziyalı təbəqəsinin Fransada malik olduqları iş yerləri, mülklər onların ailələri və qohum-əqrəbalarının buraya köçməsinə şərait yaradırdı. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçuların Fransanın iş adamları ilə birgə bizneslərinin olması Fransa-Azərbaycan əlaqələrinin inkişaf etməkdə olduğunu göstərirdi. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra azərbaycanlıların kütləvi köçdükləri ölkələr içərisində Fransa on yerlərdən birini tuturdu. Əlimərdan bəy Topcubaşov, Əli bəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Umbulbanin kimi tanınmış azərbaycanlılar Fransada məskunlaşmışlar. 1991-ci ildə dövlət müstəqilliyimiz elan ediləndən sonra Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin qurulması Azərbaycan diasporunun fəaliyyətinə də təsirini gostərdi. Dağlıq Qarabağ ətrafında baş verən proseslərdə Ermənistanı himayə edən Fransanın bu addımı soydaşlarımız tərəfindən qəzəblə qarşılandı. Bunun nəticəsi olaraq, Fransada bir-birinin ardınca "Qarabağ tarixi və indiki dövr", "Qarabağ" (məqalələr toplusu), "Dağlıq Qarabağ", "Dağlıq Qarabağın tarixi və ona aid sənədlər" kitabları nəşr olundu. Ermənilərin ikinci ana vətəni sayılan Fransada da bu gün onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Belə təşkilatlardan biri də "Araz" Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasıdır "Araz" Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası 2006-cı ildə Parisdə təsis edilib. Assosiasiyanın əsas məqsədi mədəni tədbirlər və xeyriyyə aksiyaları təşkil etmək, Fransada fəaliyyət göstərən başqa mədəni və dini icmalarla sıx əlaqələr qurmaqdır. Təşkil olunmuş tədbirlər zamanı Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi, Dağlıq Qarabağ munaqişəsi və Fransada məskunlaşmış azərbaycanlılarla bağlı ətraflı məlumat verilir və əvvəlcədən hazırlanmış filmlər nümayiş etdirilir."Araz" Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının sədri Qulam Abiyardır. Azərbaycan-Fransız Gənclik Assosiasiyası-Azərbaycan-Fransız Gənclik Assosiasiyası (AFGA) 2003-cü ildə Parisdə təhsil alan bir qrup azərbaycanlı tələbələr tərəfindən təsis edilib. Assosiasiyanın ilk prezidenti o zaman Parisdə təhsil alan Babək İsmayılov olub. Növbəti illərdə təşkilata Mirvari Fətəliyeva başcılıq edib. Azərbaycan-Fransız Gənclik Assosiasiyası bu gün nəinki Parisdə, eləcə də Fransada ən aktiv təşkilatlardan biridir. Fəaliyyət dairəsinin daha geniş olması məqsədilə təkcə tələbələri deyil, eyni zamanda, gəncləri də əhatə edən AFGA-nın 50-dən cox üzvləri sırasına həm azərbaycanlılar, həm də Fransada yaşayan fransız və xaricilər daxildir. Assosiasiyanın əsas məqsədi mədəniyyətimizi, tariximizi, uğurlarımızı, hətta problemlərimizi çatdırmaqla yanaşı, Azərbaycan- Fransa arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni münasibətlərin inkişafına dəstək verməkdir. Təşkilat Parisdə, eləcə də Fransanın müxtəlif şəhərlərində fərqli mövzularda tədbirlər, layihələr həyata keçirir. Təbii ki, Dağlıq Qarabağ məsələsi də daim diqqətdədir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindəndir. Azərbaycan-Fransız Gənclik Assosiasiyasının sədri Vüsalə Məmmədzadədir. Azərbaycan Kültür Mərkəzi-Azərbaycan Kültür Mərkəzi 1990-cı ildən Strasburqda fəaliyyət göstərir. Kültür Mərkəzinin məqsədi mədəni tədbirlər və milli bayramlarımızı təşkil etməklə xalqımızın mədəniyyətini, folklorumuzu qoruyub saxlamağa xidmət etməkdir. Azərbaycan Kültür Mərkəzinin sədri Əhməd Mehribanidir. Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası (FATA)-Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası (FATA) 1999-cu ildə Strasburqda təsis olunub. Assosiasiyanın əsas iş prinsipləri Fransada təhsil alan və məzun olmuş azərbaycanlı tələbələri bir araya gətirmək, Azərbaycanın həqiqətlərini, 20 Yanvar, Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımını həm Fransa ictimaiyyətinə, həm də butun dunyaya catdırmaqdır. Assosiasiya mutəmadi olaraq radio və televiziya kanallarında, eləcə də internet səhifələrində Azərbaycan və onun problemlərindən bəhs edən verilişlər, yazılar hazırlayır. Fransa Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Məmməd İsmayılovdur. Strasburq "Azərbaycan Evi" Cəmiyyəti-Strasburq "Azərbaycan Evi" Cəmiyyəti 2005-cı ilin may ayında Fransanın Strasburq şəhərində yaradılıb. 3 cəmiyyəti - Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti (APEC Az), Azərbaycan Kültür Cəmiyyəti (A.C.A.) və Azərbaycanlı Tələbələr Cəmiyyətini (ASEAF) özündə birləşdirən "Azərbaycan Evi"nin məqsədi bölgədə yaşayan həmvətənlərimizi bir araya gətirmək, vahid diaspor kimi formalaşmasına yardım göstərmək və Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini təbliğ etmək, onun haqqında həqiqətləri yerli ictimaiyyətə çatdırmaqdır. 2007-ci il fevralın 16-dan etibarən "Azərbaycan Evi" Strasburqun mərkəzində və Avropa Şurasından 500 metr aralıda yerləşən ofisdə fəaliyyət göstərir. Strasburq "Azərbaycan Evi" Cəmiyyətinin sədri Mustafa Əlincədir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir