Azərbaycan diasporunun Estoniyada məskunlaşma tarixi

Bu gün Estoniya da Azərbaycan diasporunun müəyyən mənada aktiv olduğu ölkələrdən sayılır. Müxtəlif illərdə bu ölkəyə gedən azərbaycanlılar tədricən özlərinə cəmiyyət və təşkilat yaratmağa nail olublar. Ancaq azərbaycanlıların Estoniyaya nə zaman gəldiyi barədə dəqiq məlumat yoxdur. Hələ XIX əsrin sonlarında Estoniya kitabxanaları və mahal müəssisələrində Azərbaycanın tanınmış şair və ədiblərindən Mirzə Şəfi Vazeh, Molla Pənah Vaqif və Mirzə Fətəli Axundovun alman dillərinə tərcumə edilən kitabları barədə məlumat verilir. 1851-ci ildən etibarən Yuxan Kiyv, Qustav Vulf və Anna Haov dahi Vazehin əsərlərini alman dilindən eston dilinə tərcümə etmişlər. 1978- ci ildə Molla Pənah Vaqifin tanınmış eston yazıçısı F.R.Kreysvald tərəfindən eston dilinə tərcümə olunmuş müxəmməsləri "Skala" qəzetində dərc olunmuşdu. Azərbaycan ədəbiyyatına artan maraq bu dövrdə Estoniyanın böyük universitetlərindən biri olan Tartu Universitetində təhsil alan soydaşlarımız tərəfindən Azərbaycan Tələbələri Birliyinin yaradılması ilə nəticələnir. Birliyin əsas işi ədəbiyyat klubunda Azərbaycan dahilərinin əsərlərini eston dilinə tərcümə edərək yaymaq idi. XX əsrin əvvəllərində təsis olunan "Bakı Eston Cəmiyyəti"nin əsas məqsədi məhz Azərbaycan ədəbiyyatını təbliğ etməkdən ibarət olur. 1991-ci il Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xaricdə yaşayan soydaşlarımızdan Estoniyada yaşayanlar qısa zaman ərzində fəal diaspor formalaşdıraraq, ətrafında burada yaşayanları toplaya biliblər. Estoniya azərbaycanlıları əsasən ticarətlə məşğul olurlar. Lakin burada ziyalı təbəqəsi də azlıq təşkil etmir. Əsasən, Tartu, Tallin, Narva şəhərlərində məskunlaşan azərbaycanlıların ictimai fəaliyyəti diqqətəlayiqdir. Hüquq, ədəbiyyat, texnika, ticarət və digər sahələr üzrə çalışan azərbaycanlılar içərisində dövlət vəzifələrində çalışanlar da var. Təqribi sayı iki minə qədər olan azərbaycanlılar Estoniyanın ictimai, iqtisadi, siyasi, mədəni həyatında mühum rol oynayır. Eston dövlət və ictimai xadimlərilə isti münasibətləri olan soydaşlarımız bu ölkəyə gələn hər bir azərbaycanlıya kömək əlini sevə-sevə uzadır. Estoniyada ana dili qorunur. Azərbaycanlı uşaqlar eston və ingilis dilində tədris alırlar ki, bu da onların gələcəkdə hakimiyyət orqanlarında təmsil olunmasına şərait yaradır. Artıq Estoniyada Azərbaycan məktəbləri fəaliyyət göstərir. Azərbaycanlı Eldar Əfəndiyev parlamentin üzvüdür. O, eyni zamanda, Azərbaycan-Estoniya-Türkiyə qrupunun da rəhbəridir. 2004-cu il dekabrın 15-də Estoniya hökumətinin qərarı ilə Tallin şəhərində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti təsis olunub. Universitet Tallində fəaliyyət göstərən bir çox assosiasiyaların təşəbbüsü ilə yaradılıb. Təhsil ocağının fəaliyyətinin bir qismini Estoniya hökuməti maliyyələşdirəcək. Universitetin əsas vəzifələri Estoniyada yaşayan bütün xalqları türkdilli və Qafqaz xalqlarının mədəniyyəti, dili və tarixi ilə tanış etmək, müxtəlif millətlər arasında tolerant multimədəni əlaqələr formalaşdırmaq, turkdilli və Qafqaz xalqlarını Estoniyanın mədəniyyəti və tarixi ilə tanış etmək, bu xalqların yerli cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Təhsil ocağında ilkin olaraq filologiya, tarix, mədəniyyətşunaslıq, iqtisadiyyat və hüquq fakültələrinin açılması nəzərdə tutulur. Estoniyada Azərbaycan diasporuna məxsus bir sıra ictimai təşkilatlar və kütləvi informasiya vasitələri var.Hazırda Estoniyadakı Azərbaycan diasporu yaxın zamanlarda burada məscid tikməyi planlaşdırıb. Eyni zamanda, burada fəaliyyət göstərən "Bakı klubu" iki dovlət və xalq arasında əlaqələrin möhkəmlənməsinə təkan verir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31