“Gürcüstanda Qarabağ həqiqətləri ilə bağlı sistematik şəkildə aksiyalar, tədbirlər, konfranslar keçirilir” - MÜSAHİBƏ

Ceyhun Narzalov: “Amma bunu da unutmuruq ki, burada ermənilərdə yaşayır, onlar da oxşar tədbirlər həyata keçirərək uydurulmuş tarixlərini yerli əhaliyə göstərirlər”

Bu günlərdə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi və Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi "Azərbaycan, Gürcüstan gəncliyinin gözü ilə" adlı layihə çərçivəsində gürcü gənclərinin Azərbaycana ekskursiyasını təşkil edib. Səfər çərçivəsində gürcü gənclər Azərbaycanda bir sıra görüşlər keçirib, tarixi abidələrə baş çəkiblər. Bu kimi səfərlərin Azərbaycanın gürcü cəmiyyətinə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyən sözügedən qrupun üzvü, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbəsi və Gürcüstan Azərbaycanlıları Tələbələr Assosiyasının (GATA) üzvü Ceyhun Narzalov azərbaycanlı gənclərin gürcü cəmiyyətinə inteqrasiyası istiqamətində həyata keçirilən digər layihələrdən də danışıb.

-Ceyhun bəy, bu günlərdə Gürcüstandan bir qrup gənc Azərbaycana gələrək ölkəmizlə yaxından tanış oldu. Siz bu kimi səfərləri necə dəyərləndirirsiniz və belə səfərlər iki ölkənin gəncləri arasında əlaqələrin inkişaf etməsinə nə kimi müsbət təsir göstərir?

-Məlum olduğu kimi 24-29 may tarixlərində Azərbaycanın bir sıra şəhərinə ekskursiyalar təşkil olundu. Ekskursiyalarda əsasən gürcü jurnalistləri və fəal gəlclər iştirak edirdi. Mən, də İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbəsi və Gürcüstan Azərbaycanlıları Tələbələr Assosiyasının (GATA) üzvü,  eyni zamanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təqaüdçüsü, gənclər şöbəsinin fəal üzvü olaraq bu layihəyə qatılmışdım. Bu layihə Azərbaycanın və Gürcüstanın müstəqillik günləri çərçivəsində həyata keçirildi. Səfər ərəfəsində Bakı şəhərində və bir sıra şəhərlərdə, eləcə də  regionlarda olduq. Azərbaycanın tarixi, mədəniyyəti, həqiqətləri və mətbəxi ilə yaxından tanış olduq. Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarətindən başlayan səfər iştirakçılarda müsbət təəssüratlar yaratdı. Mədəni tədbirlərdə, konfransda iştirak etdik, dövlət məmurları ilə görüşdük. "Gürcü gənclərinin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında rolu" adlı konfransda bir sıra mühüm məsələlər müzakirə olundu. Konfransda Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze və millət vəkilləri iştirak etdilər. İştirak edən gürcü gənclərinin bir çoxu Azərbaycana ilk dəfə gəlirdilər. Onlar Azərbaycanın inkişafını, xalqımızın qonaqpərvərliyini gözləri ilə gördükdə çox təəcüblənmişdilər. Bir azərbaycanlı kimi bu hal məni çox  sevindirdi. Bilirsiniz, biz Gürcüstanda çalışırıq ki, xalqımızın mədəniyyəti və tarixi həqiqətləri haqqında gürcülərə məlumat verək. Necə deyərlər min dəfə deməkdənsə bir dəfə görmək yaxşıdır. Bu baxımdan həmin səfərin mühüm əhəmiyyəti vardı. Bu cür səfər ilk dəfədir ki, bu şəkildə həyata keçirilir. Düşünürəm ki, bu tipli layihələrin həyata keçirilməsi çox vacibdir. Habelə bu layihələrdə jurnalistlərin iştirakı Azərbaycan haqqında gürcü KİV-lərində məlumatların əks olunması, gürcü oxucusunda ölkəmizin tanınması istiqamətində müsbət təsir edəcək. Eyni zamanda iki ölkənin gəncləri arasında bu cür qarşılıqlı səfərlər əlaqələrimizi daha da möhkəmləndirərək dosluğumuzu daimi edəcəkdir. Azərbaycan-Gürcüstan dostluğu və əlaqələri tək siyasi, iqtisadi, mədəni sahələrdə deyil, eyni zamanda xalqlar arasında da inkişaf etdiriləcəkdir.

-Belə səfərlər Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin gürcü cəmiyyətinə çatdırlmasına nə kimi əhəmiyyət daşıyır?

-Səfər çərçivəsində bizim üçün mühüm görüşlər və ekskursiyalar təşkil olunmuşdu. Ən əsas ekskursya isə Şəhidlər Xiyabanına, Qubada yerləşən kütləvi məzarlığa olmuşdu. Şəhidlər Xiyabanını ziyarət edən qrupu millət vəkili Qənirə Paşayeva müşayət edirdi və Qarabağ həqiqətləri haqqında iştirakçılara yerindəcə məlumat verirdi. İştirakçıları ən çox təsirləndirən fakt şəhidlərin arasında jurnalistlərin və həkimlərin olması faktı oldu. Qubaya səfərimiz isə çox yaddaqalan oldu. 1918-ci ildə xalqımızın başına gətirilmiş qətliamların izlərini görən, muzeyi seyr edən iştirakçılar emosiyalarını gizlədə bilmirdilər. Tarixi faktlara və sübütlara əsaslanaraq təqdim olunan məlumat onlarda təccüb hissi oyatdı. Qayıtdıqda bu mövzuda jurnalist araşdırması aparacaqlarını və bu haqda dolğun məlumatların yazılmasını qeyd edən jurnalistlər həqiqətlərimiz haqqında ətraflı məlumatlar aldılar. Xocalı soyqırımı haqqında məlumat verən təşkilatçılar ermənilərin xalqımızın başına gətirdiyi işgəncələrdən söz açdılar. Gürcü jurnalistləri bu faktlarla tanış olarkən hisslərini cilovlayamadılar. Onu da qeyd etmək istərdim ki, qonaqları qaçqınlar və məcburi köçkünlər üçün yaradılmış şərait, salınan şəhərciklər, dövlətin onlara qayğısı çox sevindirdi. Səfər zamanı onlar üçün Azərbaycan həqiqətləri adlı bukletlər və filmlər toplusu təqdim olundu. Eyni zamanda gənclər üçün N saylı hərbi hissədə əsgərlərlə görüşlər keçirildi. Gürcüləri ən çox sevindirən hal xalqımızın, gənclərimizin milli ruhda böyüməsi və vətənə bağlılığı oldu.

-Gələcəkdə bu kimi səfərlərin təşkili, qarşılıqlı olaraq Azərbaycan gənclərinin Gürcüstana səfəri baş tuta bilərmi?

-Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin "Gürcüstan-Azərbaycan gəncliyinin gözü " ilə adlı layihəsi  hazırdı. Layihə müəyyən qurumlara təqdim olunub. Layihənin əsas məqsədi eyni tipli səfəri Azərbaycan gəncləri və jurnalistləri üçün həyata keçirməkdir. Bu layihənin davamı kimi gerçəkləşdiriləcək layihənin sonunda hər iki səfər haqqında təəssüratlarını paylaşan gənclərin materiallarının toplusundan ibarət kitab çap olunacaq, filmlər hazırlanacaq. Ümumiyyətlə qeyd etmək istərdim ki, bir neçə ildir ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 100 nəfər azərbaycanlı tələbə üçün Bakı şəhərinə ekskursiyalar həyata keçirilir. Ekskursiyalarda Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və s haqqında iştirakçılara dolğun məlumatlar verilir. Zəngin və dolğun proqramda gənclərin istirahəti, əyləncəsi, tarixi bilikləri və ekskursiyaları təmin olunaraq onlarda xalqımızı daha da yaxşı tanımaları üçün şərait yaradılır. Bu çox önəmlidir. Bizim burada yaşayan gənclərimiz öz milli kimliyini bilməlidirlər ki, yaşadıqları cəmiyyətdə Azərbaycanı daha da yaxşı təmsil edə bilsinlər. Bu cür layihələrin həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təşəkkürümüzü bildiririk.

-Ümumiyyətlə, Azərbaycanlı gənclər ölkəmizin problemləri ilə bağlı gürcü gənclərini məlumatlandıra bilirmi?

-Hər iki ölkə işğalçılıqdan əziyyət çəkir, hər iki ölkənin torpaqları zəbt edilib, qaçqınları və məcburi köçkünləri var. Acımız oxşardı. Gürcüstanda Qarabağ həqiqətləri ilə bağlı sistematik şəkildə aksiyalar, tədbirlər, konfranslar keçirilir. Bu tədbirlərə gürcü gəncləri, tələbələri, jurnalistləri də qatılır. Onlar bizi çox yaxşı anlayırlar. Amma bunu da unutmuruq ki, burada ermənilərdə yaşayır, onlar da oxşar tədbirlər həyata keçirərək uydurulmuş tarixlərini yerli əhaliyə göstərirlər. Amma həqiqət hər zaman qalib gəlməlidir, ədalət öz yerini tutmalıdır. Düşünürəm bu cür layihələr, səfərlər, Azərbaycan xalqı ilə sıx münasibətlərin qurulması erməni yalanlarını ifşa etməkdə kömək edəcək və ədaləti sevən gürcü xalqı həqiqətin harada olduğunu anlayacaqdır. Necə ki, bu səfərdən sonra biz nəinki həqiqətlərimizi onlara göstərdik, eyni zamanda oğurlanmış mədəniyyətimizi, mətbəximizi gürcü gənclərinə çatdırdıq. Yol boyu mətbəximizin nümunələrindən, musiqimizdən soruşan gənclər Azərbaycana gəldikdə suallarına düzgün cavab taparaq həqqətin harada olduğunu anladılar.

-Azərbaycxan Mədəniyyət Mərkəzi və onun gənclər biriliyi  zəngin tarixi-mədəni irsimizin təbliği sahəsində hansı işlər görür?

-Azərbaycanlıların Mədəniyyət Mərkəzi 10 ilə yaxındır ki fəaliyyət göstərir. Mən təşkilatın yüzlərlə üzvündən biriyəm. Təşkilatın bir sıra layihələrində, tədbirlərində iştirak edirəm. Diasporla iş üzrə Dövlət Komitəsinin Virtual məktəb proqramı olduqca önəmlidir. Proqramda Azərbaycan tarixi, coğrafiyası, dili, ədəbiyyatından online dərslər keçirilir. Bundan başqa mərkəzdə tarix dərnəyi var ki, Azərbaycan və Gürcüstan tarixini gənclərə öyrədir. Gənclər şöbəsi sistematik olaraq tədbirlər, konfranslar, tarixi ekskursiyalar həyata keçirir ki, bu da gənclərdə vətəndaşı olduğu ölkəyə və xalqına bağlılıq yaradır. Mərkəzdə "Sarvan" musiqi-rəqs folklor ansamblı da var ki, rəqslərimizi və milli musiqimizi müsabiqələrdə və dövlət tədbirlərində təbliğ edir.

-Gürcüstanda yaşayan Azərbaycanlı gənclərin üzləşdiyi əsas problemlər hansılardır?

-Mən gənc jurnalist kimi məni narahat edən ən əsas problemi qeyd edə bilərəm- o da gənclərin jurnalistika peşəsinə maraqlarının az olmasıdır. Gürcüstanda jurnalistika fakultəsində təhsil alan yalnız 5-6 nəfər azərbaycanlı gənc var. Bu peşəyə marağın artırılması üçün düşünürəm ki, gənclər üçün çap məhsulu çap olunmalıdır, ki bu peşəyə yiyələnmək üçün gənclərdə stimul yaransın.

-Gənclərimiz gürcü cəmiyyətinə inteqrasiyada maraqlı görünürlərmi?

-Biz artıq neçə ildir ki, cəmiyyətə inteqrasiya prossesindəyik. Gənclərimizin əksəriyyəti dövlət dilini mükəmməl şəkildə mənimsəyib, bir neçə gəncimiz dövlət idarəetmə strukturlarında təmsil olunur. Təbii ki, bu prosses hələ bir neçə il daha davam edəcək. Qarşılıqlı əməkdaşlıq, ünsiyyət, mədəniyyətlərin qovuşması və s kimi amillərdən sonra məqsədə çatmaq mümkün olacaq. Əsas odur ki, cəmiyyətə öz milli mənəvi dəyərlərimizi itirməmək şərtilə inteqrasiya olunaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31