BAK-ın yeni ofisinin açılışı olub
30 May 2014 16:04 DiasporaBenilüks Azərbaycanlıları Konqresi (BAK) Avropa Birliyinin paytaxtı Brüssel şəhərində yerləşən mənzil qərargahının rəsmi açılışını edib. "OLAYLAR"-ın xəbərinə görə, təşkilatın mənzil qərargahı Brüsselin məşhur "Qrand Plaza" Meydanı dairsində yerləşir. Yeni ofisin rəsmi açılışında Brüsseldə akkreditə olunmuş diplomatlar, siyasətçilər, Azərbaycan, Turkiyə, Ukrayna və yəhudi diaspor təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri iştirak edib. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov qonaqları salamlayaraq təşkilat üzvlərini BAK-ın Brüsseldəki mənzil qərargahının açılışı münasibətilə təbrik edib. O, təşkilatın bundan sonra Belçika və Luksemburqda da aktiv fəaliyyət göstərəcəyini vurğulayıb. Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Fuad Isgəndərov Benilüks Azərbaycanlıları Konqresini əldə etdiyi nailiyyətlərə görə təbrik edib və təşkilatın lobbiçilik istiqamətində inamla addımladığını xüsusi qeyd edib.