Azərbaycan diaspor təşkilatı mükafata layiq görülüb
27 May 2014 13:59 DiasporaHollandiya Azərbaycan Türk Kültür Dərnəyi Hollandiyada artıq ikinci dəfə keçirilən və 15 nominasiyada uğurlu fəaliyyətinə görə seçilmiş adamlara, eləcə də qurumlara verilən "Altın Lalə" mükafatına layiq görülüb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, "Altın Lalə" mükafatı hər il holland və türk əhali arasından seçilmiş siyasətçi, idmançı, jurnalist, iş adamı və təşkilatlara uğurlu, səmərəli fəaliyyətinə görə təqdim edilir. Bu dəfə "İlin təşkilatı" mükafatı artıq 20 ildən çoxdur fəaliyyət göstərən Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinə verilib. Təqdimat mərasimində çıxış edən Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, təşkilat komitəsi 20 illik fəaliyyətimizi nəzərə alaraq onları bu mükafata layiq görüb. İlhan Aşkın mükafata görə başda "Altın Lalə" Təşkilat Komitəsinin rəhbəri Bülent Türker olmaqla hər kəsə öz təşəkkürünü bildirib. Qeyd edək ki, mükafatın təqdimat mərasimi Haaqa şəhərində Opera Alyans Salonunda təntənəli şəkildə keçirilib. Mərasimdən əvvəl Soma kömür mədənində baş verən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.