Bu gün Azərbaycan diasporu güclənib
Vüqar Əhmədov: “Hətta artıq diasporumuzun fəaliyyətində hücum taktikası da müşahidə edilməkdədir”
30 Aprel 2014 18:21 Diaspora"Ona görə də bu xətti davam etdirmək lazımdır"
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin təbliği istiqamətində uğurlu fəaliyyət göstərən təşkilatlardan biri də Azərbaycan-Amerika Gəncləri İctimai Birliyidir. Fəaliyyəti dövründə Birləşmiş Ştatlarda Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı və digər bu kimi hadisələrlə bağlı çoxsaylı tədbirlər keçirən AAGİB yaxın vaxtlarda daha bir neçə uğurlu layihə həyata keçirməyi düşünür. "OLAYLAR"-a verdiyi müsahibədə AAGİB-in sədri Vüqar Əhmədov rəhbərlik etdiyi təşkilatın qarşısında duran vəzifələr, AAGİB-in Amerikada fəaliyyət göstərən diaspor təşkilatları ilə mümkün əlaqələri barədə danışıb.
-Vüqar müəllim, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi olaraq ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ probleminin təbliği istiqamətində yaxın vaxtlarda hansı layihələr, tədbirlər keçirməyi nəzərdə tutur?
-Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi olaraq ölkəmizin həqiqətlərinin xaricdə təbliğ edilməsi istiqamətində hər zaman fəaliyyətimizi davam etdiririk və bu bizim üçün prioritet hesab edilir. Bundan sonra da təşkilatımız tərəfindən Amerikada istər Dağlıq Qarabağ problemi, istərsə də Xocalı soyqırımının tanıdılması ilə əlaqədar tədbirlər, müxtəlif aksiyalar davam etdiriləcək. Onu qeyd etmək istərdim ki, bu gün Birləşmiş Ştatlarda Azərbaycanın təbliğatına çox böyük ehtiyac var. Düzdür, son dövrlər Amerikanın 10-dan artıq ştatında Xocalı soyqırımı tanınıb, Dağlıq Qarabağ probleminin Amerika ictimaiyyətinə çatdırılması istiqamətində bir çox işlər həyata keçirilir, ancaq bütün bunlara baxmayaraq okeanın o tayında daha səmərəli və aktiv iştirak etmək zəruridir. Bizim əsas məqsədimiz amerikalı gənclər vasitəsilə Azərbaycan həqiqətlərini Birləşmiş Ştatlara çatdırmaqdır. Ona görə də biz təşkilat olaraq bu kimi təmaslarımızı davam etdirir, Amerikanın nüfuzlu universitetləri, beyin mərkəzlərində çalışan mütəxəssislərlə əlaqələr qururuq. Qarşıdakı zaman ərzində isə paytaxt Vaşinqtondakı aparıcı qeyri-hökumət təşkilatları ilə görüşlərin keçirilməsi, onlara Qarabağ problemi barədə məlumat verilməsi planlaşdırılır. Eyni zamanda konqresmenlərlə davamlı işin aparılması nəzərdə tutulur. Bundan başqa Amerika-Azərbaycan Gənclər Forumun keçirilməsini qarşımıza əsas hədəf kimi qoymuşuq. Həmin foruma amerikalı gənclərin cəlb edilməsi nəzərdə tutulur. Strategiya bundan ibarətdir ki, məhz həmin amerikalı gənclər vasitəsilə Azərbaycan həqiqətlərini Birləşmiş Ştatlar cəmiyyətinə çatdıraq. Həmçinin gənclərin informasiya kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnməsi ilə bağlı gələcəkdə müxtəlif təlimlərin keçirilməsi planlaşdırılır. Bu da imkan verəcək ki, Azərbaycan həqiqətlərini virtual aləmlə də beynəlxalq ictimaiyyətə çatdıra bilək. Çünki bu da çox vacibdir. Bu gün virtual aləm həqiqətlərin təbliğ olunması üçün real məkan hesab edilir. Ona görə də gələcəkdə azərbaycanlı gənclərdən, yerli bloggerlərdən ibarət mütəxəssislər vasitəsilə Azərbaycan həqiqətlərini Qərb cəmiyyətinə çatdırmağı nəzərdə tuturuq. Bir sözlə qarşıda duran mühüm vəzifələr Xocalı soyqırımı, Dağlıq Qarabağ problemi ilə bağlı Amerikada təqdimatlar keçirməkdir.
-Amerika-Azərbaycan Gəncləri Forumu nə zaman reallaşacaq və rəhbərlik etdiyiniz İctimai Birliyin təşkilatçılığı ilə baş tutacaq?
-Azərbaycan-Amerika Gəncləri Forumunun keçirilməsi cari ilin sonuna planlaşdırılıb. Forumun əsas təşkilatçısı Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi olacaq. Bundan başqa Vaşinqtonda yerləşən bir sıra nüfuzlu universitet, beyin mərkəzləri və təşkilatların da bu işə qatılması və prosesə töhfə verməsi nəzərdə tutulur. Hələlik bu istiqamətdə danışıqlar aparılır.
-Bəs forum harada keçiriləcək?
-Forum Bakıda və ya Vaşinqtonda keçirilə bilər. Hər iki halda həmin foruma amerikalı gənclərin, vətəndaş cəmiyyəti nümayəndələri, beyin mərkəzləri, universitetlərdə təhsil alan aparıcı tələbələrin prosesə qoşulması nəzərdə tutulur. Forum çərçivəsində təşkil olunan işçi qrupları, ayrı-ayrı seksiyalarda müxtəlif mövzular müzakirə ediləcək. Misal üçün Azərbaycan və Amerika gənclərinin əməkdaşlığı nəticəsində Dağlıq Qarabağ münaqişəsində hansı hədəflərə nail olmaq mümkündür? Təbii ki, burada əsas məqsədlərdən biri də Azərbaycan-Amerika münasibətlərinin inkişaf etdirilməsi, iki ölkənin strateji tərəfdaşlığının daha da gücləndirilməsində gənclərin rolunu qabartmaqdır. Eyni zamanda Azərbaycan-Amerika münasibətləri kontekstində gənclərimizin əsas hədəf kimi gördüyü Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gözləntiləri amerikalı gənclərin diqqətinə çatdırmaqdır. Ona görə də çalışacağıq ki, daha çox amerikalı gəncləri bu prosesə cəlb edək və onlar vasitəsilə Azərbaycan həqiqətlərinin Amerika cəmiyyətinə çatdırılmasına nail olaq. Digər tərəfdən son dövrlər virtual aləmdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı ilə əlaqədar kifayət qədər saytlar, səhifələr yaradılıb ki, orada Azərbaycanın dolğun həqiqətləri təcəssüm edilir. Eyni zamanda kifayət qədər nəşri materiallar, kitablar var. Həmin materialların da amerikalı gənclərə təqdim olunması, onlar vasitəsilə təbliğat işinin genişləndirilməsini nəzərdə saxlamışıq.
-Müntəzəm olaraq Birləşmiş Ştatlara səfər edir və orada Azərbaycanla bağlı müxtəlif layihələr, tədbirlər təşkil edirsiniz. Bəs okeanın o tayında fəaliyyət göstərən diaspor təşkilatlarımız sizin təşəbbüslərə, layihələrə dəstək nümayiş etdirirlərmi?
-Təssüflər olsun ki, hələ də Azərbaycandan kənarda fəaliyyət göstərən diaspor təşkilatlarının birliyə, sıx əməkdaşlığa ehtiyacı var. Ayrı-ayrı hallarda qeyd etmək mümkündür ki, xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mövcuddur. Ancaq mən istərdim ki, bunu biz daha sıx şəkildə təşkil edək. Hazırda apardığımız müşahidələrin nəticəsi olaraq onu görmək mümkündür ki, Azərbaycan həqiqətlərinin Qərb cəmiyyəti, Birləşmiş Ştatlarda təbliğ olunması istiqamətində ayrı-ayrı qeyri-hökumət təşkilatlarının təşəbbüsləri, fəaliyyətləri var. Ancaq koordinasiya məsələsi bir qədər zəifdir. Deyək ki, bir qeyri-hökumət təşkilatının hansısa ölkədə göstərdiyi fəaliyyət barədə oradakı Azərbaycan cəmiyyətlərinin məlumatı olmur. Yaxud bəzi hallarda diaspor təşkilatları, cəmiyyətlər həmin QHT-yə dəstək verməkdən də çəkinirlər. Bəlkə hesab edirlər ki, yalnız onlar bu fəaliyyətlə məşğul olmalıdırlar. Bir qədər də dəqiqləşdirsək Azərbaycanın həqiqətlərini xaricə çıxarmaq üçün müxtəlif təşəbbüslərlə çıxış edən qeyri-hökumət təşkilatlarına xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri tərəfindən qısqanclıq meyilləri var, bu münasibət hiss olunur. Bu da təssüf doğuran bir haldır. Açığını deyim Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi olaraq biz də bu kimi mənfi hallarla üzləşmişik. Kaliforniyada, eləcə də Birləşmiş Ştatların digər şəhərlərində tədbirlər keçirərkən belə hallara rast gəlmişik. Ona görə də hesab edirəm hər zaman bu məsələnin üzərinə gəlmək lazımdır. Hesab edirəm ki, bu istiqamətdə biz səylərimizi birləşdirməliyik. Çünki həm onların bizə, həm də bizim onlara ehtiyacımız var. Bütün bunları nəzərə alaraq hər zaman ikitərəfli, körpü şəklində əməkdaşlığı arzu etmişəm. Keçirdiyimiz görüşlərdə, müzakirələrdə, mətbuata verdiyim müsahibələrdə bu məsələni onların diqqətinə çatdırıram. Ümumiyyətlə, diaspora sahəsi çox həssas bir mövzudur. Bu Azərbaycanın milli məsələlərinin təbliğidir. Ona görə də bu məsələdə cəmiyyətin bütün təbəqələrinin qeyri-hökumət təşkilatları, diasporaların həmrəylik nümayiş etdirməsi, bir-birinə dəstək olması çox vacibdir. Burada milli maraqdan başqa maraq olmamalıdır. Yalnız milli maraq və Azərbaycanın təbliğ olunması əsas götürülməlidir. Ümid edirəm ki, gələcək fəaliyyətimizdə Birləşmiş Ştatlarda uğurlu fəaliyyət göstərən cəmiyyət və təşkilatların dəstəyini ala biləcəyik
-Qeyd etdiyiniz mənfi tendensiyanı diaspora sahəsi ilə məşğul olan müvafiq rəsmi qurumlara çatdırırsınızmı?
-Ayrı-ayrı görüşlər, təmaslarda biz bunu qeyd edirik. Ancaq onu da nəzərə almaq lazımdır ki, xarici ölkələrdə fəaliyyət göstərən diasporlar, cəmiyyət və birliklər müstəqil təşkilatlardır. Hesab edirəm ki, bu məsələdə şikayət xarakterli yanaşmadan daha çox istək, həmrəylik özünü büruzə verməlidir. Düşünürük ki, bunun çıxış yolu onlarla dialoq, təmas qurmaq, həmin təşkilatlara daha çox yaxınlaşmaq və birgə əməkdaşlığa nail olmaqdır. Çünki onlar müstəqil cəmiyyətlərdir və onlar barəsində müvafiq qurumlara şikayət etməyimiz arzuedilən bir hal deyil. Biz istəmərik ki, hansısa dövlət qurumuna şikayət edək, iradlarımızı çatdıraq. Onsuz da dövlətin müvafiq qurumu öz-özlüyündə bu işi görür, xaricdə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan cəmiyyətləri, təşkilatları böyük tədbirlərin çətiri altında birləşdirir. Bu fürsətdən yararlanmaq, əməkdaşlığı gücləndirmək vətəndaş cəmiyyəti olaraq bizim üzərimizə düşür. Çünki həmin cəmiyyətlərin əksəriyyəti ilə məhz dövlət səviyyəsində keçirilən böyük tədbirlərdə tanış olmuşuq. Bütün halda hesab edirəm ki, siyasi mövqeyi, yanaşması və fəaliyyətindən asılı olmayaraq Azərbaycanın milli məsələləri, ölkəmizin həqiqətlərinin təbliği istiqamətində vahid prinsiplə çıxış etməliyik. Azərbaycan dövlətinin güclü iradəsi, diaspora sahəsinə xüsusi qayğısı sahəsində bu gün deyə bilərik ki, Azərbaycan diasporu güclənib. Hətta artıq diasporumuzun fəaliyyətində hücum taktikası da müşahidə edilməkdədir. Ona görə də hesab edirəm ki, bu xətti davam etdirmək lazımdır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir