Niderlanddakı azərbaycanlı qadınlardan etiraz

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi Niderland Krallığının Almelo şəhərində Erməni Apostol Kilsəsinin ərazisində qondarma erməni soyqırımı abidəsinin ucaldılmasına etiraz olaraq Almelo Bələdiyyəsinə məktub ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, birliyin sədri Mayisə Ağamirzəyeva erməni diasporunun bu addımına qarşı etiraz məktubunun Hollandiyada yaşayan soydaşlarımız adından göndərildiyini bildirib. Məktubda keçən əsrin əvvəllərində törədildiyi iddia edilən və hələ də araşdırılmaqda olan, əsassız erməni soyqırımına bu qədər diqqət ayırmağın ədalətsiz addım olduğu qeyd edilib. Müraciətdə həmçinin, yaxın keçmişdə - 22 il öncə ermənilər tərəfindən azərbaycanlılara qarşı amansızlıqla həyata keçirilmiş Xocalı soyqırımı, bir milyondan çox azərbaycanlının erməni aqressiyasının qurbanı olması xatırladılır. Məktubda ümid edilir ki, Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin timsalında dünyada sülh, ədalət və demokratiya simvolu olan Niderland Krallığında belə haqsızlığa yol verilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31