Danimarkadakı diaspor təşkilatları ilə görüş keçirilib
3 Aprel 2014 17:17 DiasporaDanimarkanın paytaxtı Kopenhagendə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) və Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. "OLAYLAR"-ın Diasporla Iş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, cəmiyyətin sədri Kəmalə Hüseynova Danimarka ictimaiyyətinin Azərbaycanla bağlı yaxından məlumatlandırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Cəmiyyətin fəaliyyəti nəticəsində Danimarka ictimaiyyətinin Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalıda törədilmiş soyqırımı haqqında məlumatları artmış, ölkənin ictimai rəyində Azərbaycanın ədalətli mövqeyinə dair fikirlərin formalaşması sürətlənib. AzərTAc-ın Danimarkaya ezam edilmiş əməkdaşları Aygün Həsənova və Elşən Şahbalayev agentliyin müxtəlif ölkələrdə diaspor təşkilatları ilə birgə həyata keçirdiyi layihələr barədə məlumat veriblər. Bildirilib ki, AzərTAc Azərbaycan, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, ölkəmizin mədəniyyəti və incəsənətinin təbliği üçün xaricdəki diaspor təşkilatları ilə birgə tədbirlər həyata keçirib.