“Niderlandda Azərbaycan diaspor təşkilatları daha güclüdür” - MÜSAHİBƏ
Sahil Qasımov: “Biz ermənilərin Niderlandda hansısa siyasi tədbir keçirməsinə hər zaman mane olmuşuq”
19 Mart 2014 16:22 Diaspora"Hazırda biz çalışırıq ki, erməniləri Belçikadan da sıxışdırıb ataq"
Bu gün Avropada uğurla fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri də Benilüks Azərbaycanlıları Konqresidir. Əsasən Niderland, Belçika və Lüksemburqu əhatə edən Benilüks Azərbaycanlıları Konqresi digər Avropa ölkələrində də müəyyən tədbirlər həyata keçirir, Azərbaycanın haqq səsinin ümumilikdə Avropaya çatdırılması istiqamətində böyük çaba sərf edir. Məlumat üçün qeyd edək ki, Benilüks Azərbaycanlıları Konqresi 18 noyabr 2006-cı il tarixində Niderlandın paytaxtı Amsterdam şəhərində yaradılıb. Benilüks Azərbaycanlıları Konqresi yarandığı gündən etibarən Azərbaycan həqiqətlərini Avropada yayır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yaşadığı ölkələrin ictimaiyyətini məlumatlandırır və erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparır. Belə ki, fəaliyyəti müddətində Benilüks Azərbaycanlıları Konqresi Suzan Krugerin çəkdiyi "Ümid axırıncı olur" filminin satışa buraxılmaması, erməni rejissor Hovanesyanın "Hərb və sülh insanlarının aqibəti" filminin Rotterdam IDFA film festivalından çıxarılması, Utrext Turizm Sərgisində ermənilərin stendlərindən dəfələrlə Qarabağa aid materialların çıxarılması, "Archax Fruit" adı altında Niderlandda satılan qida maddələrinin ifşa edilməsi və bu qida maddələrini idxal edən şirkət haqqında lazımi instansiyalara məlumat verilməsinə nail olub. Həmçinin, Brüsseldə Avropa Parlamenti qarşısında Xocalı soyqırımı ilə əlaqədar olaraq nümayişlərin keçirilməsi, Rotterdam şəhərində küçələrdən birinə yenidən Bakı adının verilməsi də Benilüks Azərbaycanlıları Konqresinin gördüyü işlər sırasındadır. Yaxın vaxtlarda növbəti qurultayını keçirməyi nəzərdə tutan Benilüks Azərbaycanlıları Konqresi qurultaydan sonra fəaliyyətini daha da aktivləşdirməyi, bir sıra istiqamətlərdə zəruri addımlar atmağı nəzərdə tutur. Benilüks Azərbaycanlıları Konqresinin dördüncü qurultayı ərəfəsində adı çəkilən təşkilatın sədri Sahil Qasımovla görüşüb söhbətləşmək qərarına gəldik. Sahil Qasımov "OLAYLAR"-a verdiyi müsahibədə təmsil etdiyi qurumun qarşısında qoyduğu yeni vəzifələr, Benilüks ölkələrindəki Azərbaycan diasporunun durumu və s barədə danışıb.
-Sahil bəy, Benilüks Azərbaycanlıları Konqresinin 2014-cü il üçün tədbirlər planı nədən ibarətdir və cari il ərzində konqres olaraq hansı tədbirlər keçirməyi nəzərdə tutursunuz?
-Benilüks Azərbaycanlıları Konqresi 2014-cü ildə bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. İl ərzində istər Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması, istərsə də Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi və digər istiqamətlərdə tədbirlərin keçirilməsinə daha çox üstünlük veriləcək. 2014-cü il bizim üçün daha da əlamətdar olacaq. Çünki bu il bizim konqresin sayca dördüncü qurultayı keçiriləcək. Təxminən may ayının sonu, iyun ayının əvəllərində qurultayın keçirilməsi nəzərdə tutulur. Məlum olduğu kimi hər üç ildən bir Benilüks Azərbaycanlıları Konqresinin qurultayı keçirilir. Cari ildəki fəaliyyət proqramımız çərçivəsində biz istəyirik ki, Benilüks ölkələrinin hər birində, onun əyalətlərində Azərbaycan təşkilatlarının yaradılmasına nail olaq. Bu bizim üçün çox önəmlidir. İstər bu Niderlandda, istərsə də Belçikada olsun. Artıq bir neçə əyalətdə təşkilatlanmanı başa çatdırmışıq. Proses bundan sonra da davam edəcək.
-Qurultayda konqresin gələcək həyatı ilə bağlı hansı yeniliklər özünü ehtiva edəcək?
-Biz konqres olaraq daha çox siyasi müstəvidə fəaliyyətə üstünlük veririk. Xüsusilə, 2014-cü ildən başlayaraq bu sahədə aktivliyimizi artırmağı qarşıya məqsəd qoymuşuq. Bu fəaliyyət prizmasına Benilüks ölkələrinin siyasi partiyaları ilə işləmək, onlarla əlaqələri daha da genişləndirmək daxildir. Çalışacağıq ki, cari il ərzində qeyd edilən istiqamətlərdə konkret addımlar ataq. Bu fəaliyyətə həmçinin parlamentlərlə işləmək də daxildir. Biz istəyirik ki, Avropa dövlətlərinin bir çox ölkələrində Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxaraq. Eyni zamanda həm Xocalı faciəsi, həm də 31 mart-Azərbaycanlıların Soyqırım Gününə siyasi qiymətin verilməsinə çalışacağıq. Bunlar bizim üçün çox önəmldir. Digər mühüm əhəmiyyət kəsb edən məsələ isə yerli xalqların nümayəndələri ilə işləmək, bu ölkələrdə yaşayan azərbaycanlıların seçkili orqanlarda yer almasına nail olmaqdır. Bura həm bələdiyyə, həm də parlamentlər daxildir. Bu kimi seçkili orqanlarda azərbaycanlıların təmsil olunmasını çox istəyirik. Ona görə də qeyd edilən istiqamətlərdə fəaliyyətimizi davam etdirəcəyik. Heç şübhəsiz ki, qarşıya qoyduğumuz həmin mühüm vəzifələr barədə Benilüks Azərbaycanlıları Konqresinin növbəti qurultayında da fikir mübadiləsi aparılacaq.
-Benilüks ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız qarşıya qoyulan hədəflərə çatmağa qadirdirmi və diaspor təşkilatlarımızın belə bir potensialı varmı?
-Benilüks Azərbaycanlıları Konqresi 3 ölkədə 15-dən artıq təşkilatı özündə birləşdirir. Konqresin tərkibində birləşən təşkilatlar mühüm gücə, qüvvəyə malikdirlər. Təbii ki, bizdə təmsil olunmayan təşkilatlar da müxtəlif tədbirlər həyata keçirirlər. Mən deyərdim ki, Benilüks ölkələrində siyasi fəallıq daha çoxdur və bu ölkələrdə, xüsusilə Belçika və Niderlandda çox böyük potensial var ki, həmin potensialdan istifadə etmək lazımdır. Heç kim üçün sirr deyil ki, azərbaycanlıların Avropada kompakt yaşadığı ölkələrdən biri də Niderlanddır. Bu gün Niderlandda 30 mindən artıq azərbaycanlı yaşayır. Niderlandda yaşayan azərbaycanlıları birləşdirmək, onlara müəyyən güc vermək, soydaşlarımızın malik olduğu potensialı istiqamətləndirmək çox mühümdür. Biz də Benilüks Azərbaycanlıları Konqresi olaraq çalışırıq ki, həm Benilüks ölkələrində, həm də digər xarici ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif siyasi proseslərdə iştirak etsinlər. Hansı ki, həmin proseslər Azərbaycanın tanıdılması, onun problemlərinin dünya ictimaiyyətinə, müxtəlif siyasi müstəvilərə çıxarılmasından ibarətdir. Konkret olaraq həmin potensiala biz sahibik və bu potensial bizdə var. Sadəcə olaraq onu düzgün istiqamətləndirməliyik.
-Bəs bu potensila, gücə qarşı Benilüks ölkələrində fəaliyyət göstərən erməni lobbisi, diasporunun cavabı necədir? Onlar hansısa formada sizin fəaliyyətə mane olmağa çalışırlarmı?
-Benilüks ölkələrinə nəzər salsaq görərik ki, Niderlandda erməni lobbisi o qədər güclü deyil və qüvvəsi yoxdur. Çünki Niderlandda Azərbaycan diaspor təşkilatları daha güclüdür. Biz ermənilərin Niderlandda hansısa siyasi tədbir keçirməsinə hər zaman mane olmuşuq. Məsələn ermənipərəst Suzan Krugerin çəkdiyi "Ümid axırıncı ölür" filminin satışa buraxılmaması, erməni rejissor Hovanesyanın "Hərb və sülh insanlarının aqibəti" filminin Rotterdam IDFA film festivalından çıxarılmasına nail olduq və həmin filmin mükafatlandırılmasının qarşısını aldıq. Həmçinin üzərində "Aкtsax" yazılmış erməni qida məhsullarını Avropada ifşa edərək onların satışının dayandırılmasına nail olduq. Bu qəbildən olan bir çox mühüm tədbirlər həyata keçiririk. Ancaq təbii ki, Belçika ilə bağlı bunu deyə bilmərik. Çünki Belçikada erməni lobbisi daha qüvvətlidir. Bunun da bir səbəbi Belçikanın Fransaya daha yaxın olmasıdır. Avropada çox fəal olan Erməni Diaspor Konqresi Belçikada, ümumilikdə Avropada müxtəlif tədbirlər həyata keçirir. Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı fevralın 26-da bizim Belçikadakı Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyimizi bildikdə onlar da eyni vaxtda Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası təşkil etdilər. Ancaq onu da deyim ki, ermənilərin təşkil etdiyi aksiya heç də effektli alınmadı. Əgər bizim keçirdiyimiz aksiyada 200-yə yaxın adam iştirak edirdisə, ermənilərin etiraz aksiyası isə olduqca zəif oldu. Həmin aksiyada cəmi 17 nəfər iştirak edirdi. Bir növ gülünc bir səhnə alındı. Təbii ki, bu da Benilüks Azərbaycanlıları Konqresinin uğurlu fəaliyyətinin nəticəsidfir. Hazırda biz çalışırıq ki, erməniləri Belçikadan da sıxışdırıb ataq. Hardasa biz buna nail olmaq üzrəyik. Buna tam nail ola bilməməyimiz isə Benilüks ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının tam birlikdə olmaması ilə bağlıdır. Təbii ki, Benilüks Azərbaycanlıları Konqresində təmsil olunan təşkilatlar vahid şəkildə fəaliyyət göstərir və eyni mərkəzdən idarə olunurlar. Ancaq digər diaspor təşkilatlarında bu birlik yoxdur. Çox təssüflər olsun ki, digər təşkilatlarda biz bu birliyi təmin edə bilməmişik.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir