Türkiyədə diasporumuzu gücləndirməliyik
Tənzilə Rüstəmxanlı: “Bundan sonra qardaş ölkədə bu məsələlərə xüsusilə diqqət yetirilməlidir”
17 Mart 2014 17:13 DiasporaBu günlərdə Azəri-Türk Qadınlar Biliyinin sədri Tənzilə Rüstəmxanlı qardaş Türkiyə Cümhuriyyətində səfərdə olub. Səfər çərçivəsində Tənzilə Rüstəmxanlı Türk Qadınlarının Qurultayında iştirak edib və Xocalı soyqırımı ilə bağlı Türkiyənin 6 universitetində təşkil olunan konfranslara qatılıb. Azəri-Türk Qadınlar Birliyinin sədri bildirib ki, qardaş ölkəyə bu dəfəki səfəri zamanı Türkiyədə keçirilən Milliyyətçi Qadınlar Qurultayında iştirak edib. Həmçinin Türkiyə Təhsil Həmkarlar İttifaqının təşkilatçılığı ilə İstanbul, İzmir, Muğla, Kayseri, Aydın, Mərsin universitetlərində təşkil olunan konfranslara qatılıb. Tınzilə Rüstəmxanlının sözlərinə görə, ali təhsil ocaqlarında keçirilən görüşlərdə universitet müəllim və tələbə heyətinə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar verilib və tədbir iştitakçılarına maarifləndirici xarakter daşıyan materiallar təqdim olunub. Tənzilə Rüstəmxanlı qardaş Türkiyədəki diasporumuzun durumu, bu ölkənin cəmiyyətində Dağlıq Qarabağ problemi ilə bağlı mövcud olan məlumat, həmin problemə türk insanının nümayiş etdirdiyi mövqe barədə də danışıb. Azəri-Türk Qadınlar Birliyinin sədri bildirib ki, illərdir bu səpkili görüşlər, konfranslar nəticəsində artıq milli məfkurəli insanların bu faciə haqda kifayət qədər məlumatı var: "Amma təəssüflər olsun ki, qardaş ölkənin sadə vətəndaşlarına hələ də Qarabağ problemini, Xocalı faciəsi barədə məlumatları lazımi səviyyədə çatdıra bilməmişik. Təssüflər olsun ki, universitetlərin tələbə və müəllim heyətinin əksəriyyəti indiki Ermənistanın Azərbaycan torpaqları olduğunu, onların Azərbaycana qarşı apardıqları işğalçılıq siyasəti haqqında məlumatlı deyillər". Tənzilə Rüstəmxanlı qeyd edib ki, keçirilən konfranslarda Xocalı soyqırımı ilə yanaşı, ermənilərin Qafqaza gəlmə olduqlarını və digər bu kimi məsələləri də onlara izah ediblər. Təşkilat sədri Xocalı soyqırımı ilə bağlı Türkiyədə keçirilən son kütləvi aksiyalardan da danışıb: "Türkiyədə bu faciə ilə bağlı keçirilən son aksiyalara daha çox milliyyətçilər maraq göstərir və onlar Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olduqlarını bildirirlər. Biz bu məsələnin qardaş Türkiyədə, o cümlədən, dünyanın müxtəlif ölkələrində tanıdılması istiqamətində işlərimizi davam etdirəcəyik. Biz bu haqlı işimizdən heç zaman imtina etməyəcəyik. Artıq apardığımız təbliğat işləri də öz nəticəsini verməkdədir". Tənzilə Rüstəmxanlı eyni zamanda dünyanın müxtəlif ölkələrində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı lazımi təbliğat vasitələrinin olmamasından gileylənib: "Bu kimi təbliğat vasitələrini bir neçə dildə dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyənin təhsil müəssisələrinə, kitabxanalara pulsuz olaraq paylamağımız vacibdir. Bu, hər kəsin də olmasa, birinin diqqətini mütləq çəkəcək. Hesab edirəm ki, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarına xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən bu məsələ ilə bağlı verilən qrantlar çox azdır. Hazırkı ayrılan vəsaitlə qeyd etdiyim problemləri aradan qaldırmaq mümkün deyil və dövlət bu məsələyə yenidən baxmalı, lazımi qədər vəsait ayrılmasına şərait yaratmalıdır". Tənzilə Rüstəmxanlı həmçinin Türkiyə mediasında Ermənistanın Azərbaycan torpaqlarının işğal faktı və bu ölkənin xalqımıza qarşı apardığı soyqırım siyasətinin yetərincə işıqlandırılması məsələsinə də toxunub. Bildirib ki, bunun üçün qardaş Türkiyə Cümhuriyyətində də diaspora fəaliyyətini gücləndirməyə ehtiyac var: "Son dönəmlərə qədər düşünürdüm ki, Türkiyə qardaşımızdı, bir millət, iki dövlətik. Məhz buna görə də Türkiyədə diaspor fəaliyyəti göstərməyə ehtiyac yoxdur. Bizə hər zaman elə gəlib ki, Azərbaycanı narahat edən məsələlər Türkiyə gündəminə də oturacaq, media bu haqda danışacaq. Ancaq 2009-cu ilin martında sərhədlərin açılması məsələsi gündəmə gələndə mən Türkiyə mediasında elə yazıların şahidi oldum ki, uzun müddət özümə gələ bilmədim. Elə düşünürdüm ki, türk mediası yekdil bir fikir ortaya qoyaraq deyəcək ki, qardaşımız Azərbaycanın maraqlarına uyğun deyilsə, o sərhədlər açılmamalıdır. Amma təəssüflər olsun ki, biz bunun tam əksini gördük. Bunları görəndən sonra anladım ki, baxışlarımızı dəyişməliyik. Türkiyə bizim canımız-qanımızdı, qardaşımızdı, bunlar hamısı öz yerində. Ancaq biz orada öz diasporumuzu da gücləndirməli və yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlığımızı artırmalıyıq. Biz bu məsələyə diqqət ayırmadığımıza görə hətta Türkiyədə də erməni təbliğatına uduzuruq. Etiraf etmək lazımdır ki, erməni diasporu bu məsələdə bizdən qat-qat güclüdür. Biz bu vaxta qədərki arxayınçılığımızı bir kənara qoyub real işə keçməliyik. Orada ən sanballı telekanalları da, qəzetləri də alıb öz mənafelərimizin müdafiəsi üçün istifadə etməliyik. Azərbaycan imkansız bir dövlət deyil. Təbii, "Kanal 24" və "Star" qəzetinin nümunəsindəki kimi yox... Azərbaycan "Kanal 24"-lə "Star" qəzetinin 50 faiz sahibidi. Xocalı soyqırımının ildönümündə kanal bu faciə ilə bağlı bir cümlə də vermədi. Miliyyətçilərin "Bəngütürk" kanalı isə Xocalı ilə bağlı saatlarla verilişlər verdi, xronika yayımladı, bütün xəbər buraxılışlarında bu haqda danışıldı. Hesab edirəm ki, bundan sonra qardaş ölkədə bu məsələlərə xüsusilə diqqət yetirilməlidir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir