Diaspor tarixinin görkəmli şəxsiyyətlərindən Cəmaləddin Əfqani
5 Mart 2014 17:44 DiasporaAzərbaycan diaspor tarixinin görkəmli şəxsiyyətləri sırasında Cəmaləddin Əfqaninin də adı xüsusi qeyd olunur. Şərq və Qərb mədəniyyətlərini dərindən mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmiş görkəmli şəxsiyyət Cəmaləddin Əfqani 1838-ci ilin noyabr ayında Həmədan yaxınlığındakı Əsədabad kəndində doğulub. Cəmaləddin Əfqani ərəb, fars və türk dillərini mükəmməl öyrənib və hər üç dildə əsər yazıb. O, fransız və rus dillərini də bilirdi. Cəmaləddin Əfqaninin atası nüfuzlu din xadimi olub. atasının sayəsində o, Kabildə mükəmməl dini təhsil aldıqdan sonra Əfqanıstanın suverenliyi uğrunda çalışan və bir müddət buna nail olan Əmir Dost Məhəmmədin yanında xidmət edir. Cəmaləddin Əfqani hətta Baş nazir vəzifəsində də olur. Ömrünün çox hissəsini səyahətlərdə keçirən Cəmaləddin Əfqani bir müddət Hindistanda və Misirdə yaşamış, Misir Universitetində professor işləmiş, məşhur Ərəbi peşə üsyanlarının rəhbərlərindən biri olmuşdu. Sonra o, Hindistana köçüb Heydərabadda məskunlaşmış, ingilislərin təkidi ilə oradan da uzaqlaşdırılmışdır.Bir müddət Tehranda yaşamış və çox keçmədən Londona gedib ömrünün bir hissəsini orada keçirmişdir.
Mənbələr göstərir ki, Əfqani Amerikada da olub, sonra Parisə qayıdıb, bir müddət publisistika və qəzetçiliklə məşğul olub. Hətta "slavyanofil"lərin rəhbəri Katkovla görüşüb Hindistanın azadlığı uğrunda birgə mübarizə aparmağı ona təklif edib. Bütün bunlar onu Qərb müstəmləkəçilərinə qorxulu və təhlükəli düşmən kimi tanıtmışdı. 1878-ci ildə Türkiyədə elm və tədris ocaqlarında oluduğu antiimperialist xarakterrli mühazirələrinə görə ölkədən qovulmasına baxmayaraq Sultan Əbdülhəmid onu1892-ci ildə yenidən Türkiyəyə dəvət etmişdi. O, ikinci dəfə İstanbula gəlmiş və ömrünün axırını, yəni 1897-ci ilə qədər burada yaşamışdır. 1944-cü ildə məzarı Kabilə köçürülmüşdü. Cəmaləddin Əfqaninin siyasi və fəlsəfi baxışlarına görə, hər millətin taleyini o millətin öz öhdəsinə buraxmaq lazımdır. Şeyx Cəmaləddin hesab edirdi ki, milli birlik və həmrəyliyə nail olmaq üçün dil və din birləşdirici amillərindən istifadə edilməlidir. Cəmaləddin Əfqani dilin ictimai funksiyasını, milli tərəqqidə oynadığı rolu, milləti millət edən əsas və başlıca komponent olduğunu konkret faktlarla sübut etmiş və dil birliyini "milli vəhdət" adlandırmışdı. Bu iki amilin fərqli cəhətlərini göstərən Şeyx yazırdı: "Dil birliyi, yəni milli birlik dini birlikdən daha möhkəm və sabitdir. Çünki o, öz müddət ərzində mövcud olmağı və başqa dil ilə əvəz olunmağı qəbul etmir. Din birliyi isə belə deyil. Tarix göstərir ki, bir dildə danışan bir millət min il ərzində öz dilinə ciddi xələl gətirmədən iki, üçdəfə dinini dəyişib başqa dinlə əvəz edə bilir. Odur ki, dil birliyindən hasil olan əlaqə və ittifaqın təsiri dini əlaqələrin təsirindən daha artıqdır". Cəmaləddin Əfqani islam birliyi ideyasını ortaya atan və ona elmi, siyasi məna verən mütəfəkkir olub. O, birinci növbədə islamın döyüşkənliyini bərpa etməyə çalışırdı. Türk şairinin banisi Məhəmməd Əmin Yurdaqul Əfqani haqqında yazırdı: "Məni Şeyx Cəmaləddin yoğurmuşdu, Əgər ruhların sonsuzluğu və ölməzliyi varsa, deyərdim ki, Cəmaləddin vücudunun ətlərini və kəmiklərini torpağa buraxmışsa, ruhunu da mənə ərməğan etmişdi. Onun ruhu məndə yaşayır".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir