Amerikada Azərbaycan diasporası inkişaf edir

Mehriban Nəsib: “Günü-gündən daha çox uğur qazanırıq”

"Son nəfəsimə qədər Vətənimə xidmət edəcəm"

Dünyanın dörd bir yanında fəaliyyət göstərən Azərbaycan diasporu okeanın o tayında da öz aktivliyi ilə seçilir. Hazırda Birləşmiş Ştatlarda bir çox diaspor təşkilatları mövcuddur ki, onlar da zaman-zaman keçirdikləri tədbirlər vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırlar. Sevindirici haldır ki, Birləşmiş Ştatlarda yaşayan soydaşlarımız təkcə diaspor təşkilatı daxilində deyil, eləcə də ondan kənarda, fərdi şəkildə də öz mübarizəsini aparır, Azərbaycan həqiqətlərinin amerikalılara çatdırılması istiqamətində məqsədyönlü addımlar atırlar. Hətta həmin insanların fərdi şəkildə gördükləri işlər bir çox hallarda bir təşkilatın fəaliyyətinə bərabər sayıla bilər. Belə aktiv soydaşlarımızdan biri də Amerikadakı Azərbaycan diasporunun fəallarından sayılan Mehriban Nəsibdir. Onunla söhbətimizdə qarşıdan gələn Xocalı soyqırımı ilə bağlı Amerikada keçiriləcək tədbirlər, eləcə də bu ölkədəki Azərbaycan diasporunun vəziyyətindən danışdıq.

-Mehriban xanım, müntəzəm olaraq sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin Amerika və dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyünüz işlərlə bağlı fotoşəkillər paylaşırsınız. Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı da hansısa aksiya və təbdir keçirməyi düşünürsünüzmü?

- Bəli. Mən Nyu-Yorkda yaşayan vətənpərvər azərbaycanlı kimi bunu özümə borc bilirəm və öz qarşımda bunu bir məqsəd kimi qoymuşam. Çalışıram ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mənim də bir əməyim olsun. O ki, qaldı Xocalı Soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsinə, bəli, tədbirlərimiz var. Bu məqsədlə fevralın 20-də Nyu-Yorkun məşhur Times Meydanında (Times Square) Azərbaycan-Amerika İttifaqı (Azerbaijan America Alliance) tədbir keçirdi və biz gənclər də orada iştirak etdik.  Bundan başqa fevral ayının 26-da Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında saat 10-dan 12-yə qədər etiraz aksiyamız olacaq. Saat 12-dən 14-ə qədər isə BMT-nin Bas Qərargahı qarşısında etiraz aksiyamız keçiriləcək. Aksiya zamanı biz həm də çalışacağıq ki, insanları ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə məlumatlandıraq. Bunun üçün informasiya bülletenləri hazırlamışıq. Bir sözlə, Amerikanin azərbaycanlılar yaşayan hər şəhərində belə tədbirlərin keçirilməsi planlaşdırılıb. 

-Ümumiyyətlə, Birləşmiş Ştatlarda yaşayan soydaşlarımız, xüsusilə, gənclərimiz Azərbaycan problemlərinin amerikalılara çatdırılmasında nə dərəcədə maraqlı olurlar? 

-Çox təssüflə deməliyəm ki, gənclərimiz, xüsusən də gənc nəsil bu işdə o qədər də maraqlı deyil. Bu problemi aradan qaldırmaq üçün mntəzəm olaraq gənclərimizlə sıx əlaqə saxlamağa və onlara bunun Vətənimiz üçün nə qədər önəmli olduğunu çatdırmağa çalışıram. Bəzən gənclər məni "millətçi" olmaqda günahlandırır və  bu yolla dünya ictimaiyyətinə bir şey çatdıra bilməyəcəyimizi düşünürlər. Onlar  məni "hələ də ermənilərlə uğraşmaqda" günahlandırır və yeni yollar tapmağı məsləhət görürlər. Bəli, yeni yollar axtarıb tapmalıyıq. Amma mən düşünmürəm ki, biz öz məqsədimizdən əl çəkməliyik. Niyə ermənilər 100 il bundan əvvəl kimsənin xəbəri olmayan və heç bir şahid, sübutu olmayan qondarma erməni soyqırımını hər yerdə tanıtmağa çalışırlar, biz isə haqlı olduğumuz və cəmisi 20-25 il bundan qabaq olan faciəmizi dünyaya çatdırmamalıyıq? Nə üçün bundan əl çəkməliyik?! Biz nəinki Xocalı Soyqırımına siyasi qiymətin verilməsinə nail olmalıyıq, həmçinin bu soyqırımın bütün dünya ictimaiyyətinə, nəsildən-nəsilə çatdırılmasına çalışmalıyıq. Bu bizim qarşımızda duran böyük və ümdə vəzifələrimizdəndir.

-Ümumiyyətlə, Amerikada Azərbaycan diasporunun durumunu necə qiymətləndirirsiniz? 

-Amerikada Azərbaycan diasporası inkişaf edir. Günü-gündən daha çox uğur qazanırıq. Bildiyiniz kimi Simali Amerikanın Azərbaycan Gəncləri Şəbəkəsi (Azerbaijani Youth of North America ) ASA Cəmiyyəti ilə bərabər bu istiqamətdə çox işlər görür. Bu şəbəkənin səyi nəticəsində Xocalı faciəsi Amerikanın bir çox ştatlarında tanınıb. Mən bu fürsətdən istifadə edib Cavid Huseynova, Tomris xanım Azəri və bu işdə əməyi keçmiş hər kəsə böyük minnətdarlığımı bildirir və Amerikadakı Azərbaycan gəncləri adından onlara  çox sağ olun deyirəm! Ümumiyyətlə, götürəndə, diasporamız son zamanlar çox işlər görür və inkişaf edir. Amma biz digər xalqların (məsələn, ermənilər, gürcülər və ən yaxınımız olan Türkiyə Türklərinin) diaspora təşkilatlarından zəifik. Bu da azərbaycanlılarin burada hələ yeni olması və kifayət qədər şəbəkələnməməsi ilə əlaqədardı. Azərbaycanın adını çəkəndə "harda yerləşir ki?!" sualı ilə qarşılaşmaq nə qədər ağırdırsa, Ermənistanın adını çəkəndə hər kəs "bəli, mən bilirəm, harada yerləşir" cavabını almaq ondan daha çox üzücüdür. Ona görə də biz daha çox işləməliyik, fəaliyyət göstərməliyik.

-Sizcə, diasporumuz daxilində hansısa problemlər varmı və həmin problemləri aradan qaldırmraq üçün nələri təklif edərdiniz? 

-Bu suala artıq demək olar ki, yuxarıda cavab verdim. Bizim diasporada birləşə bilmək problemi var. Bundan başqa, diasporamızda dil problem mövcuddur. Gənclər ingilis dilinə nə qədər yaxşı və tez yiyələnirsə (həmin gənclərin də çoxu  diaspora təşkilatlarından uzaq dururlar), yaşlı nəsil bir o qədər gec ve çətin yiyələnir. Onların ingilis dilində danışıq aparmaq qabiliyyətləri demək olar ki, yox dərəcəsindədir. Bu da bizim ən böyük problemlərimizdən biridir. Bundan başqa, diasporamızda maliyyə problemləri var. Müəyyən bir layihə həyata keçirmək üçün diaspora təşkilatlarımıza müraciət etdikdə onların "bizdə maliyyə yoxdur" cavabını eşitmək gəncləri və Azərbaycanla bağlı layihə həyata keçirmək istəyən digər insanları çox kədərləndirir. Diasporamızın ən böyük problemlərindən biri də buradakı cəmiyyətlərin heç birinin ofisinin olmamasıdır. Hətta 55 illik fəaliyyəti olan ASA-nın belə ofisi yoxdur. Yəni yox dərəcəsindədir. Cəmiyyətin binası dağılıb və onun təmiri çox böyük maliyyə tələb edir. Digər cəmiyyət və təşkilatların isə heç birinin dağılmış da olsa belə binası, ofisi yoxdur.

-Bəs türk diaspor təşkilatları ilə əməkdaşlığınız hansı səviyyədədir? 

- Çox şükür ki, əladir! Bizim Amerikada və elə Nyu-Yorkda da ən böyük dəstəyimiz Türkiyə diaspora təşkilatları və onların birləşdiyi Türk-Amerikan Dərnəkləri Federasyonudur (TADF). Bizə, krım Türklərinə və digər Türk ölkələrinin diaspora təşkilatlarına çox böyük dəstək verən TADF-ə, onun keçmiş başqanı Ali Çinar bəyə və yeni başqan Atilla Pak bəyə təşəkkürümüzü bildiririk. Hər zaman, yaxşı və pis gündə yanımızdadırlar və dəstəkçimizdirlər. Çox sağ olun, TADF.

-Amerika, xüsusilə Nyu-York ermənilərin çoxluq təşkil etdiyi yerlərdən biridir. Bu mənada Sizin Azərbaycanla əlaqədar keçirdiyiniz tədbirlərə ermənilər təzyiq göstərməyə çalışırlarmı?

- Doğrudur. Bu barədə az da olsa yuxarıda dedim. Ermənilərin çox güclü diasporası var və təssüflə qeyd etməliyəm ki, erməni gəncləri diaspora ilə çox sıx əlaqə yaradırlar. Bunu ermənilərin keçirdikləri tədbirlərdə (Columbia University-də keçirdikləri konfrans buna əla nümunə idi) iştirak etdikdə gördüm. Gənclər "siz bizə tapşırıq verin ki, biz vətən üçün nə etməliyik? Nə qədər pul toplamalıyıq?!" sualına cavab verən təşkilat rəhbəri "siz yaxşı oxuyun, şəbəkələnin, ətrafınıza çoxlu amerikanlar toplayın və puldan narahat olmayın. Bizim pulumuz var və biz sizə lazım olduğu qədər pul verəcəyik" dedi.  Həmin konfransı hətta telefonuma belə şəkmişəm). Düzü, bu, məni çox kədərləndirmişdi. Bəli, onlar bizim tədbirləri dağıtmağa çalışırlar, əsasən  də gənclər. 2013-cü ildə Columbia Universitetində keçirdiyimiz Xocalı tədbirini dağıtmaga çalışmaqları buna əyani nümunədir. Bundan başqa onların səfirlik, konsulluqlarının qarşısında keçirdiyimiz tədbirləri dağıtmaga çalışmaqlarını xüsusi qeyd etmək istəyirəm. Yəqin ki, Azərbaycan Prezidenti BMT-də çıxış etməyə gələndə ermənilərin etiraz aksiyası keçirdiklərini eşitmisiniz.  Biz onlarla üzbəüz dayanmışdıq və demək olar ki, söz müharibəsinə çıxmışdıq. Onlar çalışdılar bizə mane olsunlar, amma alınmadı. Bir Azərbaycan Türk qızı kimi əlimdən gələni edəcəm ki, Amerikada Azərbaycan həqiqətləri öz yerini alsin. Son nəfəsimə qədər Vətənimə xidmət edəcəm və nə qədər ki, Qarabağ işğaldan azad olmayıb bu mənfurlara nifrətim keçməyəcək.  Ən böyük arzum Qarabağın azad edilməsi və Xocalı soyqırımının günahkarlarının öz cəzasını almasıdır. Bundan başqa həm də Amerikada Azərbaycan gəncləri olaraq şəbəkələnmək, ən yaxşı vəzifələri tutmaq və Azərbaycanı ən yaxşı tərəfdən tanıtmaq başlıca qayəmdir. İnşallah Böyük Allahın köməyi ilə bunlara nail olacağıq. Buna inanıram. Sonda çox sevdiyim bir cümləni qeyd etmək istəyirəm. "Sorma ki, Vətən sənin üçün nə edib? Sor ki, sən Vətən üçün nə etmisən".  Düzdür, çoxları düşünəcək ki, bu çox çeynənmiş cümlədir. Amma məni tanıyan hər kəs bilir ki, Vətənimi nə  qədər sevirəm. Çünki Vətən sənin doğulduğun torpaqdır, Vətən sənin Anandır. Vətən sənin qürurundur, taleyindir, Vətən sənin bəxtin və nəhayət  vətən sənin hər şeyindir.  Bir gün heç yerdə qala bilmədiyində qayıdacaq evindir. Vətən, Azərbaycan mənim sevgimdir. Azərbaycan mənim hər şeyimdir və mən son nəfəsimədək Azərbaycana və Türk Millətinə xidmət edəcəm. Fikrimi Siseronun cümləsi ilə bitirirəm: "Mən ya vətənimin azadlığı uğrunda yaşamalı ya da onunla birlikdə məhv olmalıyam".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31