Almaniyanın ictimai nəqliyyatında Xocalı soyqırımını əks etdirən çarxlar nümayiş olunub
17 Fevral 2014 16:34 DiasporaDiasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, Almaniyada Saksoniyanın inzibati mərkəzi olan Drezden şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində Xocalı soyqırımını əks etdirən çarxların nümayişini təşkil edib. Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda fevralın 15-i və 16-da hər gün 24 saat ərzində hər 5 dəqiqədən bir 20 saniyəlik Xocalı videoçarxı göstərilib. Videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı və faciənin baş verdiyi tarix 26.02.1992 yazılır. Daha sonra "Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı faciəsinin qurbanlarını anır", "Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8", "Azərbaycana qarşı insanlıq faciəsi" yazıları bir-birini əvəz edir. Videoçarxın nümayişi fevralın 25, 26 və 27-də də gün ərzində davam etdiriləcək.