Ukrayna-Azərbaycan əlaqələrindən bəhs edən yeni kitab çap edilib
6 Fevral 2014 14:30 DiasporaSüleyman/("OLAYLAR")/ Ukraynanın Xarkov şəhərinin "Fakt" nəşriyyatında tanınmış alim, hüquq elmləri doktoru, professor Arif Quliyevin "Ukrayna-Azərbaycan əlaqələri: hüquq, siyasət, diplomatiya" kitabının birinci cildi işıq üzü görüb. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, kitabda iki ölkə arasında olan əlaqələrdən, qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət açılır. Professor Arif Quliyevin yeni kitabı alimin uzun illər ciddi araşdırmalarının, həyatının bir hissəsini diplomatik və publisistik fəaliyyətə həsr etmiş müəllifin fikir və mülahizələrinin bəhrəsidir. Müəllifin qaldırdığı bir çox problemlərlə bağlı əldə etdiyi nəticələr özünün də bilavasitə şahidi olduğu beynəlxalq münasibətlər prosesinə analitik yanaşmanın məhsuludur.