Diaspor təşkilatlarının regional mərkəzləri yaradılacaq
5 Fevral 2014 14:10 Diasporaİstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas qrupunun toplantısı öz işini davam etdirib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda dünyanın müxtəlif regionlarında qurulması nəzərdə tutulmuş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin Əsasnamə layihəsi ilə bağlı rəy və təkliflər ətrafında müzakirlər aparılıb. Layihədə yaradılacaq mərkəzlərin əsas fəaliyyət istiqamətləri, türkdilli xalqların diasporları arasında əməkdaşlığın genişləndirilməsi prinsipləri, türkdilli xalqların mənafelərinin qorunması sahəsində fəaliyyət mexanizmləri ilə bağlı müddəalar öz əksini tapıb. Əsasnaməyə görə Regional mərkəzlərin fəaliyyət göstərdiyi ölkələrdəki Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının hər birindən iki nümayəndə təmsil olunacaq. Daha sonra xarici ölkələrdə yaşayan türkdilli gənclərin diaspor quruculuğu sahəsndə fəaliyyətini koordinasiya etmək məqsədilə qurulacaq Gənclər Komissiyası ilə bağlı müzakirlər aparılıb. Qərara alınıb ki, bu barədə təmas qrupunda təmsil olunan Azərbaycan nümayəndələrinin hazırlayacağı təkliflər paketi Türkiyə təmsilçilərinin də rəyi nəzərə alınmaqla növbəti toplantıda müzakirəyə çıxarılsın. İclasda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının regional mərkəzlərinin ilkin mərhələdə ABŞ, Fransa, Almaniya və Ukraynada qurulması barədə razılığa gəlinib.