Həmvətənlərimiz Murmansk şəhərində əlbəyaxa döyüş üzrə turnirin qalibi oldular
3 Fevral 2014 13:47 DiasporaMURMANSK. Əlbəyaxa döyüş üzrə Murmanskda keçirilmiş açıq şəxsi komanda birinciliyində yüz nəfərə yaxın gənc idmançı iştirak etmişdir. Mükafat uğrunda təkcə vilayət mərkəzinin nümayəndələri deyil, həmçinin Rusiya Federasiyasının Murmansk vilayətinin Polyarnı, Oleneqorsk, Severomorsk, Polyarnıye Zori şəhərlərindən və Kola rayonundan gəlmiş gənclər mübarizə aparmışlar. Gənclər arasında keçirilmiş yarışların nəticələrinə görə qızıl medalların çoxunu murmansklılar, yaşlılar arasında isə sərhədçilər qazanmışlar. 85 kiloqramadək olan çəki dərəcəsində qızıl medal qazanmış həmyerlimiz Tağı Tağıyev ən yaxşı texnikaya görə xüsusi mükafata layiq görülmüşdür. Ən yaxşı məşqçi Andrey Qoroxov, ən yaxşı hakim Aleksandr Xlebopaşenko elan edilmişdir.
Əlbəyaxa döyüş üzrə Murmanskda keçirilmiş açıq şəxsi komanda birinciliyinin qalibləri 12-13 yaşlı yeniyetmələr arasında yarışlarda 45 kiloqramadək çəki dərəcəsində həmvətənimiz Vüsal Bayramov (Murmansk şəhəri), 40 kiloqramadək çəki dərəcəsində - Vladislav Filippov (Murmansk), 50 kiloqramadək çəki dərəcəsində - Maqomed Əbdüləzizov (Polyarnı şəhəri), 55 kiloqramadək çəki dərəcəsində - Pavel Pavlov (Murmansk şəhəri), 65 kiloqramadək çəki dərəcəsində - Nikita Danilov (Kola rayonu), 70 kiloqramdan yuxarı çəki dərəcəsində isə İlya Krasotin (Murmansk şəhəri) olmuşlar.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk vilayət şöbəsinin mətbuat katibi Əlihüseyn Şükürov AzərTAc-a bildirmişdir ki, 75 kiloqramadək çəki dərəcəsində kişilər arasında yarışların qalibləri həmvətənimiz Rafəddin Tağıyev (Sərhəd xidməti idarəsi), 85 kiloqramadək çəki dərəcəsində - həmvətənimiz Tağı Tağıyev (Sərhəd xidməti idarəsi), 65 kiloqramadək çəki dərəcəsində - Maksim Zaytsevski (Polyarnıye Zori), 70 kiloqramadək çəki dərəcəsində - Maksim Kolezun (Sərhəd xidməti idarəsi), 80 kiloqramadək çəki dərəcəsində - German Həsənov (Sərhəd xidməti idarəsi), 85 kiloqramadək çəki dərəcəsində - Dmitri Nalivkin (Polyarnıye Zori) və başqaları olmuşlar.
Əlihüseyn Şükürov
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Murmansk vilayət şöbəsinin mətbuat katibi