“Azərbaycan diasporu erməni lobbisinə qarşı layiqli mübarizə aparır” - MÜSAHİBƏ
Rauf Zeyni: “Azərbaycan regionda, dünyada inkişaf etdikcə diaspora təşkilatlarının da qarşısında yeni vəzifələr qoyur”
23 Yanvar 2014 17:06 DiasporaMilli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan diasporunun fəaliyyəti, qarşıda duran vəzifələri ilə bağlı "OLAYLAR"a müsahibə verib.
- Rauf müəllim, hansı ölkələrdə Azərbaycan diasporu daha mütəşəkkil şəkildə fəaliyyət göstərir?
- Azərbaycan diasporası görülən işlər nəticəsində əvvəlki illərə nisbətən daha mütəşəkkil, daha formalaşmış diasporaya çevrilib. Təbii ki, Azərbaycan diasporu Rusiyada, Ukraynada əvvəlcədən güclüdür, indi artıq Avropa ölkələrində də Azərbaycan diasporu təşkilatlanır. Avropada yaşayan azərbaycanlılar Avropada yaşayan türklərlə bir yerdə daha mütəşəkkil şəkildə təşkilatlanırlar. Amerikadakı Azərbaycan diasporu xeyli güclənib, formalaşıb. Biz artıq Azərbaycan və türk diasporalarını eyni diaspora kimi qəbul edirik və onlar bir yerdə sistemləşiblər, şəbəkələşiblər və öz fəaliyyətlərini xeyli gücləndiriblər. Azərbaycanın xarici ölkələrdə tanıdılması ilə bağlı bir çox sahələrdə müxtəlif tədbirlər keçirilir. Buraya 20 Yanvar faciəsi, Xocalı soyqırımı, mədəniyyətlə bağlı bir çox tədbirləri aid etmək olar. Demək olar ki, Amerikada, Avropanın bir neçə ölkəsində Azərbaycan diasporası artıq öz sözünü deyib. Artıq Azərbaycan diasporu öz akltivliyi ilə seçilir, fərqlənir. Sayına görə Rusiyada 3 milyona yaxın soydaşımız, Ukraynada 500 minə yaxın soydaşımız məskunlaşıb. Soydaşlarımızın sayının nisbətən az olduğu ölkələrdə də diasporumuz öz siyasi, ictimai fəallığı ilə Azərbaycan diasporasını daha da gücləndirərək formalaşdırırlar.
- Necə düşünürsünüz, Azərbaycan diasporu ermənilərə qarşı layiqincə mübarizə apara bilirmi?
- Bəli, hazırkı Azərbaycan diasporu təşkilatlanmış mütəşəkkil bir diaspora kimi lazım olan formada öz sözünü deyə bilir. Öz kütləvi tədbirlərini keçirə bilir. Azərbaycanı layiqincə təmsil edə bilir və təbii ki, erməni diasporası və erməni lobbiçiliyinə qarşı mütəşəkkil mübarizə aparır. Və günbəgün, ilbəil Azərbaycan dövləti gücləndikcə Azərbaycan diasporu da güclənir. Bununla da Azərbayacn diasporu hər il öz imkanlarını, potensialını artırır, böyük bir qüvvəyə çevrilir. Ona görə də Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistan dövlətinə və Ermənistan diasporuna öz layiqli təpkisini göstərir və layiqli mübarizəsini apara bilir.
- 2013-cü il diaspora sahəsində nələrlə yadda qaldı?
- Geridə qoyduğumuz 2013-cü il diaspora sahəsində aktiv il oldu. Azərbaycan regionda, dünyada inkişaf etdikcə diaspora təşkilatlarının da qarşısında yeni vəzifələr qoyur. Təbii ki, əvvəlki illərdə olan metodlarla, əvvəlki illərdə olan münasibətlərlə razılaşa bilmərik. Ona görə də Azərbaycan diasporu daha da təkmilləşib inkişaf etməlidir. 2013-cü ili digər illərlə müqayisədə götürdükdə Azərbaycan diasporu üçün inkişaf ili, mütəşəkillik ili hesab etmək olar. 2013-cü il ümumilikdə götürdükdə Azərbaycan üçün çox aktual bir il oldu. 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçirildi və bütün Azərbaycan diasporası bu tədbirlərdə iştirak etdilər. 2013-cü il Azərbaycan diasporası üçün vacib və önəmli il oldu.
- Qarşıdakı illərdə Azərbaycan diasporunun qarşısında hansı vəzifələr dayanır?
- Qarşıdakı illərdə biz yenə də milli birliyimizi, milli həmrəyliyimizi artırmalıyıq. Çünki 2015-ci ildə bildiyimiz kimi ermənilər qondarma soyqırımın 100 illiyinə hazırlaşırlar. Azərbaycan diasporu bu istiqamətdə daha geniş planlar hazırlayıb, daha çox işlər görməlidir. Dünya ictimaiyyətinə Azərbaycanın tanıdılması işini davam etdirməliyik. Azərbaycan həqiqətlərini və Dağlıq Qarabağ məsələsini, Azərbaycana qarşı ermənilərin apardığı işğalçılıq siyasətini dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması işini biz aparmalıyıq. Qarşıdakı illərdə görəcəyimiz işlər çoxdur, qarşıda duran vəzifələr çoxdur. Bununla bağlı bir çox layihələr, proqramlı şəkildə tədbirlər həyata keçirilməlidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir