“İndoneziya bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir”
Elmar İskəndərov: “Dünyada peyda olan yeni güclər və gələcəyin hegemon dövlətləri olacaq ölkələrlə indidən əməkdaşlığın perspektivlərin öyrənməli və gələcək üçün addımlar atılmalıdır”
22 Yanvar 2014 18:13 Diasporaİndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti, İndoneziyada təhsil alan azərbaycanlı tələbə Elmar İskəndərovun "OLAYLAR"a müsahibəsi
-Elmar bəy, əvvəlcə təhsil aldığınız ölkə barədə oxucularımıza nə deyə bilərsiniz?
-İndoneziya arxipelağı ekvator boyunca şərqdən-qərbə 5.150 km ərazidə uzanaraq Asiya və Avstraliya qitələri, Sakit və Hind okenı arasında yerləşir. Ərazisi isə, 1 milyon 908 min kvadrat km-dir. Ölkənin təbii irsi özünün unikal tropik iqlimi, 17508 adadan ibarət nəhəng arxipelağı (yalnız 6000 adası insanlar tərəfindən məskunlaşıb), eyni zamanda, Kanada və Avropa İttifaqından sonra dünyada 3-cü ən uzun sahil xəttinə (54716 km) malik olması ilə öyünə bilər. İndoneziya dünyanın yalnız adalarda yerləşən ən böyük ərazi və əhaliyə malik olan ölkəsidir. İndoneziya istər ərazisinə, istər əhalisinə, istərsə də iqtisadiyyatına görə Cənub-Şərqi Asiya regionunun lider dövlətidir. Əhalisinin 90%-nı müsəlmanlar təşkil edərək İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir. Əhali çox qonaqpərvər, hər zaman üzündə təbəssüm olan səmimi və istiqanlı insanlardır. İndoneziya dünya iqtisadiyyatına və siyasətinə birbaşa təsiri olan nəhəng iyirmilik (G-20) ölkələr qrupuna daxildir və iqtisadiyyatının sürətli artım tempinə görə bu qrupda Çindən sonra 2-ci yerdədir. Dünya iqtisadiyyatı ədəbiyyatlarında İndoneziya, Malayziya, Sinqapur iqtisadiyyatlarının sürətlə artımına nail olduqları üçün "pələng dövlətlər" adlandırılırlar. Proqnozlara görə də yaxın gələcəkdə İndoneziyanın dünya iqtisadiyyatında payı daha da artacaq və bu ölkə iqtisadiyyatının artım tempinə və həcminə görə ilk onluqda uzun müddət qərarlaşacaq.
- İndoneziyada azərbaycanlılara münasibət necədir?
-Azərbaycanı son dövrlərə kimi burda çox zəif tanıyıblar. Yalnız siyasi dairələrdə Azərbaycan haqqında tam məlumat var idi. İlk dəfə İndoneziya Respublikasına səfərim 2008-ci ildə olub. Bu, İndoneziya Xarici İşlər Nazirliyinin Azərbaycana səfəri zamanı Azərbaycan Dillər Universitetində ilk İndoneziyaşünas tələbələr ilə görüşü zamanı ən yaxşı tələbəyə İndoneziyada Xarici İşlər Nazirliyi xətti ilə İndoneziyanın Dili, Mədəniyyəti və İncəsənətinin öyrənilməsi üçün 3 aylıq dövlət təqaüdü ilə kursda iştirak etmək üçün şərait yaratması ilə baş tutdu və o vaxtdan bu proqram hər il həyata keçirilir. 2008-ci ildə Azərbaycandan olduğunu deyəndə gərək Türkiyə, Rusiya və Xəzər dənizi regionunda yerləşdiyini də qeyd etmək zəruri idi, çünki çox insanın əsas da gənc nəslin Azərbaycan haqqında təsəvvürü belə yox idi. Amma, 2012-ci ildə İndoneziya Təhsil Nazirliyinin dövlət təqaüdünü yenidən qazandım və hal-hazırda Beynəlxalq Münasibətlər və siyasi elmlər üzrə aparıcı universitetlərindən birində magistratura təhsilimi davam etdirirəm. O gündən ölkəmizin burda tanınması cəhətdən çox böyük dəyişikliklər baş verib. Əlbəttə ki, bu ilk növbədə ölkəmizin regionda və dünyada qazandığı uğurlar və ev sahibliyi etdiyi bir sıra beynəlxalq miqyaslı tədbirlərin, forumların və konfransların keçirilməsi ilə əlaqəlidir. Burda təhsil aldığım müddətdə istər İndoneziyada, istərsə də regionun digər ölkələrində keçirilən dövlət və beynəlxalq səviyyəli bütün konfranslarda Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. 2013-cü ildə İndoneziyanın 32 aparıcı universitetində təhsil alan 150 beynəlxalq tələbə arasında İndoneziya dilində keçirilən debat yarışlarında mənim təmsil etdiyim universitet və rəhbərlik etdiyim komanda qalib gəldi və bütün qitələrdən mindən çox beynəlxalq tələbəni özündə birləşdirən İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti seçildim. Bu hadisə istər İndoneziya mediasında, istərsə də Azərbaycan mediasında geniş işıqlandırıldı, çünki bu təşkilata Azərbaycanlı ilk dəfə rəhbər seçilmişdi. Çox sevindirici haldır ki, artıq İndoneziya xalqı arasında azərbaycanlı olduğunu deyəndə böyük hörmət və fərəhlə qarşılayırlar. İndoneziya xalqı üçün Azərbaycan dost ölkədir.
-Sədrlik etdiyiniz təşkilatlar barədə nə deyə bilərsiniz?
-İndoneziyada Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti olmaqla yanaşı, həm də Azərbaycanlı Tələbələr Assosiasiyasının sədriyəm, bu etimadı mənə İndoneziya Respublikasının Təhsil Nazirliyi göstərib. Eyni zamanda ASAIF (Xaricdə Təhsil alan və Məzun olmuş Tələbələrin Beynəlxalq Forumu) təşkilatının İndoneziya üzrə koordinatoruyam. O cümlədən, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyində hal-hazırda təcrübə keçirəm. Qeyd etməliyəm ki, hər il İndoneziyaya gələn azərbaycanlı tələbələrin sayı artmaqdadır. Əvvəllər bəzi şəhərlərdə bir-iki tələbə olardısa, hal-hazırda təkcə mənim təhsil aldığım universitetin kampuslarında beş azərbaycanlı tələbə bakalavr təhsili alır. Ümumiyyətlə isə, İndoneziyada Azərbaycanlı tələbələrin sayı otuz nəfərə yaxındır, bu kəmiyyət hər il tələbə mübadiləsi proqramından asılı olaraq dəyişkən olur. Kəmiyyət az görsənə bilər, amma keyfiyyət kifayət qədər yüksəkdir. Azərbaycanlı tələbələr İndoneziyada çox aktivdirlər. Bu mənim 2008-ci ildə dövlət təqaüdü ilə İndoneziyanın Mədəniyyəti və İncəsənəti kursunu keçdikdən sonra yerli televiziyanın və dövlət rəsmilərinin iştirakı ilə keçirilən proqramda İndoneziya dili və mədəniyyəti sahəsində öyrəndiklərimi uğurla nümayiş etdirdiyim üçün İndoneziyanın xarici işlər naziri tərəfindən diplomla təltif olunduğumdan sonra böyük uğurlarımdan biri idi.
-İndoneziyalılar Dağlıq Qarabağ məsələsi haqqında nə dərəcədə məlumatlıdırlar?
-Daha öncə qeyd etdiyim kimi, İndoneziyada Dağlıq Qarabağ və Xocalı Soyqırımı məsələsinin cəmiyyət arasında təbliğatı son dövrlərdə intensivləşib. Bundan əvvəl isə yalnız müəyyən siyasi dairələrdə bu məsələ haqqında məlumat var idi.
Azərbaycan-İndoneziya münasibətləri haqqında çox yazmaq olar, bunun haqqında hal-hazırda təhsil aldığım universitetdə məqaləm də dərc edilib. İlk öncə, İndoneziya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər 24 sentyabr 1992-ci ildə qurulub. Son dövrlərdə İndoneziya və Azərbaycan arasında münasibətlər daha da intensivləşib. Bircə onu qeyd etmək kifayətdir ki, son 2013-cü ilin statistikasına əsasən iki ölkə arasında ticarət dövriyyəsi təxminən 2 milyard ABŞ dolları təşkil etmişdi və bununla İndoneziya Azərbaycanın xarici ticarət payında 2-ci ən böyük ticarət tərəfdaşına çevrilib və bugün bu göstərici durmadan artır. Siyasi müstəvidə də istər BMT, istərsə də İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İndoneziya bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir.
-Elmar bəy, Dağlıq Qarabağ həqiqətlərinin İndoneziyada daha da tanıdılması üçün təşkilat sədri olaraq fəaliyyətiniz nədən ibarətdir?
-Ölkəmizin ən ağrılı hadisəsi olan Dağlıq Qarabağ və Xocalı Soyqırımı haqqında həm İndoneziya cəmiyyətini, həm də beynəlxalq tələbələri məlumatlandırmaq üçün tədbirlər keçiririk və hər il səfirliyin keçirdiyi tədbirlərə də qatılaraq xarici tələbləri də dəvət edirik. Bundan əlavə tez-tez yerli televiziya və radio verlişlərinə də dəvət olunuram və Azərbaycan haqqında məlumatlar verirəm. Qeyd edim ki, İndoneziyadakı səfirliyimizin dəstəyi ilə İndoneziyanın 3 aparıcı universitetinin kitabxanalarına Azərbaycan, Dağlıq Qarabağ və Xocalı Soyqırımı haqqında kitablar yerləşdirmişəm.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində İndoneziya birmənalı olaraq hər zaman Azərbaycanın haqq səsini dəstəklədiyini vurğulayıb. Bu ölkədə hər il Xocalı soyqırımının anım günü qeyd edilir və hətta ölkə parlamentində də müzakirəyə çıxarmağa nail olmuşuq və Xocalı soyqırımı İndoneziyada dövlət səviyyəsində bu ölkənin qanunverici orqanı olan İndoneziya Parlamenti tərəfindən rəsmən tanınır və bu məsələyə İndoneziya hər zaman bütün beynəxlaq konfranslarda öz qətiyyətli mövqeyini və dəstəyini bildirib. İndoneziyanın bu qətiyyətli mövqeyi, İndoneziya Parlamentinin Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie tərəfindən bir sıra beynəlxalq konfranslarda səslənib və bu məsələdə onun kəskin bəyanatları onunla bu yaxınlarda İndoneziyanın ən nüfuzlu beynəlxalq tələbə təşkilatına rəhbərlik etdiyim üçün məni qəbul etdiyi görüşümüz zamanı da bir daha səsləndi və çox dəyərli bəyanatlarla yadda qaldı. İndoneziya Parlamentinin Xalq Nümayəndələr Palatasının Sədri cənab Marzuki Alie dünya ictimaiyyəti tərəfindən beynəlxalq səviyyədə tanınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı prinsipini dəstəklədiyini vurğuladı. Cənab Marzuki Alie sonda bildirib ki, İndoneziya xalqı Dağlıq Qarabağ münaqişəsində və Xocalı Soyqırımı məsələsində Azərbaycan xalqının mübarizəsini və haqlı mövqeyini bütünlüklə dəstəkləyir. Bu, İndoneziya Respublikasının dövlət və beynəlxalq konfranslarda səsləndirdiyi rəsmi mövqeyidir.
-Müsəlman ölkələrində Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?
-Bildiyiniz kimi, artıq bir neçə ildir ki Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi aktiv fəaliyyət göstərir. Azərbaycan diasporası xarici ölkələrdə hələ formalaşma dövrünü yaşayır və çox gəncdir. Son dövrlərdə diasporamızın ayrı-ayrı ölkələrdə fəallaşması müşahidə olunur.
Mən hesab edirəm ki, ilk növbədə dünya siyasətində və iqtisadiyyatında aparıcı rol oynayan ölkələrdə diasporamızı gücləndirməliyik və onlara dəstək verilməlidir. Bura İndoneziyanın da daxil olduğu G-20 - Böyük iyirmilik qrupuna daxil olan ölkələrdə fəallaşma xüsusi rol oynayır.
Dünyada peyda olan yeni güclər və gələcəyin hegemon dövlətləri olacaq ölkələrlə indidən əməkdaşlığın perspektivlərin öyrənməli və gələcək üçün addımlar atılmalıdır ki, bunun bəhrəsini yaxın gələcəkdə görək və güclü Azərbaycan diasporası anlayışını yaradaq. Ümumilikdə isə, Azərbaycan disporasının müsəlman ölkələrində fəaliyyətini Türkiyə, Pakistan, İndoneziya və Malayziya kimi ölkələrdə görülən işlərin nəticəsi olaraq müsbət qiymətləndirmək olar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir