Diaspor təşkilatlarının xarici KİV-lərlə əməkdaşlığı
22 Yanvar 2014 15:34 DiasporaAzərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də xalqımızın başına zaman-zaman gətirilən müsibətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında heç şübhəsiz ki, xarici kütləvi informasiya vasitələrinin rolu da mühüm əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bu sahədə fəaliyyəti, xarici KİV-lərlə qurduqları əlaqə bu mənada yüksək qiymətləndirilməlidir. Müntəzəm olaraq diaspor təşkilatlarımızın fəaliyyət göstərdikləri ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə çıxışı Azərbaycan barədə həmin ölkədə ətraflı məlumatın formalaşmasına imkan yaradır. Sevindirici hal ondan ibarətdir ki, bu kimi hallara dünyanın müxtəlif ölkəsində rast gəlmək mümkündür və bu müsbət tendensiya getdikcə daha da artır. Buna bir neçə örnək də göstərmək mümkündür. Belə ki, bir müddət əvvəl Litvadakı Azərbaycan diasporu Litva diplomatlarının Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ silahlı münaqişəsi ilə bağlı internetdə yayılan gizli telefon danışıqlarına sərt münasibət bildirib. Litva azərbaycanlıları cəmiyyəti və Litva-Azərbaycan Assosiasiyası tərəfindən bu qalmaqallı olayların astarının üzə çıxarılması, habelə ikibaşlı siyasət yürüdən bəzi Litva dövlət qurumları təmsilçilərinin ifşa edilməsi, Azərbaycana qarşı burada fəaliyyət göstərən panerməni təbliğat qüvvələrin zəiflədilməsi, ideoloji rəqiblərimizin neytrallaşdırılması üçün və ictimai fikrin düzgün istiqamətdə yönəldilməsi məqsədilə bir sıra əks təbliğat işləri, maarifləndirmə aksiyaları həyata keçirilib və yerli mətbuatda silsilə məqalələr dərc etdirilib. Litva azərbaycanlıları cəmiyyətinin sədri, Litva-Azərbaycan Assosiasiyasının həmtəsisçisi Mahir Həmzəyev bildirib ki, bu tədbirləri çərçivəsində Litvanın www.balsas.lt xəbərlər portalında litvalı tarixçi və etnoloq, Litva-Azərbaycan Assosiasiyasının prezidenti İmantas Melyanasın "Əgər diplomat Dağlıq Qarabağa "Arsax" deyirsə, biz də ona diplomat yox, korazehin deməliyik" adlı litvaca tənqidi məqaləsi dərc olunub. Məqalə Litva diplomatlarının Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi barədə apardıqları gizli telefon danışıqları ilə bağlı hazırda yaşanan qalmaqallı olaylara, eləcə də Litvanın Macarıstandakı səfiri Renatas Yuşkanın və Litva Xarici İşlər Nazirliyində çalışan ermənipərəst dövlət qulluqçularının iç üzlərinin açılmasına xidmət edib. Eyni zamanda məqalə Litva Seymində qondarma "Dağlıq Qarabağla parlament dostluq qrupunun" yaradılması təşəbbüsünü qaldırmış ermənipərəst iş adamları və onların maliyyə dəstəyi sayəsində fəaliyyət göstərən muzdlu Litva millət vəkillərinin ifşa olunmasına, həmçinin "Arsax" toponimi və "Arsax əyaləti" barədə həqiqətlərin Litvada yayımlanmasına həsr edilib. Vilnüsdə litvaca buraxılan nüfuzlu "Litva xəbərləri" ("Lietuvos zinios") qəzetinin 7 avqust 2013-cü il tarixində çıxmış sayında digər litvalı tarixçi, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Arvidas Banyulisin "Profilər: peşəkarlar və yaxud naşılar?" başlıqlı məqaləsi çap edilib. Tarixi səpkidə yazılmış bu məqalədə müəllif SSRİ rəhbərliyi tərəfindən Ermənistan və Litva ərazilərinin müxtəlif yollarla genişləndirilməsinin, Azərbaycan torpaqlarının isə "qayçılanması"nın əsil səbəblərini araşdırır və tarixi paralellər aparır. Müəllif həmin dövrdə cərəyan edən hadisələrdən ictimai-siyasi nəticələr çıxardır və bundan qaynaqlanan geosiyasi müddəalar əsasında Azərbaycan sərhədlərinin birtərəfli qaydada ermənilərin xeyrinə dəyişdirilməsini təsdiq edən faktları çox dürüst və inandırıcı bir şəkildə Litva ictimaiyyətinə təqdim edir. "Litva xəbərləri" qəzetinin 9 avqust 2013-cü ildə buraxılmış sayında isə tanınmış ictimai-mədəni xadim, Litva mədəniyyət nazirinin sabiq müavini, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Donatas Valançyauskasın "Barokko dövrü üslubunda əhvalat" adlı siyasi pamflet janrında yazılmış əsəri çap olunub. Bu əsərdə ermənipərəst Litva diplomatı Renatas Yuşka Qarabağ münaqişəsi ilə bağlı çıxartdığı hoqqalara və orta əsrlərin səlib müharibələri ruhunda açıqladığı fikirlərə görə ictimai qınaq obyektinə çevrilib. Sonda Renatas Yuşkanın ermənipərəst fəaliyyəti nəticəsində Litva diplomatiyasına gətirdiyi ləkəyə görə vəzifəsindən istefa verməsi tələbi irəli sürülüb.
Türkiyənin Kocaeli vilayətinin yerli qəzeti olan "Koceli" mətbu orqanında da Azərbaycana həsr olunmuş məqalə dərc edib. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündarın müəllifi olduğu yazıda Azərbaycanda iqtisadi, siyasi, sosial sahələrdə müşahidə edilən inkişafdan bəhs olunur. Bakıya növbəti səfərinin təəssüratlarını paylaşan Bilal Dündar ölkədəki seçki ab-havasını və insanların artıq öz seçkilərə münasibətini göstərib: "Xalq ölkədə çox boyük işlər görüldüyünü, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artdığını və bu dəfəki seçkidən sonra ölkə başçısından yeganə gözləntilərinin işğal altındakı torpaqların geri alınmasıdır - deyir". Bilal Dündar yazısında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə də toxunub. Ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə yaradılmış Dövlət Komitəsinin artıq on ildən çoxdur uğurla fəaliyyətini davam etdirdiyini vurğulayan müəllif Azərbaycanla Türkiyə və digər türkdilli ölkələrin diasporunun təşkilatlanmasını, qurultayların, konfranların, panellərin keçirilməsini xüsusi qeyd edib. Türkiyənin Kanal A televiziyasının "A+Ekonomi" proqramında da Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Azərbaycan Kültür Evinin fəaliyyəti haqqında reportaj yayımlanıb. Proqramda TADEF sədri Bilal Dündar Azərbaycanla Türkiyəni birləşdirəcək Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xətti, Bakı-Tiflis-Ərzurum qaz boru kəməri və Bakı-Tiflis-Ceyhan neft kəməri haqqında geniş məlumat verib. Eyni zamanda 2012-ci ilin noyabrında Azərbaycan və Türkiyə hökumət nümayəndələrinin, millət vəkillərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təntənəli açılışı olmuş Azərbaycan Kültür Evində təşkil olunmuş Xocalı soyqırımı muzeyinin əhəmiyyəti də qeyd edilərək 23 mindən çox insanın ziyarət etdiyi vurğulanıb.
Murmansk vilayətinin yerli telekanalı olan "TV-21" kanalında doğma vətənimiz Azərbaycan haqqında məlumatı, həmçinin bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının Rusiyadakı fəaliyyətini əks etdirən reportaj yayımlanıb. Reportajın əvvəlində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin Murmansk vilayətindəki yerli nümayəndəliyinin rəhbəri Afil Hüseynovun fəal diaspor fəaliyyətinə görə təltif edilməsi barədə məlumat verilib. Daha sonra reportaj Azərbaycan xalqının dünyaya bəxş etdiyi elm və incəsənət nümayəndələrinin Rusiya ictimaiyyətinə təqdimatı ilə davam etdirilib. Reportajda əsas diqqət Azərbaycan iqtisadiyyatına, ölkəmizin regiondakı nüfuzuna, günü-gündən inkişaf etməsinə yönəldilib. Rusiya ictimaiyyətinə təqdim olunan reportajda diaspor təşkilatımızın və regionda yaşayan soydaşlarımızın bu ölkənin sosial və iqtisadi həyatında oynadıqları fəal rol əsas mövzulardan olub. Bundan başqa, Azərbaycan diasporunun Murmansk vilayətində Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər haqqında məlumat verilib, həmyerlilərimizin cəmiyyətə sürətlə inteqrasiya etdiyi vurğulanıb.
Dubay hökumətinə məxsus "Əl-Bayan" qəzetində isə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun 20 Yanvar faciəsinin 24-cü ildönüçmünə həsr olunmuş müsahibəsi dərc edilib. "Azərbaycan Qara Yanvar hadisələrinin 24-cü ildönümünü yad edir" başlıqlı məqalədə qeyd edilir ki, hər il yanvar ayının 20-də Azərbaycan Respublikasında "Qara Yanvar" qırğınının ildönümü yad edilir. Bildirilir ki, bu qirğin nəticəsində 137 nəfərdən artıq insan həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər həbs edilib və 4 ṣəxs bu günə kimi itkindir. Müsahibədə cəmiyyət sədri qeyd edib ki,1990-cı ildə, Şərqi Avropa və Mərkəzi Asiyanın üzərində əsən dəyişikliklər kuləkləri Orta Asiya xalqlarının boyunlarına keçirilmiş dəmir yumruğu qırmağa başladı. Yanvarın 20-nə keçən gecə, Sovet İttifaqının silahli qüvvələri Azərbaycan Respublikasının paytaxtı Baki ṣəhərinin "Azadlıq" meydanında azadlığını və müstəqilliyini tələb edən silahsız etirazçıların üzərinə vəhşicəsinə qanlı hücuma basladı. Bu, Kremlin rəhbərləri tərəfindən 1917-ci ildə başlayan və 70 ildən artıq davam edən, insanlara qarşı aparılan repressiya və zülm siyasətinin dağılmasının qarşısını almaq, Kommunist rejimini qoruyub saxlamaq üçün Sovet ordusu tərəfindən edilən çıxılmaz bir cəhd idi. Müsahibədə o da vurğulanır ki, "Qara Yanvar" kimi tanınan Sovet qoşunlarının Azərbaycana hucumu bu ölkənin tarixində dönüş nöqtəsi hesab edilir. Belə ki, xalq bu şanlı mübarizədən sonra öz müstəqilliyini əldə etdi. Baxmayaraq ki, Sovet ordusu həmin gün şəhərdə asayişi bərpa etmək bəhanəsiylə, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrindən ibarət olan milli-azadlıq hərəkatını dəf etmək məqsədilə xüsusi qəddarlıqla Bakı şəhərinə hücum etmişdi. Birləşmiş Ərəb Əmirliyindəki Azərbaycan diasporunun rəhbəri Samir İmanov bu hadisələrlə bağlı bildirib ki, böyük itkilərə və dinc insanların soyqırımına səbəb olmuş 20 Yanvar faciəsi Azərbaycan xalqının mübariz və möhkəm xalq olduğunu təsdiq etdi. Samir İmanov qeyd edib ki, o qanlı hadisələrdən uzun illər keçməsinə baxmayaraq xalqımız o əzəmətli gecəni xatırlayır və bu qırğını törədənlərə dərin nifrətini bildirir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin imzaladığı sərəncama əsasən xalqıməz o ağrılı günü ümumxalq hüzn günü kimi xatirində yaşadır və hər il yad edir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir