Bələdiyyə sədrliyinə namizəd Azərbaycan diaspor təşkilatında olub
21 Yanvar 2014 14:16 DiasporaKocaeli Büyükşəhər bələdiyyə sədrliyinə CHP-dən olan namizəd Tahsin Tarhan Seka Parkda yerləşən Kocaeli Azərbaycan Mədəniyyət evində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasını ziyarət edib. TADEF-dən "OLAYLAR"a verilən xəbərə görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündarın ev sahibliyi ilə reallaşan tədbirdə Kocaeli Büyükşəhər bələdiyyə başçılığına namizəd CHP-dən olan sənayeçi və iş adamı Tahsin Tarhan, Kocaəli əyaləti idarə heyətinin üzvü Səlcuq Kurcan və digərləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başçısı Bilal Dündar Azərbaycan ərazisinin iyirmi faizinin işğal altında olduğunu söyləyib. Bilal Dündar tezliklə ədalətin öz yerini tapacağını bildirib. O, Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilməsini və ev-eşiklərindən didərgin düşmüş 1 milyondan çox insanın öz doğma yurdlarına dönməsini arzu etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Kocaeli Büyükşəhər bələdiyyə sədrliyinə CHP-dən olan namizəd Tahsin Tarhan Ulu Öndər "Heydər Əliyev Adına Kitabxananı" gəzərək belə bir kitabxananın yaradılması və eləcə də kitabsevərlərin istifadəsinə təqdim edilməsinə görə Bilal Dündara təşəkkür edib. Daha sonra "Soyqırımın Səssiz şahidləri" Adlı Soyqırım Muzeyini də gəzən Tahsin Tarhan Dağlıq Qarabağ və onun ətraf rayonlarının işğalı, Xocalı soyqırımı və Şərq Anadoluda erməni quldur dəstələrinin törətdiyi qırğınlarla əlaqədar ətraflı məlumat alıb.