“DAK bütün fəaliyyəti ilə Ümumazərbaycan diasporunun güclənməsinə təkan verməkdədir” - MÜSAHİBƏ

Samir Adıgözəlli: "Konqresin həyata keçirdiyi bütün tədbirlər xaricdə yaşayan soydaşlarımızın "Tək Vətən, Tək Bayraq" ideyası ətrafında birgə mübarizəsinə xidmət edir"

Dünya Azərbaycanlıları Konqresinin Mərkəzi İcra Aparatının rəhbəri, Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini Samir Adıgözəlli bu günlərdə Gürcüstanda qısamüddətli səfərdə olub. Səfər zamanı imkan tapıb bu ölkədə yaşayan soydaşlarımızın vəziyyəti, həyat tərzi ilə də maraqlanan Samir Adıgözəlli Gürcüstan azərbaycanlılarının üzləşdiyi bir sıra vacib problemlərdən danışıb. O, təmsil etdiyi təşkilatların diasporun inkişaf etməsinə verdiyi töhfə, qarşıda duran vəzifələr barədə də fikirlərini açıqlayıb.

-Samir bəy, bu günlərdə qonşu Gürcüstanda səfərdə olmusunuz. Səfər zamanı bu ölkədə yaşayan soydaşlarımızın həyat tərzi, üzləşdikləri problemlərlə maraqlandınızmı?

-Təbii ki, Gürcüstanda yaşayan soydaşlarımızın mövcud durumları hər zaman diqqətimizdədir. Amma Gürcüstana təkcə qonşu ölkə kimi yanaşmamalıyıq. Nəzərə almalıyıq ki, bu ölkə eyni zamanda işğalçı Ermənistanla qonşudur. Başqa bir mühüm məqam isə Azərbaycan qədər Gürcüstan da dünyanın siyasi güclərinin maraqlarının toqquşduğu bir məkandır. Bu baxımdan iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişafı hər iki dövlətin və xalqlarının marağına uyğundur. Gürcüstanda yaşayan soydaşlarımız müxtəlif dövrlərdə bir çox problemlərlə və təzyiqlərlə üzləşmələrinə baxmayaraq öz ata-baba - Borçalı yurduna, eyni zamanda vətəndaşı olduqları Gürcüstan dövlətinə hər zaman sədaqət nümayiş etdiriblər. Təəssüf ki, bu gün də soydaşlarımızın məskunlaşdığı rayon və kəndlərdə həll olunmamış kifayət qədər problemlər var. Bütün seçki dövrlərində bu ölkədə hakimiyyətə gələn qüvvələr azərbaycanlılara kifayət qədər vədlər verirlər. Lakin hakimiyyətləri dövründə səslərini qazandıqları vətəndaşlar yadlarına düşmür. Gürcü dövləti başa düşməlidir ki, azərbaycanlılar Gürcüstan üçün unitarlıq deməkdir. Bu gün Gürcüstan Respublikası separatizmdən əziyyət çəkməsinə baxmayaraq unitar dövlət kimi mövcuddursa, buna görə azərbaycanlılara borcludur. Onu da qeyd edim ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvlərindən biri Borçalı Cəmiyyətinin sədridir. Borçalı Cəmiyyəti bildiyiniz kimi Gürcüstanda yaşayan soydaşlarımızla bağlı bir çox fəaliyyətlər həyata keçirməkdədir. DAK da bu istiqamətdə cəmiyyətə dəstək göstərməkdədir. Ötən il Borçalıda keçirilmiş ənənəvi Elat bayramında Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı başda olmaqla konqresin İdarə Heyətinin üzvləri el şənliyində yaxından iştirak etdilər. Həmçinin DAK rəhbərliyi Gürcüstan parlamentinin bir qrup üzvü ilə görüşərək, burada yaşayan soydaşlarımızın problemləri ilə bağlı müzakirələr apardı. Ümumiyyətlə Gürcüstandan Bakıya gələn ziyalılarımızla tez-tez görüşlərimiz olur. Eyni zamanda bu və ya digər problemlərlə bağlı Dünya Azərbaycanlıları Konqresinə  müraciətlər edilir. Təbii ki, konqres öz imkanları daxilində Gürcüstanda yaşayan soydaşlarımızın yaşadıqları problemlərə biganə qalmır, öz dəstəyini göstərir.

-DAK-ın Azərbaycan diasporunun formalaşması və inkişafına hansı töhfələri olub?

-Dünyada yaşayan azərbaycanlıların ən geniş təşkilatlanmış qurumu olan DAK bütün fəaliyyəti ilə Ümumazərbaycan diasporunun güclənməsinə təkan verməkdədir. Konqresin həyata keçirdiyi bütün tədbirlər xaricdə yaşayan soydaşlarımızın "Tək Vətən, Tək Bayraq" ideyası ətrafında birgə mübarizəsinə xidmət edir. Təkcə ötən 2013-cü ildə konqresin fəaliyyətinə nəzər saldıqda diasporumuzun möhkəmlənməsi istiqamətində görülən işləri qeyd etmək olar.  Təssüf ki, Azərbaycan diasporunda hələ də siyasi baxışından və başqa mövqelərindən asılı olaraq pərakəndəlik mövcuddur. Amma əslində bu belə olmamalıdır. Hər kəs siyasi maraqlarını və digər məqsədlərini bir kənara qoyaraq milli amal uğrunda birləşməlidir. Nəzərdən qaçırmamalıyıq ki, biz daim düşmən təxribatı ilə qarşı-qarşıyayıq. Düşmən isə bizə qarşı təxribat törədəndə hansısa siyasi mövqeyimizə görə fərq qoymur. DAK bu məsələni daim gündəmdə saxlayaraq diaspor təşkilatlarımız arasında koordinasiyanı vacib sayır.

-Bəs cari il üçün bu sahədə hansı addımlar nəzərdə tutulur?

-DAK 2013-cü il fəaliyyət dövrünü uğurla başa vurub.  Cari ildə də konqres diaspor fəaliyyəti sahəsində bir sıra mühüm tədbirlər həyata keçirəcəkdir. Artıq bu istiqamətdə fəaliyyət proqramı hazırlanıb. Önümüzdəki aylarda bu barədə ictimaiyyətə daha geniş məlumat veriləcək.

 

-Siz eyni zamanda Beynəlxalq Diaspora Mərkəzinin sədr müavinisiniz. Bəs BDM-in 2014-cü il üçün fəaliyyət planına nələr daxil edilib?

-Beynəlxalq Diaspor Mərkəzinin (BDM) də 2014-cü illə bağlı fəaliyyət proqramı hazırlanıb. Bu ayın sonunda mərkəzin İdarə Heyətinin keçiriləcək toplantısında tədbirlər planı təsdiq ediləcək. Hazırda mərkəzimiz erməni dilində bir kitab üzərində çalışmaqdadır. Kitab haqqında qısa olaraq deyə bilərəm ki, nəşr əslən İrəvandan olan, Vanda yaşamış və Türkiyə parlamentinin üzvü olmuş Kinyas Kartalın erməni cinayətləri haqqında xatirələrindən bəhs edir. Fevral ayının birinci ongünlüyündə kitabın nəşri gözlənilir. Bundan başqa BDM ənənəvi olaraq Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb. Fevral ayının 17-24-ü tarixlərində Türkiyənin Van, Qars və İğdır şəhərlərində tədbirlər həyata keçiriləcək. Eyni zamanda BDM-in Çexiya, Qrodno və Gürcüstan nümyəndəliklərinin təşəbbüsü ilə Xocalını anma tədbirləri keçiriləcək. Ümumilikdə isə 2014-cü il ərzində müxəlif xarici ölkələrdə BDM-in təşkilatçılığı ilə Azərbaycanın təbliği istiqamətində müxtəlif tədbirlər nəzərdə tutulub.

-Bu gün Azərbaycan diasporunun vəziyyəti sizi qane edirmi?

-Bu suala birbaşa cavab vermək çətindir. Bir sıra ölkələrdə diasporumuz yetərincə aktivdir. Azərbaycanın milli problemlərinin həmin ölkədə təbliği və müdafiəsi istiqamətində böyük işlər görülür. Ancaq təəssüflər olsun ki, elə ölkələr də var ki, oradakı təşkilatlarımız ya passivdirlər, ya da daxili intriqa mübarizəsi aparırlar. Bu diaspor təşkilatlarımız başa düşməlidir ki, şəxsi eqoizmi kənara qoyub, milli eqoizm üçün çalışmaq lazımdır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31