BƏƏ-dəki Azərbaycan diasporundan daha bir uğurlu addım
Dubay rəsmilərinə xalqımızın başına gətirilən faciələrlə bağlı məlumat verilib
17 Yanvar 2014 16:38 DiasporaAzərbaycanı layiqincə təmsil edən, xalqımızın üzləşdiyi problemləri zaman-zaman fəaliyyət göstərdiyi ölkələrin rəsmi və qeyri-rəsmi orqanlarına çatdıran diaspor təşkilatlarından biri də Birləşmiş Ərəb Əmirliklərindəki "Azərbaycan" Cəmiyyətidir. Samir İmanovun rəhbərliyi altında fəaliyyət göstərən cəmiyyət son günlər aktivliyini bir qədər artıraraq 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı silsilə tədbirlərə start verib. Belə ki, Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporunun rəhbəri Samir İmanov 20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı Dubay Əmirliyinin dövlət və hökumətinin məsul şəxsləri ilə görüşlər keçirib. Görüş zamani Samir Imanov onlara 20 yanvar faciəsi ilə bağlı ətraflə məlumat verib. Bildirib ki, bu faciənin Sovet İmperiyası tərəfindən həyata keçirilməsində məqsəd ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasətini dəstəkləmək olub. Samir Imanov onlara bildirib ki, 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilən Xocalı soyqırımı, ümumilikdə torpaqlarımızın 20 faizinin işğalı Azərbaycana qarşı öncədən planlaşdırılmış insanlığa sığmayan çirkin siyasətin davamı idi. Diaspora rəhbəri Dubay rəsmilərinin diqqətinə çatdırıb ki, Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və müdafiə naziri Yazov bu faciənin həyata keçirilməsində bilavasitə günahkar şəxslərdir. Lakin bütün çətinliklərə baxmayaraq Azərbaycan xalqı imperiyanın və erməni daşnaklarının qarşısında nəinki baş əymədi, əksinə 70 il öncə itirmis müstəqilliyini bərpa etdi.
Samir İmanov ölkə rəsmilərinə bildirib ki, faciədən dərhal sonra, yanvarın 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu amansiz aktı Moskvada qətiyyətlə pisləmiş və günahkarların bu vəhşi əməllərə görə mütləq cavab verəcəklərini bəyan edib. Görüşlər əsnasında Samir İmanov Dubay rəsmilərinə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan" Cəmiyyətinə göndərilən müxtəlif kitablar və broşürlərə onlara təqdim edib. Qarşı tərəf 20 yanvar faciəsindən və Qarabağ problemindən məlumatlı olduqlarını bildirib və bu qanlı hadisələrin dünya ictimaiyyətinin daha geniş kütləsinə çatdırılmasının zəruri olduğunu söyləyiblər. Görüş zamani qeyd edilib ki, Samir İmanovun Dubayın xeyriyyə və İslam məsələləri üzrə naziri ilə 3 il öncə ilk görüşündən sonra hər il Azərbaycanın qaçqın və məcburi köçkünlərinə müxtəlif layihələr çərçivəsində bir milyon dollardan artıq yardim edilir. Eyni zamanda Samir İmanov 20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı Dubayın dövlət kitabxanasının rəhbərliyi ilə də görüşüb, onlarla da faciə ilə bağlı müzakirələr aparıb. Cəmiyyət sədri kitabxanaya Heydər Əliyev Fondu tərəfindən hazırlanmış " Qarabağ həqiqətləri", "Erməni terroru" kitabları da daxil olmaqla çoxlu sayda kitablar, jurnallar və broşürrlər təqdim edib. Kitabxana rəhbərliyi artıq "Azərbaycan" Cəmiyyəti tərəfindən təqdim edilən Azərbaycanla bağlı müxtəlif kitablardan ibarət xüsusi bölümün yaradıldığını və kitabların Birləşmiş Ərəb Əmirliklərinin oxucularına çatdırıldığını bildirib. Bildirilib ki, bu istiqamətdə işlər gələcəkdə də fəal aparılacaq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir