“Diasporumuz dünyanın fərqlənə bilən diasporları sırasındadır”

“Azərbaycan diasporunun formalaşmasının daha bir səbəbkarı da 1979-cu il İran İslam İnqilabı oldu”

Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət diaspora ilə bağlı "OLAYLAR"a müsahibə verib.

-Azərbaycan diasporu nə vaxtdan formalaşmağa başlayıb?

- Bizim diasporumuzun formalaşması bir neçə mərhələdə baş verib. İlk mərhələ Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin 28 aprelində Rusiyanın işğalı sonucu öz fəaliyyətinə son verməsindən sonra olub. Bu zaman işğalçı rejimdən qurtulmaq üçün bəzi aydınlarımız, millətin öndə gedənləri ölkəni tərk etməyə məcbur olublar. Onlarla eyni zamanda AXC-nin xaricdə təhsil üçün göndərdiyi yüzədək gəncimiz də ölkəyə qayıda bilmədikləri üçün xaricdə qalmalı olublar ki, onlar da Azərbaycan diasporunun zəif də olsa ilkin formalaşmasını təmin ediblər. Növbəti mərhələ 1937-ci il repressiyaları sonucu ortaya çıxıb. Azərbaycandan sürgün edilmiş on minlərlə insanımız ilk dönəmlərdə diaspora kimi formalaşmasa da hazırda Azərbaycan diasporunun özəyini təşkil edirlər. Bunlardan ən güclüləri Qazaxıstan və Qırğızıstandadır. Azərbaycan diasporunun formalaşmasının daha bir səbəbkarı da 1979-cu il İran İslam İnqilabı oldu. O vaxt Güney Azərbaycanın öndə gələnlərinin bir qismi İranı tərk edərək qərb ölkələrinə yerləşdi ki, hazırda onlar fəal diaspor təmsilçilərimizdirlər. Bütün bunlardan sonra 1988-ci il Milli Azadlıq Hərəkatının başlanması ilə Azərbaycandan özəlliklə də qərb ölkələri və Türkiyəyə axın başladı. Məhz bu kəsimin diasporda yer alması əsl diaspor fəaliyyətinə səbəb oldu. Təbii ki, SSRİ-nin tərkibində olduğu dönəmdə Azərbaycandan Rusiya və başqa Sovet ölkələrinə yerləşənlər də diasporumuzun formalaşmasında əhəmiyyətli rol oynadı.

- Azərbaycan diasporunun hazırkı durumu qaneedicidirmi?

- Bu suala birmənalı cavab vermək çətin olardı. Çünki bəzi ölkələrdə diasporumuz yetərincə fəaldır, Azərbaycanı tanıtmaq və dərdlərimizi həmin ölkədə təbliğ etmək üçün böyük işlər görür. Ancaq elə ölkələr də var ki, ordakı diaspor təşkilatlarımız çox passivdirlər. Bir də təəssüflə qeyd etməliyəm ki, diaspor fəallarımız arasında çox zaman parçalanma müşahidə edilir ki, bu da ümumi işin zərərinədir.

-  Diasporun güclənməsinə dövlət yetərincə dəstək verirmi?

- Azərbaycanda dövlət səviyyəsində diasporla işin tarixi elə də qədim deyil. Bilirsiniz ki, hazırkı Diasporla İş üzrə Dövlət Komitəsinin əsası 2002-ci ildə qoyulub. Təbii ki, bu qısa müddət ərzində, örnək üçün, ermənilərin 100 illik diaspor təşkilatları ilə qarşı-qarşıya gəlmək elə də asan məsələ deyildi. Ancaq Azərbaycan dövlətinin hərtərəfli maliyyə və texniki dəstəyi sayəsində bu gün diasporumuz dünyanın fərqlənə bilən diasporları sırasındadır.

- Mediada diaspor sahəsinə marağın az olmasının səbəbi nədir?  

Marağın tam da az olduğunu iddia edə bilmərəm. Maraq var. Sadəcə bu maraq bizim arzu etdiyimiz qədər deyil. Bunun da səbəbi, məncə, Diaspor Komitəsinin ölkə mediası ilə əlaqələri yetərincə effektiv qura bilməməsindən qaynaqlanır. Yaxşı olardı ki, bu qurum öz ətrafında diasporla işləyən jurnalistlərdən ibarət qeyri-formal bir qrup formalaşdırsın.

- Diasporun daha da güclənməsi üçün hansı işlər görülməlidir? 

- Burada, əlbəttə ki, dövlətin üzərinə daha çox vəzifə düşür. Diaspor işilə məşğul olan şəxslər sadəcə dövlət məmuru özəlliyi daşımaqla qalmamalı, daha üstün keyfiyyətlərə malik olmalıdırlar. Nəzərə almaq lazımdır ki, diasporla iş yüksək təşkilatçılıq qabiliyyəti, yeni texnologiyalara vaqif olma, xarici dillərin mənimsənilməsini tələb etməklə vaxt çərçivəsinə sığmayan bir sahədir. Bu sahənin məsulları sadaladığım özəlliklərə sahib olarsa, işlər daha uğurlu alınar.

- Diasporun güclənməsi baxımından QHT-lərin üzərinə hansı işlər düşür?

- Bu məsələni bütün QHT-lərə şamil etmək doğru olmazdı. Bununla belə hər bir QHT öz fəaliyyət sahəsinə uyğun olaraq Azərbaycan diasporu ilə mütəmadi əlaqədə olmalı, bilgi alış-verişi, daimi ünsiyyəti təmin etməlidir. Eyni zamanda qarşılıqlı səfərlərin təşkili, diaspor təşkilatları arasında əlaqələrin təmini baxımından da QHT-lərimiz fəallıq edə bilərlər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31