“Erməni lobbisinin hədəfi bütöv türk dünyasıdır” - MÜSAHİBƏ

Kamil Həmzəoğlu: “Ancaq müstəqillik qazandıqdan sonra xaricdə yaşayan Azərbaycan türklərinin bir araya gəlməsi, diaspor halında birləşməsi, təşkilatlanması çox vacib məqamlardan idi”

Jurnalist Kamil Həmzəoğlu Azərbaycan diasporasının hazırkı durumu ilə bağlı fikirlərini "OLAYLAR"a bildirib. O qeyd edib ki, diaspora anlayışı geniş bir anlayışdır, geniş məfhumdur. Jurnalist diqqətə çatdırıb ki, bu gün dünyada təxmini hesablamalara görə 50 milyona yaxın Azərbaycan türkü yaşayır. Kamil Həmzəoğlu Azərbaycan türklərinin bir araya gəlməsini vacib amil hesab edir: "Azərbaycan türklərinin bir araya gəlməsi, təşkilatlanması çox vacib məqamlardandır. Məsələn SSRİ imperiyası dövründə buna o qədər də ehtiyacımız yox idi, o dövrü şərtləndirən tələblərə uyğun olaraq. Ancaq müstəqillik qazandıqdan sonra bu diaspor fəaliyyəti Azərbaycandan xaricdə yaşayan Azərbaycan türklərinin bir araya gəlməsi, diaspor halında birləşməsi, təşkilatlanması çox vacib məqamlardan idi".

Jurnalist vurğulayıb ki, Azərbaycan müstəqillik əldə etməmişdən öncə Ermənistanın təcavüzünə məruz qalıb və 26 ildən artıq bir müddətdir ki, hələ də bu işğalçılıq siyasətinə son qoyulmayıb. Bu baxımdan müsahibimiz Azərbaycan diasporasının formalaşdırılması, onun təşkilatlanmasını prioritet məqamlardan birini təşkil etdiyini qeyd edib.

Artıq Azərbaycanın müstəqilliyindən 23 il keçir və bu müddət ərzində Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması, gücləndirilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən addımlar atılmaqdadır və 2002-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb və bu gün də komitənin yaradılmasından da xeyli müddət keçir. 

Kamil Həmzəoğlu Azərbaycan diasporunun hazırkı durumunu, fəaliyyət istiqamətlərini normal hesdab edir.

Müsahibimiz həmçinin diqqətə çatdırıb ki, Azərbaycan diasporunun qarşısında formalaşmış, oturuşmuş erməni lobbisi, erməni diasporası var. Onlar neçə illərdir ki, Azərbaycan türklərinə qarşı mübarizə aparırlar. Bu baxımdan jurnalist hesab edir ki, Azərbaycan diasporunun son dərəcə gücləndirilməsi vacibdir.

Kamil Həmzəoğlu Azərbaycan diaspor təşkilatlarının digər türk xalqlarının diaspor təşkilatları ilə əlaqələrinin gücləndirilməsini vacib hesab edir: "Eyni zamanda yaxşı olardı ki, Azərbaycanın diaspor təşkilarları türk dünyasının diaspor təşkilatları ilə öz əlaqələrini daha da gücləndirsinlər. Buna son dərəcə çox ehtiyac var. Dünyada olan türk diaspor təşkilatlarının birliyi, monolitliyi çox vacibdir. Atalar məsəlində də deyildiyi kimi "Tək əldən səs çıxmaz". Onu da qeyd edim ki, erməni lobbisi, erməni diasporu təkcə Azərbaycanı hədəf götürməyib. Onların hədəfində bütövlükdə türk dünyası var. Ermənilər artıq qondarma erməni soyqırımını qardaş ölkə olan Türkiyəyə qarşı təzyiq rıçaqına çevirməyə başlayıb. Bunların qarşısını almaq üçün, ermənilərin törətdiyi soyqırımların dünyaya olduğu kimi çatdırılması baxımından Azərbaycan diaspor təşkilatları digər türk toplumunun diasporası, hətta başqa xalqların diaspor təşkilatları ilə öz əlaqələrini müntəzəm şəkildə davam etdirməli, daha da gücləndirməlidir".

Müsahibimiz Azərbaycanın diaspor təşkilatları arasında Türkiyə, Rusiya və Ukraynadakı diaspor təşkilatlarımızın fəaliyyətini daha qənaətbəxş hesab edir: "Azərbaycan diaspor təşkilatları arasında Türkiyədəki diaspor təşkilatlarımızın fəaliyyətini daha qənaətbəxş hesab etmək olar. Bundan başqa Rusiya və Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətini normal qiymətləndirmək olar. Azərbaycan heç bir zaman və heç bir sahədə düşmən qarşısında aciz qalmamalı və heç bir yerdə onların qarşısından geri çəkilməməldirlər. Bu istiqamətdə diaspor təşkilatlarının səylərinin artırılması vacibdir".


Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31