“Diasporlarımız Vətənlə əlaqələrini gücləndirməlidirlər” - MÜSAHİBƏ

Zaur Qəriboğlu: “Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarla azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk etməlidir”

Karabakhinfo.com e-jurnalının baş redaktoru, prezident təqaüdçüsü, gənc yazar Zaur Qəriboğlu 2013-cü ildə Azərbaycan diasporunun fəaliyyəti və diasporun Dağlıq Qarabağ məsələsində fəaliyyəti ilə bağlı "OLAYLAR"ın suallarını cavablandırıb.

-Zaur bəy,  2013-cü il diaspor sahəsində necə qiymətləndirirsiniz?

-Bu gün Azərbaycan diasporu dövlət başçısının çağırışına dəstək olaraq müdafiə diplomatiyasından hücum diplomatiyasına keçib. Buna baxmayaraq təəssüf ki, hələ də diaspora təşkilatları arasında koordinasiya məsələsi arzuolunan səviyyədə deyil. Elə ölkələr var ki, orada fəaliyyət göstərən onlarla icmalar bir-birini tanımır, əlaqəli şəkildə fəaliyyət qura bilmir. Üstəlik mövcud təşkilatların parçalanması müşahidə olunur ki, bu da diasporamızın gücünə mənfi təsir edən amillərdəndir. Bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişləndiyi zaman belə halların olması bizləri düşündürməlidir.  Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarla azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk etməlidir. Onlar öz aralarında olan bağları möhkəmləndirməli, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durmalı, tarixi Vətənlə əlaqələrini gücləndirirməlidirlər. Onlar yaxşı başa düşməlidirlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlilərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevrilməlidir.

2013-cü ildə biz bu istiqamətdə passivlik hiss etdik. Ümid edirik 2014-cü ildə belə neqativlər aradan qalxacaq.

-Dağlıq Qarabağ məsələsinin həllində diasporların fəaliyyəti qaneedicidirmi?

-Xeyr, bu sözü tam səmimiliklə deyirəm. Bu məsələdə erməni diasporuna hələ də uduzuruq. Məsələn, erməni diasporu ABŞ Dövlət Departamentinin işğalçı Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayırması üçün təsir göstərmək gücündədir. Hər ilin aprel ayında ABŞ-ın birinci şəxsinin ermənilərin təzyiq və təhdidi qarşılığında "soyqırım" deyib-deməyəcəyi gündəmin əsas mövzularından olur. Ermənilər hətta Ağ Evin Azərbaycana səfir göndərməsinə də uzun müddət əngəl olmağı bacardılar.

Biz isə hələ də Qarabağla bağlı ciddi bir sənədin qəbul olunmasına nail olmamışıq.

-Azərbaycan diasporları Dağlıq Qarabağ məsələsində ermənilərin saxta faktlarına qarşı hansı işlər görməlidirlər?

-Azərbaycanın zəngin təbii sərvətləri,  tarixi, mədəniyyəti , sürətlə inkişaf edən iqtisaddiyyatı  və çox böyük dövlətçilik təcrübəsi var. Azərbaycanda həyatın bir sıra sahələri inkişaf edir. Və bu inkişaf kontekstində biz əgər Qarabağ həqiqətlərini və Ermənistanın Azərbaycana təcavüzü məsələsini çatdırsaq bu daha yaxşı effekt verə bilər. Azərbaycanla bağlı və xalqımıza qarşı törədilmiş soyqırım siyasəti ilə bağlı azərbaycanlı müəlliflər tərəfindən yazılan materiallar başqa ölkələrin ictimaiyyətində bir az qeyri obyektiv təəssürat yaradır. Mən bu baxımdan hesab edirəm ki,   xarici ölkələrin elm  adamlarının, jurnalistlərinin, ictimaiyyət nümayəndələrinin  bu həqiqətləri anlamaları vacibdir ki, onlar bu  həqiqətlər haqqında yazsınlar,  bunun effekti daha böyük olar. Bunun üçün də diasporun fəaliyyəti çox vacibdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31