İspaniyada Azərbaycan diasporu
23 Dekabr 2013 16:48 DiasporaAzərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də İspaniyadır. İspaniyaya azərbaycanlıların mühacirət tarixi, buradakı soydaşlarımızın sayı barədə müxtəlif məlumatlar mövcuddur. Yaxın tarixə və İspaniyadakı etnik qrupların tərkibinə nəzər salsaq görərik ki, azərbaycanlıları bu ölkədə yaşayan etnik qruplardan biridir. Dünya Azərbaycanlıları Konqresinin bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən İspaniyada 14 min nəfər etnik azərbaycanlı yaşamaqdadır. Tarixi mənbələrdən məlum olur ki, ispanların Azərbaycana və azərbaycanlı alimlərə marağı hələ XII-XIII əsrlərdən başlanıb. Xüsusilə, Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusinin əsərləri o zaman ispan səyyahları və alimlərinin böyük marağına səbəb olub. Xristofor Kolumbun Amerika səfərini maliyyələşdirən İspan Kralının xəzinədarı, milliyyətcə yəhudi olan Qabriel Sanxes onu pul və əşyalarla təmin eib. Qabriel Sanxesin əldə etdiyi sədəf üçün ləvazimatlar içərisinə müəllifi Nəsrəddin Tusi olan xəritə, miqyas (kompasın qədim növü) və digər astronomiya cihazları daxil idi. XV əsrdən etibarən isə Azərbaycan dövlətləri (Ağqoyunlu, Səfəvi) Avropa ilə müntəzəm əlaqələr saxlayırdı. Həmin dövrdə İspaniya ilə də diplomatik və ticari münasibətlər qurulmuşdu. Xüsusən, Şah Abbasın dövründə qarşılıqlı əlaqələr inkişaf etmiş və 1599-cu ildə Huseynəli bəyin başcılığı ilə İspaniya Kralının hüzuruna nümayəndə göndərilmişdi. Nümayəndə heyətinə Əliqulu bəy, Oruc bəy Bayat və Bunyad bəy daxil idi. Turkiyə əleyhinə müqavilə bağlamağa gedən elçilər Xəzər dənizi, Volqa çayı, Rusiya, Skandinaviya, Almaniya, İtaliya yolu ilə gedərək İspaniyaya çıxmış və burada naməlum səbəblər üzündən xristianlığı qəbul etmişdilər. İspan Kralı III Filip onları xaç suyuna salmış və Əliqulu bəyə don Filip, Bunyad bəyə don Dieqo və Oruc bəyə isə Don Juan adı vermişdi. Bu elçilər xristianlığı qəbul etdikdən sonra İspaniya və Avropada öz müsbət keyfiyyətlərinə görə tanınmış və sevilmişdilər. 1604-cu ildə isə ölkənin o zamankı paytaxtı Valyovildə Azərbaycan Səfəvi dövlətinə aid kitabın nəşr olunmasında Oruc bəyin rolu böyük olmuşdu.
İspaniyaya soydaşlarımızın mühacirəti XIX əsrin sonu - XX əsrin əvvəllərində daha kütləvi şəkil alır. Avropadan mühacirət edən azərbaycanlılar İspaniyanın paytaxtı Madriddə və digər şəhərlərdə məskunlaşırlar. II dunya muharibəsindən sonra da xeyli sayda soydaşımız İspaniyada məskunlaşmalı olur. 1991-ci il dövlət müstəqilliyimiz elan edildikdən sonra İspaniya ilə iki tərəfli diplomatik münasibətlər qurulub və hazırda ticari, iqtisadi, diplomatik sahələrdə əlaqələrin intensiv şəkildə inkişaf edir. Son statistik məlumatlara əsasən İspaniyada yaşayan azərbaycanlıların təqribi sayı 5 minə yaxın göstərilir.
Bu gün İspaniyada bir sıra Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir ki, onlardan da biri "Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətidir. "Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti İspaniyanın Valensiya şəhərində yaradılıb. Təşkilatı Valensiya şəhərinin qubernatorluğu qeydə alıb. " Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin məqsədi Azərbaycanı İspaniyada tanıtmaq, ispan və Azərbaycan xalqları arasında əlaqələri möhkəmləndirmək, eyni zamanda, bu şəhərdəki soydaşlarımızın İspaniya ilə daha yaxından tanışlığını təmin etməkdir. "Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti, həmçinin, bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan icmaları, eləcə də başqa xalqların diaspor təşkilatları ilə əlaqələri var."Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin rəhbəri Gülnarə Xanbabayevadır. O həmçinin, CF Baku de Valencia ispan futbol klubunun yeganə qadın prezidentidir. Əsas fəaliyyəti Bakı ilə Madrid arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi olan"Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti Azərbaycan həqiq\ətlərinin İspan cəmiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı da müntəzəm olaraq tədbirlər təşkil edir. Cəmiyyət İspaniyanın nüfuzlu kütləvi informasiya vasitələri ilə yaxından əmıkdaşlıq edir, təşkil etdiyi tədbirlərin həmin mətbuat vasitələrində çapına nail olur. Bundan başqa cəmiyyət ispaniyalı jurnalistlərin Azərbaycana səfərinə də imkan yaradır ki, bu da ispan junalistlərin ölkəmiz haqqında daha ətraflı məlumata malik olmaları üçün əlverişlidir. Belə səfərlərdən biri bir müddət əvvəl Azərbaycana təşkil edilib. Belə ki, səfər çərçivəsində İspaniyanın "EFE" İnformasiya Agentliyinin redaktoru Karmen Klara Rodriges Alonso Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri, onun yaratdığı problemlərdən danışıb, həmçinin ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımı, Sumqayıt hadisələri, Xocalı faciəsi haqqında ətraflı məlumat verib. O, Ermənistanın BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərar və qətnamələrinə əməl etmədiyini diqqətə çatdırıb. Əli Həsənov Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində ölkəmizə 300 milyard dollar ziyan dəydiyini bildirib, dövlətin 1 milyon 200 min qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində gördüyü irimiqyaslı işlərdən danışıb. İspaniyanın "EFE" İnformasiya Agentliyinin redaktoru Karmen Klara Rodriges Alonso bildirib ki, Azərbaycana səfərində məqsəd 20 Yanvar faciəsi, Xocalı və 31 Mart soyqırımları haqqında reportajlar hazırlamaq, 2014-cü ilin birinci rübündə ispan, ingilis, ərəb və portuqal dillərində yayımlamaqdır.
İspaniyadakı Azərbaycan diasporunun digər bir mühüm tədbiri noyabrın 22-də İspaniya Senatında Azərbaycan ilə İspaniya arasında tərəfdaşlığın genişləndirilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş "Azərbaycan bu gün Avropadadır. Azərbaycan ilə İspaniya arasında etimadın tənzimlənməsi" mövzusunda konfransın keçirilməsi olub. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun da təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan tərəfdən konfransda Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri, Milli Məclisin deputatı Ayaz Orucov, deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Oruc və Ceyhun Osmanlı iştirak ediblər. İspaniya tərəfdən konfransda 80 senator və deputat, 70-ə yaxın akademik, professor, media təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib. İspaniyadakı soydaşlarımızın Azərbaycanın təbliği istiqamətində atmış olduğu addımlardan biri də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasiminin keçirilməsi olub. "Evsen" şirkətlər qrupunun təşkilatçılığı və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə İspaniya hökumətinin, parlamentinin üzvləri, 20-dən artıq ölkənin səfirləri, ispan ictimaiyyətinin, işgüzar dairələrinin, Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər. Mərasimdə çıxış edən "Evsen" şirkətlər qrupunun prezidenti Əli Evsen ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarı olmaqla yanaşı, həm də onun qurucusudur. Ümummilli liderin səyləri, uzaqgörən siyasəti nəticəsində qurulmuş müstəqil dövlətimizin hazırda əmin əllərdə olduğunu deyən Əli Evsen qeyd edib ki, bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın nailiyyətləri dünya ölkələrinə nümunə göstərilir. Bütün bu uğurlar ərazilərimizin Ermənistan tərəfindən işğalının davam etdiyi bir şəraitdə baş verib. Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev isə ulu öndər Heydər Əliyev dühası barədə fikirlərini bildirib, ümummilli liderin xarici siyasət konsepsiyası haqqında söz açıb. Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsində hazırda Azərbaycan dünya miqyasında nüfuzlu dövlətə çevrilib. Səfir İspaniya-Azərbaycan əlaqələrinin inkişafına da Heydər Əliyevin böyük töhfələr verdiyini vurğulayıb. Tədbirdə "DIPLOMACIA-Siglo veinte uno" adlı jurnalın Azərbaycana, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan buraxılışı və son 10 ildə ölkəmizin nailiyyətlərindən bəhs edən broşürlər qonaqlara təqdim edilib.Daha sonda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir