2013-cü il türk diaspor təşkilatları ilə əlaqələrin inkişafı ili oldu

Əvvəli ötən sayımızda

Cari ildə diaspor sahəsində yadda qalan tədbirlərdən biri də iyul 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun keçirilməsi oldu. 44 ölkədən 550 nəfərin iştirak etidiyi forumda Azərbaycan, Türkiyə, Qazaxıstan Qırğızıstanın diaspor təşkilatlarının təmsilçiləri, dövlət və hökumət rəhbərləri, QHT nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edirdi. Forumu açan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncı tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O bildirib ki,  sovetlər birliyi dağıldıqdan sonra türkdilli dövlətlər arasında əməkdaşlıq güclənməyə başlayıb. Türkdilli ölkələrin beynəlxalq səviyyədə tanıdılması, onların problemlərinin həlli istiqamətində diaspor təşkilatları mühüm rol oynayır. Tədbir iştirakçılarını  salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Forumun işinə uğurlar arzulayıb və bildirib ki, Türk dünyasının siyasi coğrafiyası müstəqillik qazanan türkdilli dövlətlərin hesabına genişlənib. Azərbaycanın hər zaman  hər zaman Türk dünyasının birliyi ideyasına böyük önəm verdiyini qeyd edən Nazim İbrahimov ümummilli lider Heydər Əliyevin arzusu olan bu ideyanın artıq gerçəkləşməyə başladığını deyib və əlavə edib ki, Prezident İlham Əliyevin dəstəyi və nəzarəti ilə türk dünyasında ardıcıl addımların atılmasına başlanılıb. Nazim İbrahimov qeyd edib ki,  bu gün dünyada türk diasporunun milyonlarla nümayəndəsi vardır və türk xalqları arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir. Dövlət Komitəsinin sədri söyləyib ki, Türk dünyasının qarşısında böyük perspektivlərin açıldığı bir vaxtda keçirilən bu forumun türk xalqlarının birliyinə, dünyaya inteqrasiyasına öz töhfələrini verəcək və diaspor təşkilatlarının əməkdaşlığı türk dünyasının gücünə güc qatacaq. Forumun yekununda Bakı Bəyannaməsi və Azərbaycan prezidenti İlham Əliyevə, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevə, Qırğızıstan prezidenti Almazbek Atambayevə və Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülə müraciət qəbul olunub. Bəyannamədə türk xalqlarının birliyinin möhkəmləndirilməsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.  Sənəddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor təşkilatlarının doqquz istiqamətdə fəaliyyətinin koordinasiya olunması tövsiyə edilib. Bildirilib ki, Forum iştirakçıları türkdilli ölkələrin diasporlarının təşkilatlanma prosesinə dəstək verilməsi, türkdilli diaspor təşkilatlarının, icma və qurumlarının fəaliyyətinin koordinasiya olunması məqsədilə regional mərkəzlərin yaradılmasını, eləcə də dünya ictimaiyyətinin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edir. Dövlət başçılarına müraciətdə isə qeyd olunub ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərləri dövlət başçılarını əmin edir ki, türkdilli xalqların vahid birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün var güclərini əsirgəməyəcək, bu istiqamətdə səylərini daha sıx birləşdirəcəklər.

Sentyabrın 5-də isə Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə beynəlxalq toplantı öz işinə başlayıb. Ali Səviyyədə Görüşdə Latviya, Finlandiya, Hollandiya, Şri-Lanka və digər ölkələrin keçmiş dövlət və hökumət başçılarının, həmçinin bir sıra nüfuzlu beynəlxalq qurumların - İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etika təşkilatının rəhbərləri iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov toplantını giriş sözü ilə açaraq qonaqlara Prezident İlham Əliyevin xüsusi salamlarını çatdırıb. Daha sonra Nazim İbrahimov bildirib ki, bugünkü toplantının məqsədi 2014-cü ildə keçiriləcək Açıq Cəmiyyət Forumunun daha geniş miqaysda keçirilməsinə hazırlıq, qarşıdakı bir il üçün fəaliyyət strategiyası və görüləcək işləri müəyyənləşdirmək, Azərbaycanın dünyada tanıdılmasına xidmət etməkdir. Azərbaycanın  qədimdən tolerant ölkə olduğunu vurğulayan Dövlət Komitəsinin sədri tədbirin keçirilməsi üçün məhz Bakının seçilməsinin təsadüfi olmadığnı qeyd edib və bunu son zamanlar islam dünyasında cərəyan edən gərginliklər fonunda Azərbaycanın stabil və inkişaf etməkdə olan bir ölkə statusu ilə əlaqələndirib. Bu seçimə görə Dövlət Komitəsinin sədri Madrid Klubunun rəhbərliyinə təşəkkür edib. Ali Səviyyədə Görüş sabah - sentyabrın 6-da yekunlaşıb. Toplantının sonunda BMT-nin baş katibi Pan Gi Muna və qurumun Baş Məclisinə müraciət qəbul edilib.

2013-cü ildə diaspor sahəsində baş verən mühüm hadisələrdən biri də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun II Forumunun keçirilməsi oldu. Belə ki, oktyabrın 6-da Kiyevdə "Prezident" mehmanxanasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun II Forumu keçirilib. Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin dəstəyi ilə "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" (UABD) Ümumukrayna ictimai təşkilatı tərəfindən keçirilən tədbir "Ukraynada Azərbaycan Diasporunun inkişaf perspektivləri" mövzusuna həsr olunub. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov rəhbərlik etdiyi təşkilatın 2012-ci ilin iyun ayında Ukrayna Azərbaycanlıları diasporunun I Forumundan sonrakı müddətdə keçirdiyi çoxsaylı tədbirlər haqqında söhbət açıb, rəhbərlik etdiyi qurumun taktiki və strateji planları, o cümlədən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizlə telekörpülər təşkil edilməsi barədə məlumat verib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Ukrayna Azərbaycanlılarının bundan sonra da həmrəy olması, bir neçə təşkilatın vahid sağlam ictimai qüvvə şəklində birləşməsi məsələsinə daimi dəstək və hərtərəfli köməyə görə Azərbaycanın Ukraynadakı Səfirliyinə və Səfir Eynulla Mədətliyə təşəkkürünü bildirib. Sonra səfir Eynulla Mədətli çıxış edib. O, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və onun sədrinin fəaliyyətini müsbət qiymətləndirərək həmvətənlərimizin təşkilatları arasında nəzərə çarpan fəallığı və sağlam rəqabəti, onların birləşməyə yönəlmiş müxtəlif tədbirlər keçirmələrini vurğulayıb. Ölkəmizin Ukraynadakı keçmiş səfiri Tələt Əliyev, Ukrayna Azərbaycanlıları Konqresinin keçmiş sədri İlqar Abbasov, Nikolayev vilayətindəki Azərbaycan Diasporunun liderlərindən biri olan Ələddin Məhərrəmov və başqaları Ukraynadakı həmvətənlərimizin daha sıx birləşməsi, tarixi vətənlə əlaqələrin möhkəmləndirməsi məsələlərinə toxunub, soydaşlarımızın həmrəy olmasını vacib sayıblar. Məşhur ukraynalı siyasətçi, UABD-nin tərkib hissəsi olan Ukrayna Türk Xalqları Konqresinin rəhbəri Yuri Zbitnev etnik Azərbaycanlıların ictimai fəallığını yüksək qiymətləndirərək əmin olduğunu bildirib ki, bu insanlar yaşadıqları ölkənin böyük siyasətində, Ukrayna hakimiyyət orqanlarının bütün şaxələrində sanballı mövqelər tutacaqlar. Sonra hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev Azərbaycan diasporunun Ağsaqqallar Şurası və Alimlər Şurası kimi ictimai təşkilatlarının yaradılmasını, sahibkar Murad Cəfərov, tanınmış hüquq müdafiəçisi Eduard Bağırov, Kiyevdəki bir sıra ali məktəblərin müəllimi, dosent Fərhad Turanlı öz profillərinə uyğun strukturlar yaradılmasını təklif ediblər. Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Ukraynanın xalq artisti Qurban Abbasov Ukrayna Azərbaycanlılar Diasporunun I Forumundan sonra keçirilmiş çoxsaylı mədəni tədbirlər haqqında danışıb. Xarkov vilayətində həmvətənlərimizin liderlərindən Fəxrəddin İsmayılov, Diasporda qadın hərəkatının fəal üzvü Mətanət Rzayeva, Dnepropetrovsk vilayəti azərbaycanlıları liqasının nümayəndəsi Eldar Tağıyev, Odessa vilayətindəki Gənclər Təşkilatının fəal üzvü Elsevər Paşayev və başqaları Ukraynada Azərbaycan Diasporunun inkişaf perspektivləri barədə fikirlərinin bölüşüblər. Natiqlərin çıxışlarından sonra Azərbaycan diasporunun tanınmış nümayəndələrinə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri mükafatları təqdim edilib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31