“Rusiyadakı Azərbaycan diasporasının fəaliyyətini ümumilikdə qənaətbəxş hesab etmək olmaz”
Azad İsgəndərli: “Rusiya Federasiyasında azərbaycanlılara qarşı mənfi münasibət səngiyib. Amma bütün bunlara baxmayaraq soydaşlarımız əziyyət çəkirlər”
17 Dekabr 2013 16:23 DiasporaSon vaxtlar Rusiya Federasiyasının müxtəlif subyektlərində miqrantlara, xüsusilə azərbaycanlılara qarşı təzyiq və təqiblərin artması bir sıra adekvat addımların atılmasını zəruri edib. Dövlətin müvafiq qurumları yaranmış problemi rəsmi səviyyədə həll etməyə çalışdığı halda, ayrı-ayrı qeyri-hökumət təşkilatları da bu məsələdə aktivlik nümayiş etdirir, Belə təşkilatlardan biri də Rusiyada Azərbaycanlıların Mdüafiə Komitəsidir. Rusiyada Azərbaycanlıların Müdafiə Komitəsinin sədri Azad İsgəndərli "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun yaranma zərurəti, ötən müddət ərzində gördüyü işlər, eləcə də qarşısına qoyduğu vəzifələr haqqında danışıb. Azad İsgəndərli Rusiya Federasiyasındakı Azərbaycan diasporunun vəziyyəti, soydaşlarımızın üzləşdiyi problemlər barədə də danışıb.
-Azad müəllim, Rusiyada Azərbaycanlıların Müdafiə Komitəsinin yaradılması hansı zərurətdən meydana çıxdı və komitə ötən müddət ərzində hansı tədbirlər həyata keçirib, bu istiqamətdə hansı addımlar atıb?
- Rusiyada Azərbaycanlıların Müdafiə Komitəsi əsasən soydaşımız Orxan Zeynalovun Rusiya Federasiyasındakı həbsindən və həbs zamanı ona qarşı bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən qeyri-qanuni, insan şərəf və ləyaqətinin alçaldılmasına xidmət edən hərəkətlərdən sonra yaradıldı. Yəni, təşkilatın yaranma zərurəti buradan meydana çıxdı. Çox keçmədən Moskva və Rusiyanın digər şəhərlərində azərbaycanlıların ticarət obyektlərinə "miqrantların sənədlərinin yoxlanılması" adı altında qərəzçilik xarakteri daşıyan basqınlar və minlərlə soydaşlarımızın Rusiyadan qeyri-qanuni deportasiya olunması fəaliyyətimizi aktivləşdirmək zərurəti yaratdı. Adıçəkilən komitəyə rəhbərlik edən şəxs olaraq mən bununla bağlı Rusiya Federasiyasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsmanı) Vladimir Petroviç Lukinə görüş üçün rəsmi müraciət etdim. Vladimir Petroviç Lukin ağır xəstə olduğundan məni onun birinci müavini Fridrix Qeorqieviç Kunadze qəbul etdi. Qəbulda biz Rusiya Ombudsman Aparatının bütün baş verənlərə ciddi reaksiya verməməsindən narahat olduğumu bildirdim. Nəinki mən, hətta Azərbaycan xalqının da ciddi narahatçılığını onun diqqətinə çatdırdım. Cənab Fridrix Qeorqieviç Kunadze mənim onunla mövcud problemlə bağlı görüşümü və Azərbaycan xalqının narahatçılığını Rusiya prezidentinə rəsmi şəkildə çatdıracağını söylədi və bildirdi ki, hər şeyin həll edilməsi üçün bütün qüvvələrini səfərbər edəcək. Bundan sonra mən Moskva meri Sobyaninin müavini cənab Qorbenko ilə görüşdüm. Görüşümüz ərzində aparılan söhbət demək olar ki, cənab Kunadze arasında keçirilən görüş ilə eyni oldu. Həmçinin Qorbenko da söz verdi ki, heç bir narahatçılığa səbəb yoxdur. Burada azərbaycanlılara yönəlik bir qərəzçilik yoxdur. O, da cənab Kunadze kimi mənə dedi ki, Orxan Zeynalovun həbsxanada saxlanma rejimi tam Avropa standartlarına uyğundur. Rusiyada görüş keçirdiyim hər iki tərəf vacib bir hadisə baş verdikdə mənimlə əlaqə saxlayacaqlarını bildirdi. Hazırda "Facebook" və digər şəbəkələrdə "Rusiyada Yaşayan Azərbaycanlıların Hüquqlarının Müdafiəsi Komitəsinin" səhifəsini yaratmışıq. Yaxın günlərdə toplantı keçirəcəyik və Sankt-Peterburq şəhərinə səfər edəcəm. Bütün dünya azərbaycanlılarına "youtube.com" -da (Azad İskəndərli) rəsmi müraciət etmişik. Müraciətdə hər kəsi bu qurumda birləşməyə səsləmişik
-Yəqin ki, müntəzəm olaraq Rusiyadakı soydaşlarımızla maraqlanırsınız. Hazırda Rusiyada azərbaycanlılara qarşı olan münasibəti necə dəyərləndirirsiniz?
-Hazırda Rusiya Federasiyasında azərbaycanlılara qarşı mənfi münasibət səngiyib. Müşayət edilən odur ki, bu istiqamətdə də inkişaf gedir. Amma bütün bunlara baxmayaraq soydaşlarımız əziyyət çəkirlər. Bunun da səbəbi bəzi cinayətkar qruplaşmalar və hakimiyyət daxili mafioz qurupların bir-birlərinə qarşı apardığı mübarizədir. Hesab edirəm ki, bu problem hec bir zaman tam yoluna qoyulmayacaq. Bu cür düşündüyümüz üçün də yuxarıda adını qeyd etdiyimiz qurumu təsis etdik.
-Sizcə, Rusiya Federasiyasındakı Azərbaycan diasporu bu istiqamətdə hansı addım atmalıdır?
-Rusiya Federasiyasındakı Azərbaycan diasporası bu sahədə kəskin və lazım gəlsə hətta radikal addımlar atmaqdan belə çəkinməməlidir. Amma çox təəssüflər olsun ki, Rusiyadakı diaspora təşkilatlarının da başı pul-para qazanmağa qarışıb. Hələ də bizimlə Rusiyadakı diaspor təşkilatlarından bir nəfər belə əlaqə saxlamayıb. Hesab edirəm ki, bu bizim millət olaraq faciəmizdir.
-Ümumiyyətlə, Rusiya Federasiyasındakı Azərbaycan diasporunun vəziyyətini qənaətbəxş saymaq olarmı?
-Hesab edirəm ki, Rusiya Federasiyasındakı Azərbaycan diasporasının fəaliyyətini ümumilikdə qənaətbəxş hesab etmək olmaz.
-Yaxın vaxtlarda Rusiya Federasiyasına səfər edərək vəziyyətlə yerindəcə tanış olmaq barədə düşünürsünüzmü?
-Bəli. Yaxın günlərdə Sankt-Peterburq şəhərinə səfər etməyi nəzərdə tutmuşam. Mənim istəyim Rusiya Federasiyasında yaşayan azərbaycanlıları, iş adamlarımızı, diaspora təşkilatlarını birləşdirmək və onların birlik, həmrəylik istiqamətində ciddi iş aparmalarına dəstək verməkdir. Eyni zamanda onlarla mütəmadi olaraq əməkdaşlıq etmək istəyirik. Təsis etdiyimiz qurumun Rusiya Federasiyasında da nümayəndəliyini açmağı düşünürük. Rusiya Federasiyasında yaşayan azərbaycanlıların, iş adamları, diaspora təşkilatlarının bu işə ciddi yanaşması vacibdir və bu istiqamətdə bizə köməklik göstərsələr bu ümumi işin xeyrinə olar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir