Niderlanddakı Azərbaycan diasporundan daha bir uğurlu layihə
17 Dekabr 2013 13:42 DiasporaNiderland Krallığında fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin yeni ofisinin və birliyin təşkil etdiyi Nizami Gəncəvi adına Azərbaycan məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyinin nümayəndələri, Benilüks Azərbaycanlılar Konqresinin, Hollandiyada Azərbaycan Türk Kültür Dərnəyinin, Azərbaycanın Hollandiyalı Dostları Cəmiyyətinin, eləcə də Niderlandda fəaliyyət göstərən başqa cəmiyyətlərin üzvləri, ziyalılar, Türkiyə mətbuatının nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva iki gün öncə ümummilli lider Heydər Əliyevin vəfatının 10 illiyinin böyük hüznlə qeyd edildiyini diqqətə çatdıraraq ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Cəmiyyət sədri daha sonra cəmiyyətin yaranma tarixindən, fəaliyyətindən söz açaraq qeyd edib ki, 2004-cü ildə yazıçı və ziyalı xanım Gülşən Lətifin rəhbərliyi ilə yaranan və fəaliyyət göstərən birliyin əsas məqsədi Azərbaycanın tarixini, mədəniyyətini, elmini, milli-mənəvi zənginliklərini və eləcə də problemlərini Niderland cəmiyyətinin diqqətinə çatdırmaq olub. Cəmiyyət həmçinin bu illər ərzində müxtəlif festivallarda ölkəmizi ləyaqətlə təmsil etməklə yanaşı, Xocalı soyqırımı qurbanlarının anılması, Qarabağ müharibəsini əks etdirən kitab və rəsm əsərləri sərgilərinin təşkilində də fəallıq göstərib. Mayisə Ağamirzəyeva həmçinin Nizami Gəncəvi adına Azərbaycan məktəbi haqqında məlumat verib: "Azərbaycan dilini və ədəbiyyatını Niderlandda yaşayan həmvətənlərimizin uşaqlarına öyrətmək və bununla da yeni nəslin millətini, xalqını, tarix və ədəbiyyatını daha dərindən tanımasına şərait yaratmaq üçün bazar günləri fəaliyyət göstərən kiçik bir məktəb yaratdıq və bu gün açılışına toplaşdığımız məktəbimizə dahi Azərbaycan şairi N. Gəncəvinin adının verilməsini qərara aldıq". Cəmiyyət sədri sonda cəmiyyət adından göstərdikləri hər cür dəstəyə və məktəbin açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinə, eləcə də məktəbin lazımi əyani vəsait və kitablarla təmin edilməsində yardım etdiyinə görə Azərbaycanda fəaliyyət göstərən "Təhsil" nəşriyyat-poliqrafiya müəssisəsi və "AzPoliqraf" nəşriyyat-poliqrafiya müəssisəsinə təşəkkürünü bildirib. Məktəbə dahi şairin rəsmi toxunmuş xalça və bir neçə şəxsi kitabını bağışlayan "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin fəxri sədri, yazıçı Gülşən Lətif öz çıxışında doqquz il öncə yaratdığı təşkilatın bu günkü fəaliyyəti ilə qürur duyduğunu bildirərək YUNESKO tərəfindən 800 illik yubileyi qeyd edilən Nizami Gəncəvinin adının bu məktəbə verilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Niderland Krallığındakı Fövqəladə və səlahiyyətli səfirinin müavini Fərid Zeynallı, səfirliyin nümayəndəsi Nahid Cəfərov tədbirdə çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan diaspormuzun təşkilatlanması tarixindən, əldə olunan nailiyyətlərdən danışmış, prosesə dəstək verilməsinin bir dövlət qurumu olaraq diplomatik nümayəndəliklər üçün daim prioritet olduğunu və "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinə və Nizami Gəncəvi adına Azərbaycan məktəbinə bundan sonra da lazımı dəstək göstərəcəklərini qeyd ediblər. Daha sonra müstəqil jurnalist Elnaz Sanqin, Benilüks Azərbaycanlıları Konqresinin nümayəndələri Elsevər Məmmədov və Ofeliya Babayeva, məktəbin direktoru Almaz Kərimli və digərləri öz ürək sözlərini söyləyərək cəmiyyətə və məktəbə uğurlar diləyiblər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir