Diaspor təşkilatları Heydər Əliyevin xatirəsini yad ediblər

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ölkəmizin xarici ölkələrdə fəaliyyət diaspor təşkilatları tərəfindən müxtəlif regionlarda geniş şəkildə qeyd olunub. Birləşmiş Ştatlarda Azərbaycan Nyu-York Assosiasiyasının nümayəndələri tərəfindən təşkil olunan anım mərasimində Nyu-Yorkda yaşayan azərbaycanlılar fəal iştirak edib. Mərasimdə çıxış edən Assosiasiyanın rəhbəri Ercan Yerdələnli ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, Azərbaycanın müsbət siyasi aurasını, özünəməxsus beynəlxalq imicini yaratmasından, dövlət siyasətinin formalaşması sahəsində həyata keçirdiyi islahatlardan danışıb. Heydər Əliyevin vəfatının 10-cu il dönümü ilə bağlı Kanada da anma mərasimləri keçirilib.  Monreal şəhərində Kvebek Azərbaycanlıları  Assosiasiyanın mərkəzində ümummilli liderin anım günü ilə əlaqədar dəyirmi masa təşkil edilib. Tədbirdə ümummilli liderin quruculuq siyasəti, hakimiyyətdə olduğu müddətdə siyasi fəaliyyətinin əsas istiqamətləri, xalq qarşısında əvəzolunmaz xidmətləri müzakirə olunub. Tədbirin sonunda Vaqif Mustafayevin Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Xüsusi təyinat" adlı qısametrajlı sənədli filmi nümayiş edilib. Benilüks Azərbaycanlıları Konqresinin Amsterdamda yerləşən baş qərargahında Heydər Əliyevin xatirəsinə həsr olunmuş  "Ölməz Ulu Öndər-Heydər Əliyev" adlı anım mərasimi keçirilib. Tədbirdə Benilüks Azərbaycanlıları Konqresinə daxil olan təşkilatların rəhbərləri, siyasi xadimlər, ziyalılar, Azərbaycan, türk, yəhudi icmalarının nümayəndələri, iş adamları iştirak ediblər. Tədbir zamanı Heydər Əliyevin həyatından bəhs edən film nümayiş olunub, dahi şəxsiyyətə həsr olunmuş və müxtəlif dillərdə çap olunmuş kitablar paylanıb. Benilüks Azərbaycanlıları Konqresi adından rəsmi qonaqlara "Caspian International Company Amsterdam" şirkətinin sponsorluğu ilə İsveçrənin WMC şirkətində hazırlanmış və üzərində ümummilli liderin portreti həkk olunmuş qol saatları hədiyyə edilib. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib. Tədbirdə Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki bir neçə ali məktəbin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər. Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birgə Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xalqın taleyinə bağlı ömür" tədbiri keçirilib. Tədbirdə Almaniyada fəaliyyət göstərən bir çox diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Xatirə gecəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış  "Azərbaycan deyəndə....." sənədli filmi nümayiş olunub. Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən "Alm.Az" Drezden Almaniya - Azərbaycan Dostluq cəmiyyətinin təşkilatçılığı ilə Müstəqil Azərbaycanın memarı, ümummilli lider  Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə həmyerlilərimizlə yanaşı, Saksoniya əyalətinin nüfuzlu ictimai xadimləri də iştirak ediblər. Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti tərəfindən də Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim zamanı ümumilli liderin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayiş olunub. Haaqa şəhərində isə "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin yeni binasının açılışı olub. Yenicə açılmış ofisdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Birləşmiş Ərəb Əmirliklərindəki "Azərbaycan" Cəmiyyətinin rəhbəri Samir İmanov tərəfindən Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı anma tədbiri təşkil olunub. Dubayda ingilis dilində nəşr olunan "Gulf News" qəzetində isə tədbir haqqında "BƏƏ-dəki Azərbaycan diasporu ulu öndər Heydər Əliyevin xatirəsini yad etmişdir" sərlövhəli məqalə dərc edib. Məqalədə deyilir: "JW Marriott" otelində keçirilən tədbirdə BƏƏ-dəki Azərbaycan diasporunun rəhbəri Samir İmanov ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu və keçmiş SSRİ-də yüksək vəzifədə çalışdığı dövrdə ölkənin inkişafı üçün böyük işlər görüb. Ulu Öndər yenidən siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı inkişaf yoluna çıxarıb, onun müstəqilliyini dönməz və əbədi edib. Bu dahi şəxsiyyət müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqın rifahının yüksəlməsinə nail olub.
Samir İmanovun tədbirdəki çıxışından sitat gətirən müəllif yazıb: "Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində müstəqil Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayaraq dünya iqtisadiyyatının ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Bu gün Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlətin yaradılması birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır". İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyevin vəfatının onuncu ildönümünə həsr olunmuş açıq qapı günü keçirilib. Həmin gün mədəniyyət mərkəzinə sovet dövründə və müstəqillik illərində uzun müddət Azərbaycana rəhbərlik etmiş şəxsiyyətə ehtiramını bildirmək istəyən çoxlu İsrail vətəndaşı gəlib. Mədəniyyət mərkəzinə gələnlər Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi, Ulu Öndərin ömür yoluna həsr olunmuş ədəbiyyatla tanış olub, onun maraqlı bioqrafiyasından sətirləri və Heydər Əliyevin sitatlarından ibarət "Müdrik sözlər" məcmuəsində toplanmış "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!", "Qürur duyuram ki, Azərbaycan müstəqil, azad və güclü dövlətdir!" kimi məşhur sözləri və aforizmləri dönə-dönə oxuyublar. Azİz-in baş direktoru Lev Spivak Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Moskvada çap olunmuş "Öndər" kitabını Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib. Görkəmli dövlət xadimi və beynəlxalq səviyyəli böyük siyasi xadim Heydər Əliyevin yubileyi münasibətilə nəşr olunmuş kitabda dünya dövlətlərinin prezidentlərinin, hökumət başçılarının, xarici işlər nazirlərinin, böyük liderlərinin, habelə Azərbaycanın tanınmış dövlət xadimlərinin xatirələri yer alıb. "Öndər" kitabında Heydər Əliyevlə şəxsi tanışlığı olan tanınmış şairlərin şeirləri, filosofların aforizmləri, tanınmış xadimlərin fikirləri Ulu Öndərin bioqrafiyasından olan, bir çoxu ilk dəfə nəşr olunan mühüm sənədlərlə yanaşı verilib. Azİz-in nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman qiymətli hədiyyəyə görə minnətdarlığını bildirərək əmin edib ki, böyük siyasi xadimin ömür yolundan söz açan kitab mərkəzin nəzdində milli kitabxananın ən qiymətli eksponatlarından biri olacaq. Sankt-Peterburqda Heydər Əliyevin 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbində təhsil aldığı Qoroxova küçəsindəki 6 nömrəli binanın qarşısında onun xatirəsi yad edilib. Tədbirdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun əməkdaşları, "Naxçıvan" Azərbaycanlıların Dostları Cəmiyyətinin nümayəndələri, habelə Sankt-Peterburq şəhərinin Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər. Çıxış edənlər Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara böyük diqqət yetirdiyini və dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporu nümayəndələrinin sıx birləşməsində mühüm rolunu qeyd ediblər. Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov iştirakçılara Heydər Əliyevin düşünülmüş, məqsədyönlü fəaliyyətindən və ümummilli liderin müdrik rəhbərliyi altında Azərbaycanın müstəqil dövlətə çevrilməsindən danışıb. "Naxçıvan" Azərbaycanlıların Dostları Cəmiyyətinin sədri İdris Qəhrəmanov xaricdə yaşayan azərbaycanlıların Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası ətrafında birləşməsinin vacibliyini bildirib. Tədbirin sonunda Azərbaycan xalqının ümummilli liderinin barelyefi önünə tər çiçəklər düzülüb. Kiyev şəhərində yerləşən Heydər Əliyev parkında "Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspou" İctimai Birlyinin nümayəndələri ulu öndərin əbədi xatirəsinə həsr olunmuş abidəni ziyarət edərək, qarşısına əklil qoyub, ümumumilli liderin xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Daha sonra Ukraynanın Kiyev şəhərində "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporası"nın ofisində tədbir keçirilib. Tədbiri çıxış sözü ilə açan UABD-nin sədri Hikmət Cavadov qeyd edib ki, ulu öndər Heydər Əliyevin parlaq siyasi fəaliyyəti nəticəsində hazırda Azərbaycan nəinki regionda, hətta dünya miqyasında öz layiqli yerini tutub. Tədbirdə iştirak edən Kiyev Milli Aviasiya Universitetinin Beynəlxalq Hüquq kafedrasının professoru Arif Quliyev, "Kiyev - Mogilyan Akademiyası" Milli Universitetinin ümumi və slavyan dilçilik kafedrasının professor, tarix elmləri namizədi Fərhad Turanlı, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət mərkəzinin sədri Qurban Abbasov, Ümumukrayna Azərbaycan Gənclər Təşkilatının idarə heyətinin üzvü Ruhəngiz Əliyeva Heydər Əliyevin gördüyü işlər barədə söz açaraq qeyd ediblər ki, məhz onun yeritdiyi qlobal siyasətin nəticəsi olaraq Azərbaycan bu gün dünyada dinamik inkişaf edən dövlətlərin sırasındadır. Eyni zamanda, Ukraynada məskunlaşmış azərbaycanlılar burada rahat, təhlükəsiz şəraitdə yaşadıqları üçün Heydər Əliyevə minnətdar olduqlarını bildirərək bu gün onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər. Murmanskda da Heydər Əliyevin xatirəsi yad edilib. Mərasimdə həmvətənlərimiz, Rusiya Federasiyasının Murmansk şəhərinin digər milli diasporlarının fəalları iştirak ediblər. Tədbir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şanlı həyat yolunu əks etdirən fotoxronika kadrlarının nümayişi ilə başlayıb.
Sonra iştirakçılar Azərbaycandan Heydər Əliyevə həsr olunmuş televiziya verilişinə baxıblar. Tədbiri açan ÜAK-ın Murmansk şöbəsinin sədri, regionun İctimai palatasının üzvü Afil Hüseynov Heydər Əliyevin təkcə Azərbaycan dövləti qarşısında deyil, həm də keçmiş SSRİ qarşısında böyük xidmətləri olduğu bildirib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31